ƏLƏKBƏROVLAR İsmayıllıya QAYIDIR...? - ÖZƏL!
2013-ci yanvarında İsmayıllı rayonunda baş verən hadisələr icra başçısı Nizami Ələkbərovun vəzifəsini itirməsi ilə nəticələndi. 2013-cü ilin oktyabrında Füzuli Ələkbərovun əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilməsinin əsas səbəbi kimi də İsmayıllı rayonunda baş verən hadisələr göstərilirdi. Nizami Ələkbərov vəzifəsindən azad edildikdən sonra Ələkbərovlar İsmayıllı rayonundakı mülklərini də itirməyə başladılar. Bir zamanlar Ələkbərovların İsmayıllıdakı əsas biznes obyekti olan, İsmayıllı hadisələri zamanı yandırılan “Çıraq” otelinin Nizami küçəsi 21-də yerləşən ərazisinin zəbt edilməsi iddia olunurdu. Yeri gəlmişkən qeyd edək ki, İsmayıllı hadisələri zamanı yandırılmış “Çıraq” otelinin ərazisinin bu gün də rəsmən Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərova məxsus olduğu haqqında məlumatlar var. İddialara görə həmin ərazidə tikilən binaların rəsmən istismara verilməməsinin səbəbi də Ələkbərovlarla anlaşmanın əldə edilməməsidir. Həmin məlumatların həqiqəti nə dərəcə əks etdirməsi ilə araşdırmağa çalışırıq.
Hələlik isə qeyd edək ki, beş illik fasilədən sonra deyəsən, Ələkbərovlar İsmayıllıya qayıdırlar. Belə ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərova məxsus 2 mərtəbli “Çüdo mərkəzi”nin binası iki ay öncə istismara verilib. Lakin, Ələkbərovlar İsmayıllı rayon, Nizami Gəncəvi küçəsində yerləşən həmin mərkəzin rəsmi açılışını etməyiblər. Görünür, onlar prezident İlham Əliyevin İsmayıllı rayonuna bir neçə gün öncə etdiyi səfər zamanı “Çüdo mərkəzi”nin açılışını da edəcəyinə ümid bəsləyirlərmiş. Bu baş vermədikdən sonra “Çüdo mərkəzi”nin açılışının sentyabr ayının ilk günlərində ediləcəyi gözlənilir. Xatırladaq ki, Vüqar Ələkbərovun atası Füzuli Ələkbərov uzun müddət, 1996-cı ildən 2015-ci ilin sentyabr ayına kimi Cüdo Federasiyasının prezidenti olub. 2015-ci ilin sentyabrında Füzuli Ələkbərov Cüdo Federasiasının prezidentliyindən çıxarldıqdan sonra Ələkbərovun ölkənin ictimai-siyasi və mədəni həyatındakı fəalliyyətlərinə son verildiyi güman edilirdi. Ancaq onların indi yeni bir “Cüdo mərkəzi”nin açılışını etmələri, həm də bunu İsmayıllıda həyata keçirmələri Ələkbərovların aktiv fəaliyyətə qayıdışlarının başlanğıcı kimi qəbul oluna bilər. Ələkbərovların bu dönüşünün isə İsmayıllıda bir çoxlarını narahat edəcəyi şübhəsizdir. Ona görə də yaxın zamanlarda İsmayıllıda məmur “intiriqa”ların güclənəcəyi gözlənilir. P.S. Yazıda qeyd olunan fikir və mülahizələrlə bağlı adı çəkilən şəxslərin də mövzu ilə bağlı münasibətini dərc etməyə hazırıq! "AzerTaym.az"