MUĞAM ifaçıları Elçinə qarşı - QALMAQAL böyüyür
Müğənni Elçin Cəfərovla muğam ifaçıları arasında qalmaqal yaranıb. “Qafqazinfo” xəbər verir ki, gərginliyə səbəb Elçinin xanəndələrin saç rəngi ilə bağlı açıqlamasıdır. “Kişilər saçlarına xına qoyurdular, qırmızı görsənirdi” deməsinə Əməkdar artistlər Babək Niftəliyev, Cabir Abdullayev, Ehtiram Hüseynov, muğam ifaçıları İlkin Əhmədov, Zakir Əliyev qarşı çıxıblar. Babək Niftəliyev “O, nə Xalq artisti, nə də Əməkdar artist deyil. Heç kim xanəndələrə qarşı nəsə deyə bilməz. Həddi yoxdur nəsə desin. O saçını xınalaya da bilər, boyaya da. Mən bunu təhqir formasında qəbul edirəm” deyə Elçini tənqid edib. Digər sənətçilər də Cəfərovun ünvanına sərt ismarıc göndəriblər. Elçin Cəfərov isə tənqidlərə instaqram səhifəsində cavab verib: “Mənim səmimi, zarafatyana deyilmiş, içində heç bir təhqir olmayan, lakin doğruluq payı olan sözümün xanəndələr tərəfindən belə aqressiv qarşılanacağını düşünməzdim. Mən heç kəsin sənəti ilə bağlı heç bir fikir bildirmədim. Hörmətli Babək Niftəliyev, sizin sözünüzdən belə çıxır ki dövlət tərəfindən verilmiş ada sahib olan sənətçilər istədikləri sözü hər hansı bir sənətçiyə rahatlıqla deyə bilər. Mən “kimsə” yox, uşaqlıqdan səhnədə xalqımın zövqünə oxşayan, və çox şükür ki hər baxımdan özümü təsdiqləmiş bir sənətçiyəm! Hörmətli paralel sinif yoldaşım - İlkin Əhmədov, xatırladım ki mənim musiqi təhsilim muğam üzrədir və biz yaşıdıq. Sənətimin kiçikliyinə və böyuklüyünə isə sən yox, xalq qərar verə bilər! Hörmətli Zakir Əliyev, mənə verilən sual əsasında öz fikrimi söylədim və heç kimin də xətrinə dəyəsi söz demədim, lakin siz bunu birbaşa sənətə bağlayırsınız. Siz özünüz də yaxşı bilirsiniz ki mənim sənətim var, yoxsa yoxdur!.. Əlavə olaraq qeyd etmək istəyirəm ki, mən RİG -də Tükəzban İsmayılova, Mələkxanım Əyyubova, ADMİU-da isə Tələt Qasımov və İslam Rzayevdən muğam təhsili almışam. Heç kəslə qarşı -qarşıya oxumaqdan da çəkinmirəm! Bu mehribançılığınız və birliyiniz məni çox sevindirdi”.