Məktəbə HİCABLA getmək olmaz... - Amma YARIÇILPAQ getmək olar?

Related image 

Ağa Hacıbəyli:”Hicab Azərbaycan qadınını əsla geriliyə aparmır, əksinə...”

Son onilliklərdə  ölkəmizdə bir neçə dəfə ciddi şəkildə gündəmə gətirilmiş tədris müəssisələrində hicab məsələsi hələ də özünün tam həllini tapmayıb. Hələ də bir sıra orta və ali məktəblərdə müsəlman qızların dərslərdə hicabla iştirakına qadağa qoyulur. Halbuki, bir çox Avropa ölkələrində, ABŞ-ın bəzi ştatlarında, hətta Rusiyanın bir sıra vilayətlərində belə, şagird və tələbələrin məktəblərə hicabla gəlməsinə icazə verilib...
Dünya xanımlarına  ən gözəl nümunə olan Peyğəmbər(s) qızı Fatimeyi-Zəhranın şəhadətini xatırladığımız bu günlərdə yenidən bəzi dairələr tərəfindən müsəlman qadının bir atributu kimi tanınan hicaba qarşı kampaniyalar başlandığı hiss olunur.  Bu dəfə guya bəzi müsəlman valideynlərin qızlarının hicablı olduğu üçün digər şagirdlərdən üstün sayması barədə iddialar səslənir...
Əvvəla,  məktəblərdə hicab məsələsi barədə ortaq məxrəcə gəlinməməsinin əsas səbəblərindən biri də Azərbaycanda islami elitanın zəifliyidir. Nə Qafqaz Müsəlmanları İdarəsi, nə də ayrı-ayrı tanınmış din xadimləri və ilahiyyatçılar öz arqumentlərini ciddi şəkildə ortalığa qoymurlar və ya nədənsə ehtiyat edirlər...
Doğrudur, kiminsə yalnız ritualları yerinə yetirdiyinə, həmçinin hicab geyindiyinə görə, özünü və ya övladını digərindən üstün sayması da doğri deyil. Amma əsas olan məsələnin digər tərəfləridir. Biz əgər demokratik ölkədə yaşadığımızı deyiriksə, onda bəs niyə kiminsə geyim tərzinə qadağa qoyuruq? Heç kəs demir ki, Azərbaycanda da İranda, Səudiyyyə Ərəbistanında və s. olduğu təki qadınların hamısı zorla hicaba bürüdülsün. Çünki  Qurani-Kərimdə buyrulduğu kimi İslamda da zorakılıq yoxdur. Lakin əksini də etmək,  qızlara məktəblərə hicabla getməyə, hicabla şəxsiyyət vəsiqəsi üçün şəkil çəkdirməyə qadağa qoymaq da demokratik dəyərlərə zidd deyil məgər? 
Bəli, biz dünyəvi dövlətdə yaşayırıq və dövlətin qəbul etdiyi qanunlara tabe olmalıyıq. Yaxşı, müsəlman qızları məktəbə hicabla getməsin, hicabla şəxsiyyət vəsiqəsinə hicablı foto çəkdirməsin- razıyıq. Amma digər bir məsələ var. Axı müstəqil, milli dövlətimiz həm də xalqımızın milli, əxlaqi dəyərlərini qorumalıdır. Bəs elə isə nəinki şagird və tələbələrin, eləcə də müəllimlərin orta və ali məktblərə Azərbaycan qadınına yaraşmayan dar və cırıq-curuq şalvarlarda, yaxud həddindən artıq gödək ətəklərdə gəlməsi ətrafında niyə belə ajiotaj yaratmırıq? Niyə  Təhsil Nazirliyi ciddi şəkildə məktəb rəhbərlikləri qarşısında vəzifə qoymur ki, belə antimilli geyimlərə qarşı təbliğat aparılsın? Məktəblərdə müəllimələr üçün  milli əxlaqımıza uyğun, müəllimə yaraşan ciddi geyim nümunələri təqdim edilsin. Doğrudur, barmaqla sayılası məktəblərdə belə nümunələr var. Amma çox azdır. Bəzi məktəblərdə hətta qadın direktorun və onun müavinlərinin özləri belə,  şagrdlərinin qarşısına biabırçı yarıçılpaq geyimlərdə zahir olurlar. Üstəgəl, 12-17 yaşlı yeniyetmə və gənc qızların belə geyimləri... Bu mənzərəni müşahidə edən kişi müəllim və yetkin oğlan şagirdlərdə şəhvət hissinin oyanmasını, onların fikirlərinin tədris prosesindən yayınmasını da təbii saymaq lazımdır...  Ötən ilki qəbul imtahanlarında oğlan abituriyentlərdən bəziləri onların sualları düzgün yazmamasına səbəb olan amillərdən biri kimi nəzarətçi müəllimələrin mini-ətək geyinmələrini göstərmişdi. Elə bu günlərdə Bakının tarixən ən məşhur məktəblərindən birində 11-ci sinifdə oxuyan oğlanın  7-ci sinif şagirdi olan qıza qarşı əxlaqsız hərəkətini   də belə amillərlə əlaqələndirmək lazımdır. Yəni  milli əxlaqımıza zidd geyim formalarının tədris müəssisələrində təlim-tərbiyə və tədrisə bilavasitə təsir göstərməsi ilə razılaşmaq gərəkdir...  
Xülasə, sual meydana çıxır: “Məktəbə hicabla getmək olmaz, amma yarıçılpaq getmək olar?..”
Tanınmış ilahiyyatçı Ağa Hacıbəyli məsələ ilə  bağlı Moderator.az-a açıqlamasında Azərbaycan qadınının nəinki dini, həm də milli baxımdan geyim tərzinə diqqət etməli olduğunu vurğuladı:
“Hicab Allahın əmridir. Onunla bağlı Quranda ayə var. Hər bir müsəlman da Allahın buyuruqlarına dəyər verməlidir. Quran isə elə bir kitabdır ki, çağlar, zamanlar qocalsa da, o, daim gəncdir və gəncləşir. Quran, İslam heç də tərəqqinin elmin əleyhinə deyil. Bu gün kainatla, insanla bağlı elə açılmayan sirlər var ki, dünya alimləri orada Quran ayələrinə dayanmağa məcbur olurlar. Və ta Qiyamətədək Quran öz əzəmətini, böyüklüyünü qoruyub saxlayacaq. Hicab məsələsinə gəldikdə, əlbəttə, dünyəvi hüquqi bir dövlətdə yaşayırıq. İnsan haqlarına dəyər verilməli olan bir ölkənin sakinləriyik. Ümid edirik ki, dövlətimiz məktəblərdə hicab məsələsinə bir daha baxacaq. Yəni dinimizdə məcburiyyət olmadığı kimi, dünyəvi işlərdə də zorla hər hansı bir qərarı qəbul etdirmək  çox vaxt baş tutmur. Hamımız istəyirik ki, Azərbaycan iqtisadi, elmi, hərbi baxımdan dünyanın ən güclü dövləti olsun. Amma bilmək  gərəkdir ki, hicabın elmi inkişafın, tərəqqinin qarşısını alması fikri doğru deyil...
İlahiyyatçı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Gövhər Baxşəliyanın Modern.az-a açıqlamasında “Bugünkü Azərbaycan qadını üçün hicab geriyə doğru addımdır” fikrini səsləndirməsinə də münasibət bildirdi:”Hicaba girmək qətiyyən gerilik mənasına gəlmir. Əksinə, hicab müsəlman qadını irəli aparacaq örtüsüdür, evidir. Axı kainatda örtüsüz, qoruyucusuz heç bir canlı yoxdur. Allah gözümüzü yaradıb, ona da qorunmaq üçün bir qapaq qoyub. Bədənin dərisini insan üçün bir qalxan yaradıb. Əgər bədənin dəri qatı olmasaydı, insan 2-3 gün yaşaya bilməzdi. Bədənin dərisi nədirsə, mənəviyyat baxımından bir xanımın hicabı, baş örtüsü də odur.  Əslində hicab Allahın “Səttar”(eyibləri örtən, gizlədən) isminin bir təcəllisidir. Başına hicab geyinən  bir xanım əslində Allaha deyir ki, ya Rəbbi, mən ömrüm boyu sənin əmrlərini başımda daşıyacağam, bütün əxlaqi normalara riayət edəcəyəm. Hərçənd,  yüzlərlə, minlərlə qadın hicabın əsl mahiyyətindən bixəbər ola bilər. Bu mümkündür. Ancaq bütün hallarda millətimizin, Azərbaycan xalqının yetkin qız, qadın övladının yarımçıq bir bədən örtüyünə malik olmasına, məsələn, dizdən yuxarı bir ətəklə görünməsinə də yol verilməsini istəməzdik. Həmin övladlarımız, bacılarımız anlasa ki, onun nəsli, onun milləti, onun dədə-babaları zaman-zaman bu milli dəyərlərimiz uğrunda can verib, şəhid olub, onlar  əsla belə yanlış yola düşüb yanlış  formalarda geyinməz... 
A.Hacıbəyli müasirliyi qəbullanmaq xatirinə milli dəyərlərimizi, milli geyim formalarımızı ayaqlar altına salmağın, xərcləməyin qətiyyən doğru olmadığını vurğuladı:
Millətimizin gözəl milli geyimləri var. Təəssüf ki. Onlar yalnız milli bayramlarda, tədbirlərdə yada düşür. Demirik ki, bütün qadınlarımız eynən milli geyimlərimizə qayıtsın. Amma hər şeyin bir həddi var. Nə oldu ki, yad kişilərin hüzurunda   nəinki başlarına örtü, dodaqlarına  belə yaşmaq çəkən abırlı-həyalı nənələrimizin nəvələri son 30-40 il ərzində dəyişərək özgə kişilərin qarşısına dizi açıq, kürəyi, sinəsi açıq vəziyyətdə çıxır? Bəli, çağın, zəmanənin tələblərinə açıq olmaq çox gözəldir. Amma yad  mənəviyyatı, əxlaqı qəbul edərək milli dəyərləri tapdamaq, özümüzün keçmişdən gələn dəyərlərimizi də xərcləmək doğru deyil. Axı milli dəyərlərimiz bizim sərvətimizdir... Odur ki, məktəbli, tələbə qızlarımızın geyim məsələsində biz daim milli ruhu, eyni zamanda dini ruhu  diri tutmalıyıq.  
Yaradan hicabla bağlı açıq deyir ki, qadınların zinət yerləri örtülü olmalıdır. Allahdan bu əmr Quran ayəsi şəklində  628-ci ildə gəlib. Bundan dərhal sonra Peyğəmbərimizin(s) xanımları və bütün müsəlman qadınlar hicabı qəbul ediblər. Hicab əsrlər boyu digər müsəlman xalqlar kimi  Azərbaycan xalqının da geyim tərzi olub. Müasir dövr deyilən son 30-40 il ərzində xanımlarmızın, bacılarımızın, övladlarımızın milli dəyərlərimizdən uzaqlaşması bu xalqa heç bir fayda gətirməyəcək... Onsuz da biz bilirik ki, qloballaşan çağdaş dünyada bir mədəniyyətin digər mədəniyyətlərə qan qusdurduğu bir dövrdə yaşayırıq. Bu gün geyim formamızı, güzəştə gedək, sabah süfrəmizi verək, o biri gün digər dəyərlərimizi verək... O halda bəs özümüzə, öz xalqımıza, millətimizə xas olan, bizi bir milət kimi fərqləndirəcək nəyimiz qalacaqdır... Bu mənada Azərbacanda özünü azərbaycanlı, müsəlman hesab edən  hər kəsin, xüsusən də din adamlarının bu məsələdə mövqeyi açıq olmalı, Quran mövqeyindən olmalıdır... Və təbii bir sual meydana çıxır: bizim Kitabımız Qurandır, bəs övladlarımızı Kitabımıza bağlı hökmlərdən çəkindirməyə çalışan adamlar kimin kitabındakı əmrlərə əməl edirlər?..”Sultan Laçın
AzerTaym.az
 






Fikirlər