XARİCİ BORCUMUZ hansı həddədir - MÜZAKİRƏ...
Azərbaycanın xarici borcu gündən-günə artmaqdadır. Digər tərəfdən, öncəki illərdə götürülən borc öhdəliklərinin ödənilmə zamanı çatdığından, 2018-ci ildə isə Azərbaycan müstəqillik əldə etdiyi dövrdə ilk dəfə olaraq büdcə vəsaitlərinin 10%-ni xarici borcun bağlanmasına yönəldəcək. Onu da qeyd edək ki, 2017-ci ilin sonuna dövlət borcunun ümumi məbləği 17 milyard manat, 2017-ci il üzrə ÜDM-ə nisbəti 24,3 faiz, adambaşına düşən borc isə manat ifadəsi ilə 1718,3 manat təşkil edib. Ümumi dövlət borcu məbləğinin 93,9%-i xarici dövlət borcuna aiddir. Belə ki, 4 il öncə xarici borcun ÜDM-in cəmi 8%-nə bərabər olduğu halda, indi bu rəqəmi 22% təşkil edir. Buna səbəb həm də dövlət borcunun düzgün hesablanmamasıdır. Belə ki, bir çox qurumların dövlət zəmanəti ilə aldıqları borcları da son nəticədə dövlət ödəməli olduğu üçün əslində onlar da dövlət borcu kimi hesablanmalıdır. “Yeni Müsavat”a açıqlamasında mövzu ilə bağlı fikirlərini səsləndirən iqtisadçı ekspert Rəşad Həsənov vurğuladı ki, Azərbaycanın xarici borcunun artması son günlər ən çox müzakirə olunan məsələlərdən biridir: “Bəziləri müqayisəni inkişaf etmiş ölkələrlə və ya Yunanıstan, İtaliya kimi inkişaf etmiş ölkələrlə aparırlar. Onların xarici borc öhdəlikləri ümumdaxili məhsuldan bəzi hallarda dəfələrlə artıqdır. Dünyanın ən güclü və iqtisadi baxımdan yüksək inkişafa malik ölkəsi olan ABŞ-ın belə xarici borc öhdəlikləri ümumdaxili məhsuldan artıqdır, ÜDM-n 105 faizinə bərabər həcmdədir. Ancaq bu məsələ fərqli yanaşma tələb edir. Azərbaycana baxanda situasiya dəyişir. Bu ölkələrin iqtisadiyyatı inkişaf edib və yüksək əlavə dəyər yarada bilir. Azərbaycan iqtisadiyyatı isə bir resursdan asılı olan bir iqtisadiyyatdır. Belə bir iqtisadi modeli olan ölkənin xarici borc öhdəlikləri ilə bağlı müqayisə apararkən daha diqqətli olmaq lazımdır. Çünki burada öhdəliklərin icra edilməsi ilə bağlı əsas qaynaq həmin resursun, yəni neftin qiymətidir. Neftin qiymətinin düşməsi ona gətirib çıxardı ki, 2014-cü ildən sonra Azərbaycan öz öhdəliklərini yerinə yetirə bilmədi və bunu artıq yaşadı. O zaman borc öhdəliklərimiz indikindən dəfələrlə aşağı idi”.
İqtisadçının sözlərinə görə, hazırda xarici dövlət borcumuz ÜDM-in 20 faizinin üzərindədir: “Ancaq zamanında bu, 7-10 faiz arasında idi. Öhdəliklərin yerinə yetirilməsində əsas amil neftin qiymətidir və Azərbaycanla bağlı situasiya qiymətləndirilərkən bu amil nəzərə alınmalıdır. Bir sıra hallarda qeyd edirlər ki, bizdə ÜDM-ə nisbətdə xarici borc öhdəliklərinin həcmi daha aşağı göstəricidir. Ancaq nəzərə almaq lazımdır ki, bizdə borcu qaytarmağa digər alternativ qaynaq yoxdur. Amma ABŞ iqtisadiyyatında əlavə dəyər yarada bilən sektorlar kifayət qədər çoxdur. Həmçinin əhəmiyyətli dərəcədə əlavə dəyər yarada bilən İT sektoru çox güclü inkişaf edib. İtaliyada da həmçinin. Yunanıstan bu gün xarici borca görə problemli bir ölkə sayılır, lakin bu ölkənin də iqtisadiyyatı şaxələnmişdir. Bu mənada Azərbaycan iqtisadiyyatından daha üstün hesab etmək olar. Sadəcə, neftin qiymətinin düşməsi ilə Azərbaycan neft öhdəliklərini yerinə yetirməkdə problem yarada bilər”. R.Həsənov onu da diqqətə çatdırdı ki, nə zamansa xarici borcla bağlı problem yarandığı halda, Azərbaycan hökuməti strateji valyuta ehtiyatlarından bu istiqamətdə xərcləyə bilər: “Bununla bağlı artıq müəyyən davranışlar olub. 2017-ci ildə Neft Fondundan Mərkəzi Banka transferin edilməsi nəzərdə tutuldu. Bu proses tam başa çatdırılmadı. Ehtiyac nisbətən az oldu. Ancaq istənilən halda bu mövqe ortaya qoyuldu ki, bu vəsaitlər daha çox Beynəlxalq Bankın öhdəliklərinin icrasına yönəldiləcək. Belə bir tendensiya artıq yaşanıb. Bu o deməkdir ki, gələcəkdə də hökumət strateji valyuta ehtiyatlarını xarici borc öhdəliklərinin yerinə yetirilməsinə yönləndirə bilər. Məhz bu amil beynəlxalq maliyyə institutlarının Azərbaycana çox rahatlıqla, digər tələblər ortaya qoymadan iri maliyyə vəsaitləri ayırmasına gətirib çıxarır”. İqtisadçı ekspert həmçinin vurğuladı ki, dövlət qurumlarının dövlət zəmanəti ilə aldıqları borcları da hesablanarsa, bu zaman statistika daha da böyüyə bilər: “Bu gün Azərbaycanın xarici borcu, xüsusən də dövlət qurumlarının borc yükü Maliyyə Nazirliyi tərəfindən açıqlanan rəqəmdən dəfələrlə çoxdur. Maliyyə Nazirliyinin açıqladığı rəqəmlər dövlətin birbaşa olaraq məsuliyyət daşıdığı rəqəmlərdir. Ancaq digərləri də nəzərə alınmalıdır. Çünki ölkədə real borc səviyyəsi daha yüksəkdir. Bu, gələcəkdə iqtisadiyyatın qiymətləndirilməsi, maliyyə bazarının tənzimlənməsi, borc öhdəliklərinin yerinə yetirilməsinin məzənnə siyasətinə təsiri və sair məsələlərdə qiymətləndirmə aparanda indiki göstəricilərlə biz yanlış istiqamətdə yönlənmiş oluruq. Daha yaxşı olar ki, Maliyyə Nazirliyi də dövlətin birbaşa götürdüyü borcun həcmini, həm də dövlət zəmanəti ilə olan xarici borcun həcmini açıqlasın”.Rəşad Həsənov: “Bizdə ÜDM-ə nisbətdə xarici borc öhdəliklərinin həcmi daha aşağı göstəricidir”