AFRİN əməliyyatı və TÜRKLƏRin “QIZIL ALMA”sı
Türk mifologiyasındakı “qızıl alma” Afrin əməliyyatının simvoluna necə çevrildi? Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçəli Afrin əməliyyatı ilə bağlı maraqlı bir açıqlama yayıb. Baxçəli twitter" səhifəsində “Zeytun budağı” əməliyyatı ilə bağlı “Qızıl alma” ibarəsi ilə bağlı izahat yazıb. MHP sədri yazıb ki, Afrində irəliləyən Türkiyə ordusu əsgərlərinə “istiqamət haradır” soruşanlara “Qızıl alma” deyə cavab verən əsgərlər dövlət və milləti yaşadanlardır. Eyni zamanda Baxçəli “Qəzəl alma”nı sirk olaraq görənləri “münkirlər” deyə adlandırıb. “Qızıl alma” qayədir, qayəsi olmayanlar onu anlamaz. “Qızıl alma” aləmə nizam iradəsinin təzahürüdür. İradəsizlər onu tanıya bilməz. “Qızıl alma” türk millətinin cahana hakimiyyət məfkurəsi və simvoludur, türk düşmənləri bunu tanıda bilməz". Məlum olduğu kimi, Türkiyənin daxilində “Zeytun budağı” əməliyyatını provokasiya edən qruplar var. Artıq Türkiyə polisi Afrin əməliyyatı əleyhinə təbliğat aparan yüzlərlə şəxsi həbs edib. Görünən odur ki, ölkə daxilində provokatorlar çoxdur. MHP sədrinin yazısı da məhz bu provokatorları hədəfə alıb. Ancaq eyni zamanda bu yazıda diqqəti “qızıl alma” mövzusu cəlb edir. Nədir “qızıl alma”?
Qeyd edək ki, “qızıl alma” termin olaraq mifoloji kökləri olan, türk tarixi ilə əlaqədar bir məfhumdur. Türk mifologiyasında “qızıl alma” türklərin, xüsusən də oğuz türklərinin haqqında düşündükcə uzaqlaşan və uzaqlaşdıqca da cazibəsi artan qayə və xəyalları simvolizə edir. Türk millətçilərinin məşhur simvolu olan “qızıl alma” obrazı türk dövlətlərinin hədəf və məqsədlərinin simvoludur. Və əsasən fəth edilməsi lazım olan, arzulanan torpaqlar kimi anlaşılır. Bəzi vaxtlarda bu obraz dünya hakimiyyətini simvollaşdırıb. Osmanlı fəthləri dönəmində “qızıl alma” Avropa yürüşünün simvollarından biri olub. Daha çox yeniçərilər arasında məşhur olub.
Bu iki sözün özünün xüsusi mənası var. Qızılı rəng türklərdə qiymətli, uğur gətirən rəng sayılır. Alma isə mistik məfhuma sahib olan, bolluq, bərəkət, şəfa mənbəyi hesab edilən bir meyvədir. Ancaq bir başqa yozuma görə, buradakı sarı (qızılı) alma meyvəni deyil, qədim türklərdə Günəş və Ayı simvolizə edir. Bu işarə daha çox qədim türk tayfalarının bayraqlarına yer alıb. Həmin simvol ilk dəfə Orta Asiya türkləri arasında doğulub, Ergenekon dastanında türkləri qapalı məkandan kənara çıxmaları və itirilmiş qədim yurdu geri qaytarmalarını əks etdirir. Oğuzların Xəzər Xaqanının ipək çadırı üzərindəki hakimiyyətini simvollaşdıran qızıl topu və ya qızıl almanı ələ keçirməyi özlərinə hədəf elan etdikləri qeyd olunur. Müasir dövrdə “qızıl alma” türk milliyyətçilərinin əsas simvollarından hesab olunur, əsas məqsədi, hədəfi simvollaşdırır. Bu terminin Afrinə hücum edən Türkiyə əsgərlərinin dilindən səsləndirilməsi bir neçə məqama görə diqqəti çəkir. Birincisi, bu simvolun ortaya çıxması göstərir ki, Afrində savaşan türk əsgərləri arasında türk millətçiliyi ideyası çox güclüdür. Bunu savaşa gedən əsgərlərlə bağlı digər kadrlar da göstərir. Aydın olur ki, cənub-şərq vilayətlərində olduğu kimi, Afrində də döyüşə gedənlər milliyyətçi gənclikdir. Və bu insanlar təsadüfi adamlar deyil, bəlli bir ideoloji fikrə sahib olan şəxslərdir.
Digər tərəfdən, Baxçəlinin yazısından həm də o aydın olur ki, Afrin əməliyyatının ideoloji kursu Türk milliyyətçilərinə məxsusdur. Və bu əməliyyat sıradan bir sərhəd əməliyyatı deyil, ciddi ideoloji bazası olan milliyyətçi bir mübarizədir. Digər tərəfdən, Türkiyədə milliyyətçi şüar olan “qızıl alma”nın hədəfə alınması, bəzi dairələrdə bu ideologiyaya qarşı olanların varlığını göstərir. Burada həm də dövlətin içərisində milliyyətçi axının güclənməsinə olan təpki və ona Baxçəlinin reaksiyası da diqqəti çəkir. Qeyd edək ki, MHP başqanı məhz 2016-cı il olaylarından sonra hakimiyyətlə yaxınlaşmaqla dövlət içərisində milliyyətçi xəttin güclənməsinə və ağırlıq təşkil etməsinə nail olub. Afrin əməliyyatındakı “qızıl alma” simvolu və ona olan reaksiyalar da bunu bir daha göstərdi. (“Yeni Müsavat”)