“QALİB” Ermənistan MƏĞLUB durumda: xarici borclar artır, güzəran ağırlaşır, KÜTLƏVİ KÖÇ səngimir...
Ermənilərə “məxməri inqilab” da kömək etmir; Amerika nəşri: “Qarabağ işğal olunub, ancaq orada yaşayanlar aclıq içindədir”; erməni nəşri isə çağırışçı gənclərə saxta hərbi biletlərin verilməsindən yazdı – daha bir korrupsiya qalmaqalı İşğalçı Ermənistan Qarabağdakı “Pirr qələbə”sinin altını çəkməkdə davam edir. “Qalib” Ermənistanın olan-qalan əhalisi illərdir əsl mənada məğlub ölkənin təbəələri kimi ağır güzəran keçirir. Hər halda, “məğlub” Azərbaycanda (hərçənd müharibənin yalnız birinci mərhələsi bitib) insanların sosial-iqtisadi durumu işğalçı ölkədəkindən xeyli yaxşıdır. Ermənistandan kütləvi köç, işğalçı orduya çağırışçı problemi “məxməri inqilab”dan sonra da səngimək bilmir, əhalinin güzəranı acınacaqlı olaraq qalır. Çünki ağlı başında olan ermənilər xilas yolunun üsyan-inqilabda deyil, ilk növbədə Dağlıq Qarabağ ixtilafının həllində olduğunu bilirlər - etiraf eləməsələr də. Bu mənada Ermənistan “1-ci Qarabağ savaşı”nda uduzsaydı, indi dövlət və millət olaraq, xeyli inkişaf eləmiş, qabağa getmişdi. Çünki o zaman Qarabağ problemi, işğal məsələsindən dolayı blokada rejimi olmayacaq, Türkiyə və Azərbaycanla sərhədlər açıq olacaq, Ermənistan bütün iri regional iqtisadi, enerji və kommunikasiya layihələrinin iştirakçısı olub böyük gəlirlər götürəcəkdi. ***** Bu arada Ermənistanın xarici borcu artaraq 7 milyard dolları ötüb. Bu, ölkənin illik büdcəsindən 2 dəfədən də çoxdur. Rəqəm kifayət qədər kritikdir. Təsadüfi deyil ki, “qərbyönlü” prezident Armen Sərkisyan təzə postuna keçər-keçməz pul dilənmək üçün dərhal Avropa və ABŞ-a çoxgünlük səfər elədi, amma faydası olmadı. Zəngin erməni lobbisi belə, yaxına gəlmədi. Çünki Rusiyanın forpostu Ermənistan inqilabdan sonra da “dibi olmayan vedrə” olaraq qalır, ora böyük sərmayə yatırmağın anlamı yoxdur.
Az sonra eyni məqsədlə “qərbyönlü” baş nazir Nikol Paşinyan Avropa Birliyinin paytaxtına - Brüsselə yollandı. O da Rusiyanın artan qəzəbindən savayı heç nəyə nail olmadı. Paşinyana aydın şəkildə başa saldılar ki, Rusiyanın orbitindən uzaqlaşmağa başlamayınca Ermənistana yardımlar Köçəryan-Sərkisyan dönəmindən o yana keçməyəcək. Rusiyadan uzaqlaşma isə erməni liderləri üçün öz oturduğu budağı baltalamaq, özünəqəsd, suisid kimi bir şeydir. İndi də Paşinyan sentyabrda ABŞ-a, Nyu-Yorka edəcəyi səfərə ümid bəsləyir. Məlumatlara görə, o, BMT-nin Baş Məclisinin növbəti sessiyasında çıxış edib ABŞ prezidenti Donald Trampla görüşmək istəyir. Məqsəd də Qərbin siyasi himayəsini qazanıb kreditlər qoparmaqdır. ***** Ancaq bütün bunlar əbəs səylərdir. Əsas səbəbə toxunduq - həll edilməmiş qalan Dağlıq Qarabağ problemi, Rusiya amili. Bu xüsusda ABŞ-ın populyar “Daily Caller” portalında getmiş, Raul Kontrerasın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqaləsi ibrətamizdir (Report).
Yazıda deyilir: “Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağı hərbi yolla işğal edib. Eyni zamanda həm Ermənistanın özündə, həm də Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında etnik təmizləmə aparıblar. Bundan sonra onlar orada 25 il ərzində heç kim tərəfindən tanınmayan ”Dağlıq Qarabağ Respublikası" yaradıblar. ATƏT-in himayəsi altında 25 ildir yaradılan atəşkəs rejiminə baxmayaraq, ermənilər Rusiya silahları vasitəsilə Azərbaycan ərazilərini atəşə tutmağa davam edirlər". Məqalədə bildirilir ki, Ermənistanın işğalı nəticəsində bir milyon azərbaycanlı qaçqın düşüb və onların bir hissəsi üçün Tərtər rayonunun Qapanlı kəndi ərazisində yeni qəsəbə salınıb:“Ermənilərin daha bir insanlığa sığmayan hərəkəti dağlardan Tərtər rayonuna axan çayların qarşısını kəsmək olub. Bunun qarşılığında isə Dağlıq Qarabağda - təpələrin o biri tərəfindəki ermənilər özlərini dolandıra bilmir və məcbur qalıb Ermənistandan və ya Rusiyadan ərzaq almalı olurlar”. ***** Ermənistanın bir problemi də korrupsiya ilə bağlıdır. Onun səviyyəsi o qədər genişdir ki, az öncə baş nazir Nikol Paşinyan bunu təsəvvürə belə gətirmədiyini deyərək, başını tutmuşdu. Korrupsiyanın kök saldığı sahələrdən biri isə ordu sistemidir. “Yeni Müsavat”ın məlumatına görə, “Qaraparak” qəzeti Müdafiə Nazirliyində inqilaba qədərki dövrdə çağırış yaşlı gənclərə rüşvət qarşılığında saxta hərbi biletlər verilərək hərbi xidmətdən yayındırılması məsələsini araşdırmağa başladığını yazıb:
“Bu zaman təkcə vəzifəli şəxslərin övladları deyil, sadə vətəndaşlar da diqqət mərkəzindədir. Bu xüsusda hansı çağırışçının nə səbəbdən, hansı əsasda hərbi xidmətdən azad edildiyi, bunun qanuna uyğun olub-olmadığı və s. yoxlanılır”. Təbii ki, rüşvət, korrupsiya qarşılığında saxta hərbi biletlər Ermənistanda hakimiyyətə münasibətdə hökm sürən ovqatla yanaşı, müharibədən yana yaşanan xofdan, gənclərin boş yerə ölmək istəməməsindən xəbər verir. Təsadüfi deyil ki, saxta biletlər alanlar təkcə vəzifəli şəxslər deyil, həm də sadə ailələrdən çıxan şəxslərdir. Necə deyərlər, özünüifşa davam edir. Lakin Sərkisyan rejiminin çöküşü ilə vəziyyət yaxşıya dəyişməyəcək. Çünki bu vəziyyəti doğuran əsas səbəblər yerində qalır - Qarabağ problemi, blokada rejimi, qonşularla müharibə vəziyyəti və bütün bunların doğurduğu məntiqi nəticə kimi işsizlik perspektivi, ağır dolanışıq və ölkədən həmişəlik köç edib getmək zərurəti...