TRAMPIN SOSİALİZM düşmənçiliyinin pərdəarxası

ABŞ prezidentini dünya sosializminə qarşı qoyan səbəblər

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı bütün ölkələri sosializmlə mübarizəyə çağırıb. Oxu.Az xəbər verir ki, bu çağırışı Tramp Venesueladakı vəziyyət barədə danışarkən səsləndirib.

Sosializm və kommunizmin özü ilə əzab və korrupsiya gətirdiyini deyən ABŞ prezidenti bu üzdən dünya ölkələrini bu ideologiyalara qarşı mübarizə aparmağa çağırıb. “Burada təmsil olunan bütün ölkələri Venesuelada demokratiyanı bərpa etmək çağırışımıza qoşulmağa dəvət edirik”, - deyə o vurğulayıb.

Qeyd edək ki, bu, ABŞ-ın qalmaqallı prezidentinin sosializmi, daha dəqiqi, Venesuela hakimiyyətini hədəfə aldığı ilk çıxışı deyil. Ötən ilin payızında ABŞ prezidenti bildirmişdi ki, Maduro rejimi rifah içərisindəki Venesuelanı yoxsulluğa sürükləyib. İndi isə onu xilas etməyə çalışır. Eyni zamanda o, əsas hədəflərinin bir qonşu kimi Venesuelanı xilas etmək olduğunu bildirib. Venesuela hökuməti isə əsas problemin sosializm deyil, kapitalizm olduğunu, dünyada yoxsulluq varsa, bunun əsas günahkarının kapitalizm olduğunu bildirmişdi.

Əlbəttə, ABŞ prezidentinin Venesuelaya münasibəti aydındır. Vaşinqton Latın Amerikasında ən qatı ABŞ düşməni olan və dünyada Amerikaya qarşı olan dövlətlərlə yaxından əməkdaşlıq edən Venesuelanın sosialist rejiminə qarşıdır və onun devrilməsini dəstəkləyir. Ancaq Trampın Venesueladakı rejimlə yanaşı bütövlükdə sosializmi hədəfə alması maraq doğurub. ABŞ-ın prezidenti nədən sola qarşıdır? Bu yalnız Venesueladakı rejimə görədir? Yoxsa ənənəvi olaraq kapitalizmin mərkəzi ölkəsinin davranışıdır, ya da ortada başqa hansısa səbəb var?

Əvvəlcə ondan başlayaq ki, seçkilərdə Trampa əsas alternativlərdən biri olacaq şəxs sosialist Bernie Sanders idi. Ancaq bilindiyi kimi, Sanders Hillari Klintona ilkin seçkilərdə uduzduğu üçün prezidentliyə namizəd ola bilmədi. Ancaq bunun əvəzinə Amerikada solun sürətli yüksəlişi baş verir. Özü də qəribə də olsa gənclər arasında. Yeri gəlmişkən, eyni tendensiya dünyanın daha bir böyük ölkəsində - Britaniyada baş verir. 74 yaşlı Ceromi Korbin İşçi Partiyasının sədri seçildikdən sonra bu partiyaya gənclər arasında rəğbət artır.

trump ile ilgili görsel sonucu

Amerikada isə 1920-ci ildən bu yana ilk dəfə Minnesota ştatında sosialistlər bələdiyyə məclisinə seçilib. Yeri gəlmişkən, Amerikalı Demokrat Sosialistlər (DSA - Democratic Socialist of America) adlı sosialist qrup Tramp prezident seçildikdən bu yana üzvlərinin sayını 6500 nəfərdən 30 min nəfərə qədər artırıb. Yeni üzvlərin əksəriyyəti isə 35 yaşın altında olanlardır. Doğrudur, hələlik bu fəallaşmanı Amerikada sosialist hərəkat adlandırmaq mümkün deyil. Ancaq ortada bir hərəkətlənmə var və bu da 100 ildə yeni tendensiyadır. Bəlkə də ABŞ prezidentini və onun ötən il sosializmi hədəfə alan açıqlamaları ilə təpkiyə səbəb olan oğlunu da qəzəbləndirən bu amildir.

Dünyada isə sol hələ də ən güclü ideologiyalardan biri olaraq qalır. Ənənəvi Çin, Vyetnam, Şimali Koreya, Venesuela kimi sosialist ölkələrlə yanaşı, son bir ildə Ekvador, Meksika, Nepal kimi ölkələrdə də solçular iqtidara gəlib. Avropada isə sol partiyalar parlaq dövrünü yaşayır. Doğrudur, ötənilki prezident seçkilərində Fransada sol hökuməti sağ mərkəz əvəzlədi, ancaq Britaniyada qeyd etdiyimiz kimi, solun yüksəlişi yaşanır. Bundan başqa, Avstriyada Avstriya Sosial Demokrat Partiyası, Xorvatiyada Sosial Demokrat Partiyası, Çexiya Sosial Demokrat Partiyası, Danimarka Sosial Demokratlar və Danimarka Sosial Liberal Partiyası, Estoniyada Sosial Demokrat Partiyası, Finlandiyada Sosial Demokrat Partiyası, Yunanıstanda Radikal Sol Koalisiyası, İrlandiyada İşçi Partiyası, İtaliyada Sosialist Partiya, Hollandiyada İşçi Partiyası, Sloveniyada Sosial Demokratlar Partiyası, İsveçdə Sosial Demokrat Partiyası iqtidar koalisiyasında yer alır, yaxud da hökuməti təşkil edir.

Məsələ ondadır ki, həm Avropa, həm də ABŞ-ın qonşuluğunda Latın Amerikası ölkələrində Vaşinqtonun siyasətinə qarşı olan əsas siyasi qüvvələr məhz sol hökumətlər olur. Bir mənada solçular hətta ənənəvi müttəfiq ölkələrdə belə ABŞ maraqları üçün əngəldir. Bu mənada “soyuq müharibənin” başa çatmasından 30 il sonra ABŞ prezidentinin sosializmə qarşı savaş elan etməsinin ciddi əsaslarının olduğunu düşünə bilərik.






Fikirlər