YƏHUDİ QARABAĞ ŞƏHİDİmizin adına KÜÇƏ veriləcək - FOTO
Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev paytaxtımızda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adının əbədiləşdirilməsi üçün Bakı şəhəri icra hakimiyyətinə müraciət edib. Musavat.com xəbər verir ki, müraciətlə tanış olan Hacıbala Abutalıbov Nərimanov rayonundakı küçələrdən birinin adının dəyişdirilməsi ilə bağlı sərəncam verib. Sərəncama əsasən Nərimanov rayonu Aşıq Molla Cümə küçəsi ilə Əhməd Rəcəbli küçəsi arasındakı adsız küçəyə Azərbaycanın Mili Qəhrəmanı Albert Aqarunovun adı veriləcək. Sərəncamda lövlənin vurulması üçün Əmlak Məsələləri Dövlət Komitəsindən xahiş edilməsi və nəzarət üçün Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevə tapşırıq verilməsi qeyd olunub. Qeyd edək ki, Albert Aqarunov Yəhudi əsilli Azərbaycan milli qəhrəmanıdır. O, 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olub. (Musavat.com)