Azərbaycan GENERALINDAN MÜHARİBƏ anonsu – Bakı KRİTİK HAZIRLIQ içində
Bakıdan İrəvana hədə kimi son xəbərdarlıq; Müdafiə Nazirliyi erməni generalın özündən razı bəyanatını alt-üst elədi: “Müharibə başlasa işğalçı ordu darmadağın ediləcək, erməni xalqı qaçılmaz faciəyə tuş gələcək...” 2018-ci ilin 3-cü ayı bitmək üzrə olsa da, Qarabağ danışıqlarında real dönüş nəzərə çarpmır. Bu da sövq-təbii müharibə ehtimalını gücləndirməkdədr. Maraqlıdır ki, son vaxtlar bu yöndə nüfuzlu əcnəbi siyasi və hərbi ekspertlər səviyyəsində də tez-tez xəbərdarlıqlar səslənməkdədir. Ərazisinin 20%-i işğal altında olan Azərbaycanın yaranmış durumda öz hərbi qüdrətini, ordusunun döyüş hazırlığını durmadan artırmaqdan savayı yolu qalmır. Münaqişə zonası ilə həmsərhəd bölgələrdə təzəcə başa çatan və maksimum döyüş şəraitinə yaxın şərtlər altında keçirilmiş genişmiqyaslı hərbi təlimlərdə əsas hədəf də məhz bu idi. “Yeni Müsavat” xatırladır ki, ordumuzun məhz son böyük hərbi təlimləri və bu təlimlərdə qarşıya qoyulan hədəflər düşmən tərəfi heç vaxt olmadığı qədər təlaşlandırıb. Bir sıra yerli və rusiyalı analitiklər Azərbaycanın bu təlimlərlə əslində cəbhə bölgəsinə ordu yeritmək niyyəti güddüyünü xüsusi qeyd ediblər. Yəni müharibə üçün “baş məşq” məsələsi. Onu qeyd edək ki, apreldən etibarən hərbi əməliyyatlar üçün ən əlverişli mövsüm gəlir. Bir sıra politoloqlar bu xüsusda Azərbaycanda və Ermənistanda aprel (11 və 9 aprel) seçkilərinin yekunlaşmasından sonra da sülh danışıqlarında real dönüş olmayacağı təqdirdə hərbi əməliyyatlar ehtimalının yüksək olduğunu düşünürlər. ***** Müharibə xofu isə ən çox erməni tərəfdə yaşanır. Bu da səbəbsiz deyil. Çünki Ermənistan rəhbərliyi 2016-cı ilin 4 günlük aprel savaşında atəşkəs dövründə ilk dəfə işğalçı qüvvələrin uğradığı məğlubiyyətin acısını unutmayıb. Həmin uğurlu blits-savaş Azərbaycanın Ermənistandan hərbi üstünlüyünü açıq şəkildə ortaya qoymaqla yanaşı, ordumuzun qısa zamanda ərazilərimizi azad eləmək potensialını da nümayiş etdirdi. Ən önəmlisi, Azərbaycan xalqı böyük hərbi qələbəyə misilsiz inam əldə elədi. O zaman Azərbaycan qüvvələrinin irəliləməsinə Rusiya amili mane oldu. Amma bu dəfə Kreml qarışmaya da bilər. Söz düşmüşkən, az öncə KTMT Silahlı Qüvvələri Birləşmiş Qərargahının rəis müavini, general Anatoli Sidorov erməniləri məyus edən belə bir açıqlama verib və fikrini də bu cür əsaslandırıb ki, “Dağlıq Qarabağ KTMT-nin məsuliyyət zonasna daxil deyil”. Görünür, bu və digər səbəblərdən prezident Serj Sərkisyan başda olmaqla, Ermənistanın siyasi və hərbi rəhbərliyi vaxtaşırı öz toplumunu sakitləşdirmək, apreldən sonra ölkədən güclənən kütləvi köçü səngitmək və orduya çağırışçı probleminin daha kəskin xarakter almasını önləmək üçün populist bəyanatlar verməli olurlar.
O sırada Ermənistan silahlı qüvvələrinin qərargah rəisi, general Movses Akopyan da var. “Yeni Müsavat” xatırladır ki, bir neçə gün öncə o, Ermənistan ictimai televiziyasına müsahibəsində Azərbaycanı Qarabağda müharibəyə başlamaqdan çəkindirən əsas amilin guya “erməni ordusunun hazırlığı” olduğunu deyib. Akopyanın sözlərinə görə, Azərbaycan əmin olsa ki, hərbi yolla məsələni həll edəcək, o zaman heç kimə məhəl qoymadan hücuma keçəcək. Halbuki Azərbaycan özündən əminliyini və gücünü iki il qabaq əyani nümayiş etdirib - bunu kim bilməsə də o vaxt Qarabağda gizlənməyə yer axtaran Movses Akopyan hamıdan yaxşı bilir. ***** İstənilən halda erməni generalın özündənrazı açıqlamasına Azərbaycandan cavab gecikməyib. Azərbaycanın müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev Akopyanın son müsahibəsini şərh edərkən deyib ki, ordumuzun başlayacağı hərbi əməliyyat Ermənistan silahlı qüvvələrinin tam darmadağın olmasına və erməni xalqının qaçılmaz faciəsinə səbəb olacaq.
General xüsusi qeyd edib ki, bu cür məsuliyyətsiz bəyanatlarla Ermənistan silahlı qüvvələrinin rəhbərliyi gələcəyinə inamını itirən erməni xalqını aldatmaqda davam edir: “Hamıya məlumdur ki, Ermənistan prezidenti Serj Sərkisyan çıxışlarından birində öz bacarıqsızlıqlarına haqq qazandırmaq məqsədilə aprel döyüşlərində keçən əsrin 80-ci illərinin istehsalı olan silah və texnika ilə vuruşduqlarını etiraf etmişdi. Odur ki, bir-iki il ərzində cəmi 2-3 top və bir raket sistemi əldə etməklə yeni silahlanmadan qürrələnərək guya Azərbaycan ordusuna ciddi itkilər verməyin mümkünlüyü barədə M.Akopyanın səsləndirdiyi fikirlər də cəfəngiyyatdır”.
K.Vəliyev deyib ki, ən güclü iqtisadiyyata və maliyyə imkanlarına malik olan qüdrətli dövlətlər belə, qısa zamanda ordunun silahlanmasını tam yeniləməyə qadir deyil: “Dilənçi payı və kredit hesabına yaşayan Ermənistan rəhbərliyinin isə bu barədə bəyanatlar səsləndirməsi belə gülüncdür. Akopyan müsahibəsində Ermənistan ordusunun döyüş hazırlığı, cəbhə xəttindəki vəziyyət, döyüş əməliyyatlarının başlaması perspektivləri, guya Azərbaycan ordusunun həmlələrinin qarşısını ala biləcəklərini də dilə gətirir. Bunu isə M.Akopyan həyata keçirmək niyyətində olduqları ”ordunun 7 illik modernizasiya proqramı" ilə əlaqələndirir. Pərən-pərən olan cəmiyyət, dağılan iqtisadiyyat, faciəvi demoqrafik vəziyyət, mənəviyyatı çökmüş erməni ordusunun hökm sürdüyü Ermənistanda belə proqramların həyata keçirilməsindən danışmaq belə fantastikdir". Azərbaycanlı general əlavə edib ki, əvvəllər müdafiə haqqında öz xalqına nağıllar danışan Ermənistan hərbi rəhbərliyi “keçilməz Ohanyan xəttindən” bəhs edirdisə, indi də ortalığa atdıqları “Sərkisyan xəttindən” dəm vurur.
“Əslində isə aprel döyüşləri göstərdi ki, münaqişənin həlli mümkündür və xalqımızın torpaqlarımızı azad etmək əzminin qarşısı heç bir sədlə alına bilməz. Sadəcə olaraq, Azərbaycan münaqişənin beynəlxalq hüquq norma və prinsipləri əsasında həll olunmasının tərəfdarıdır və bunun mümkünlüyünə inanır. Ancaq məsələ sülh yolu ilə həll edilməzsə, Azərbaycan istənilən güc və vasitə ilə ərazi bütövlüyünün təmin edilməsi hüququndan mütləq istifadə edəcək. O zaman Azərbaycan ordusunun başlayacağı hərbi əməliyyat Ermənistan silahlı qüvvələrinin tam darmadağın olmasına və erməni xalqının qaçılmaz faciəsinə səbəb olacaq”, - deyə general düşmən tərəfə xəbərdarlıq edib. Buna şübhə yox. Ən əsası, aprel qələbəsindən böyük stimul alan və məğlubiyyət kompleksindən qurtulan Azərbaycan xalqı öz ordusunun arxasındadır, savaşa hazırdır... “AzerTaym.az”