“BÖYÜK ERMƏNİSTAN” qalmaqalı böyüyür: AMEA telekanalı suçladı, GÜLLÜ Yoloğlu isə…

“Mədəniyyət” kanalında yayımlanan, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi və televiziya aparıcısı olan, tarix elmlər doktoru Güllü Yoloğlunun “Keçmişdən Gələcəyə” televiziya verilişində saxta “Böyük Ermənistan” xəritəsinin kadr arxası efirə verilməsi böyük narazılıqla qarşılanıb.

İddia olunurdu ki, verlişdə yayımlanan xəritəni AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Balakən arxeoloji ekspedisiyasının rəhbəri Natiq Alışov və ekspedisiyanın üzvü Aliyə Adgözəlova kanala təqdim ediblər. Bu səbəbdən də adı çəkilən alimlər sosial şəbəkədə tənqid atəşinə tutulublar.

Yenicag.az xəbər verir ki, məsələyə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu aydınlıq gətirib.

İnstitutun rəsmi açıqlamasında bildirilib ki, 08 avqust 2018-ci ildə AZTV-nin Mədəniyyət Kanalında yayımlanan “Keçmişdən Gələcəyə” televiziya verilişində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Balakən arxeoloji ekspedisiyasının rəhbəri t.ü.f.d Natiq Alışov və ekspedisiyanın üzvü Aliyə Adgözəlova qonaq qismində iştirak ediblər:

“Burada Qafqaz Albaniyasında xristianlıq, bu sahədə aparılmış tədqiqatlar və Balakən rayon Tülü kəndində 2017-2018-ci illərdə aparılmış arxeoloji qazıntılarla bağlı geniş məlumat verilib. 11 avqust 2018-ci ildə “Mədəniyyət” kanalında “Keçmişdən Gələcəyə” verilişi efirə verilərkən aparıcının “Azərbaycan xəritəsinə nəzər salaq” ifadəsinə uyğun olmadan rus dilində qondarma “Böyük Ermənistan” xəritəsi kadr arxası efirə verilib. Adı çəkilən İnstitut əməkdaşları efirə gedən bu xəritəni televiziyaya təqdim etməyiblər və bu xəritəni digər tamaşaçılar kimi ilk dəfə televiziyada izləyiblər”.

İnstitut efirdə gedən təxribatçı xəritəyə görə məsuliyyət daşımadıqlarını bəyan edib:

““Keçmişdən Gələcəyə” verilişinin 11 avqust 2018-ci il tarixində efirə gedən buraxılışında kadr arxası montaj olunaraq göstərilən qondarma xəritəyə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun və verilişdə iştirak edən əməkdaşlarının heç bir aidiyyatı yoxdur və bunun üçün məsuliyyət daşımırlar”.

AZTV-nin Mədəniyyət Kanalında qondarma xəritə hansı səbəbdən yayılması isə sual altındadır. Çox güman ki, kanal rəhbərliyi məsələni texniki səhvlə əlaqələndirəcək. Ancaq bütün materialların didik-didik araşdırılıb efirə verən dövlət kanalının bu cür texniki səhv etmsi də qəribə görsənir. 

Onu da qeyd edək ki, proqramın aparıcı olan Güllü Yoloğlu türkçülük əleyhinə fikirləri ilə tanınır. Hələ ötən il Bakının Nuru Paşa komandanlığında Qafqaz İslam Ordusu tərəfindən azad olunması ilə bağlı tədbirdə qəti şəkildə türklük məsələsi ilə bağlı fikirlər irəli sürərək, buna əsas kimi bu zamana qədər heç vaxt problem olmayan Azərbaycanın etnik rəngarəngliyini göstərib. oloğlunun “məntiq”inə görə, Azərbaycan etnik baxımdan rəngarəng olduğu üçün, türklüyün qabardılması zərərlidir: “Onda digər etnik qrup mənsubları da deyə bilərlər ki, ermənilərin işi türklərlədir, gedin onlarla özünüz mübarizə aparın”. Həmin tədbirdə də, daha sonra mətbuatdakı müzakirələr zamanı da Güllü Yoloğlunun türklük əleyhinə çıxışı qınanıb: “Azərbaycan milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq, bu ölkədə yaşayan hər bir kəsin vətənidir. Vətənin ərazi bütövlüyünü qorumaq üçün kimlərinsə ölkənin dominant etnosu olan türklərə minnət qoymaları, yaxud da şərt irəli sürmələri nə dərəcədə doğrudur? Bu dövlətin titul millətinin təmsilçiləri niyə etnik mənsubiyyətləri barəsində çəkinə-çəkinə danışmalıdırlar? Azərbaycanda türklərlə yanaşı digər etnik qrupların təmsilçiləri də əsrlər boyu yanaşı yaşayıblar və heç kəs iddia edə bilməz ki, onlar hər hansı diskriminasiyaya məruz qalıblar. O baxımdan, Azərbaycan sözün həqiqi mənasında tam tolerant bir ölkədir və bunu inkar etmək olmaz”.

İndi də məhz Güllü Yoloğlunun proqramında belə bir xəritənin göstərilməsi düşündürücüdür. Azərbaycanın əsas etnosunun adının çəkilməsindən belə narahat olan alimin “Böyük Ermənistan” xəritəsini efirdən göstərilməsində marağı nə ola bilər? Hər halda proqram Güllü Yoloğlunun proqramıdır və əməkdaşı olduğu İnstitut digər iki işçisinin adını çəkərək, onların bundan xəbərsiz olduğunu bildirsə də, onun adını çəkmir. Üstəlik, bu işdə telekanalı günahkar bilir. Yəqin ki, Güllü xanımın da bu barədə deməyə bir sözü olacaq. 






Fikirlər