Xəritəni dəyişdirəcək BÖYÜK MÜHARİBƏ, qeyri-mümkün SXEM...
Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun beynəlxalq axtarışa verilməsi təklif edilib. Türkiyə ilə Cənubi Kipr və Yunanıstan arasında Şərqi Aralıq dənizində uzun müddətdir yaşanan gərginlik son günlər daha da artıb. ABŞ Suriya ordusunu hərbi güc tətbiq etməklə hədələyib. Vaşinqton Suriyanın şərqindəki bəzi güclərin Afrinə getdiyini etiraf edib. ABŞ prezidenti Donald Trampın Yaxın Şərq probleminin nizama salınması üzrə planı demək olar ki, hazırdır. KXDR-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq edilə bilər. Ermənistanın “Adi soyqırım” təşkilatının rəhbəri Marina Qriqoryan Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov və Milli Qəhrəman Şahin Tağıyevin beynəlxalq axtarışa verilməsini təklif edib. Qriqoryanı belə təkliflə çıxış etməsinə səbəb Azərbaycan Baş Prokurorluğunun Ədalət və Demokratiya Naminə Avropa Erməni Federasiyasının rəhbəri Kaspar Karampetyanın Ermənistan-Azərbaycan sərhədini qanunsuz keçdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərarı səbəb olub. “Mən sadəcə təəccüblənirəm ki, niyə bu 30 il ərzində biz Xüsusi Təyinatlı Milis Dəstəsinin komandiri Şahin Tağıyevi beynəlxalq axtarışa verməmişik. O, Azərbaycanın birinci Milli Qəhrəmanı oldu. Bu gün o, İsveçdə rahat yaşayır. Mən dəfələrlə söyləmişəm ki, o, həbsxanada olmalıdır”. Onun sözlərinə görə, 1990-cı ildə Bakıda qarışıqlıqlar zamanı Azərbaycanın baş naziri olan Ayaz Mütəllibovu da beynəlxalq axtarışa vermək lazımdır. “Bu yaz həm terror təşkilatları, həm də onları dəstəkləyənlər üçün çox isti keçəcək. Əvvəl Münbiçi təmizləyəcəyik, sonra da “Fərat Qalxanı” bölgəsini təhlükəsiz vəziyyətə gətirənə kimi yolumuza davam edəcəyik. Biz bu yola baş qoyduq, bu yolda başını qurban verməyə hazır olanlar varsa, “meydana gəlin” deyirik”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) vilayət liderləri ilə görüşündə deyib. Bu səhər etibarilə Suriyanın Afrin bölgəsində 1873 terrorçunun məhv edildiyini və 415 kvadrat kilometrə yaxın ərazinin PYD terror təşkilatından təmizləndiyini deyən prezident Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun addım-addım Afrinə doğru irəlilədiyini bildirib. “Bölgədəki əsas strateji təpələr böyük ölçüdə terrorçulardan təmizlənib. Əməliyyatın bundan sonrakı hissəsinin daha sürətlə davam edəcəyini gözləyirik. Afrinin şəhər mərkəzi tezliklə mühasirəyə alındıqdan və terrorçuların ətrafla təması kəsildikdən sonra yeni bir strategiya ilə hərəkat edəcəyik”, - Ərdoğan söyləyib. Türkiyə ilə Cənubi Kipr və Yunanıstan arasında Şərqi Aralıq dənizində uzun müddətdir yaşanan gərginlik son günlər daha da artıb. Qaz axtarışları üçün Cənubi Kipr sahillərinə göndərilən İtaliyanın ENİ şirkətinə aid “Saipem 12000” gəmi-platformanın Türkiyənin döyüş gəmilərindən biri ilə toqquşmadan son anda yayına bildiyi ortaya çıxıb. Suriya ordusuna qarşı hərbi güc tətbiq edə bilərik. Bunu Çikaqo Universitetində çıxışı zamanı ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Nikki Heyli söyləyib. “Biz böhranın hərbi yolla həllini istisna etmirik. Biz Suriya konfliktinin mərkəzində olmaq istəmirik, amma bütün mümkün olanları etmək niyyətindəyik ki, insanların kimyəvi hücum təhdidindən qoruya bilək. ABŞ Moskvanın Prezident Bəşər Əsədi müdafiə etməkdən imtinası üçün Rusiyaya təzyiqlərini davam etdirir”, – deyə o bildirib. “Suriyanın şərqində bizimlə çalışan bəzi güclərin (söhbət PKK/YPG terror təşkilatından gedir –red.) Afrinə getdiyini görürük”. Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert mətbuat konfransında söyləyib. “Suriyanın şərq hissəsində İŞİD terror təşkilatına qarşı döyüşən güclər Afrinə doğru hərəkət edirlər. Afrində baş verənlər diqqəti İŞİD-ə qarşı mübarizədən yayındırır”, - o deyib. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Suriyanın Afrin bölgəsində yanvarın 20-dən “Zeytun budağı” əməliyyatı həyata keçirir. YPG Afrindəki itkiləri Suriyanın digər bölgələrindəki döyüşçülərin hesabına kompensasiya etmək istəyir. Artıq YPG-nin Afrinə keçən bir neçə qrupu qeydə alınıb. Onların bir hissəsi isə Türkiyə Silahlı Qüvvələri tərəfindən aşkarlanaraq məhv edilib. ABŞ prezidenti Donald Trampın Yaxın Şərq probleminin nizama salınması üzrə planı demək olar ki, başa çatdırılıb. Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Hikki Heyli Çikaqo Universitetinin Siyasət İnstitutunda çıxışında bildirib. O əlavə edib ki, israillilər və fələstinlilər “planı sevməyəcəklər, həm də ona nifrət etməyəcəklər”. “Administrasiya planı bitirir. Onu tezliklə təqdim edəcəklər. Planı münaqişə tərəflərindən heç biri sevməyəcək, həm də ona nifrət etməyəcək”, - diplomat deyib. Heylinin sözlərinə görə, Trampın məsləhətçisi Cared Kuşner və beynəlxalq danışıqlar üzrə ABŞ-ın xüsusi nümayəndəsi Ceyson Qrinblatt hələ bir neçə variant arasında tərəddüd edir. “Dövlət administrasiyası faktiki olaraq Moskvanı razılaşmağa çağırır ki, BMT-nin sülhməramlıları Donbasda işğal ordusu rolunu oynasınlar və onu nəlbəkidə Kiyev rejiminə versinlər. Nəticədə, Kiyev Donbasda çoxdan nəzərdə tutulmuş təmizləməni həyata keçirəcək”. Bunu ABŞ-ın Dövlət Departamentinin bəyanatını şərh edən Rusiyanın Federasiya Şurasının üzvü Aleksey Puşkov bildirib. O qeyd edib ki, belə sxem qeyri-mümkündür və Dövlət Departamenti bunu vaxtında anlamalıdır. Rusiya xüsusi xidmət orqanları yaxın zamanlarda Ukrayna Provaslav Kilsəsinin dini təşkilatlarından provokasiya, dini məbədlərin ələ keçirilməsi üçün istifadə edəcək. Bunu jurnalistlərə açıqlamasında Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərinin müavini Viktor Kononenko söyləyib. “Onlar Ukraynadakı dini məbədləri ələ keçirməyi planlaşdırırlar. Bununla onlar Ukrayna Provaslav Kilsəsinə inananlar arasında konflikt yaratmaq istəyirlər”, – deyə o bildirib. Bir neçə il sonra böyük müharibə başlayacaq. Bunu ZİK televiziyasına müsahibəsində ukraynalı deputat Nadejda Savçenko söyləyib. Onun sözlərinə görə, bu müharibə Ukrayna, Rusiya və Avropaya təsir edəcək: “Sülhməramlı missiya Donbas problemini həll etmək gücündə deyil. 4-5 il sonra bizi böyük müharibə gözləyir. Burada təkcə Ukraynanın yox, Rusiya və Avropanın da sərhədləri bölünəcək. Təəssüf ki, Ukrayna poliqon olacaq”. ABŞ Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı yeni genişmiqyaslı sanksiyaları tətbiq etməyə qərar verib. Bu haqda Ağ Evdəki şəxsi mənbələrə istinadən “Röyters” agentliyi yazıb. Söhbət Şimali Koreyaya qarşı sanksiyaların ən böyük paketindən gedir. Hədəf KXDR-i nüvə proqramından imtina etməyə və denuklerizasiya prosesinə başlamağa məcbur etməkdir. Gözlənilir ki, ABŞ prezidenti Donald Tramp mühafizəkar siyasi güclərin nümayəndələrinin konfransında çıxış zamanı yeni sanksiyalar haqqında danışacaq. Konfrans bu gün keçiriləcək. Maliyyə Nazirliyi daha sonra detalları dərc edəcək. Yanvarın əvvəlində Donald Tramp bildirib ki, Şimali Koreyaya qarşı tətbiq edilən sanksiyalar artıq öz təsirini göstərməyə başlayıb, xüsusi halda, Pxenyan Seulla dialoqa başlamağa məcbur olub.Müharibəyə səbəb olacaqdı – Hadisənin təfərrüatları ORTAYA ÇIXDI
Moskva ABŞ-ın ssenarisini RƏDD ETDİ