ABEL MƏHƏRRƏMOVUN YÜKSƏK VƏZİFƏ TUTAN QARDAŞLARI və KÜRƏKƏNLƏRİ – SİYAHI
Bir neçə gün öncə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov vəzifəsindən azad olunub. Sabiq rektorun yaxın ailə üzvləri də yüksək postlarda çalışır, yüksək məmur təbəqəsində təmsil olunurlar. Qaynarinfo həmin məlumatları sizlərə təqdim edir: Abel Məhərrəmovun qardaşlarından biri Adil Məhərrəmovdur. O, hazırda Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini vəzifəsində çalışır. Adil Məhərrəmov 2008-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə bu vəzifəyə təyin olunub. Yaşca Abel Məhərrəmovdan kiçik olan Adil Məhərrəmov daha öncə də yüksək postlar tutub. O, 1986-2000-ci illərdə “Ulduz” Elm-İstehsalat Birliyinin baş direktor müavini, baş direktoru olub. 2000-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyində Nazirin müşaviri vəzifəsində xidmət edib. 2001-ci ilin aprel-dekabr aylarında Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində Nazirin müşaviri vəzifəsində çalışıb. Abel Məhərrəmovun özündən 20 yaş kiçik olan digər qardaşı Rauf Məhərrəmov prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləyib, o cümlədən rayon prokurorluğunda müstəntiq, Baş Prokurorluqda idarə prokuroru, idarə rəisinin müavini olub.
Rauf Məhərrəmov 2005-ci ildən Ədliyyə Nazirliyinin Kadrlar idarəsinin rəisidir. Ötən gün onun işdən azad olunması barədə xəbər yayılsa da, hələ rəsmi şəkildə təsdiqlənməyib. Abel Məhərrəmovun digər qardaşı Məhərrəm Məhərrəmovdur. O, Prezident Adminstrasiyasında çalışıdı. Bu ilin yanvar ayında ürək tutmasından iş yerində dünyasını dəyişib. Abel Məhərrəmovun kürəkənləri də yüksək vəzifələr tutur. Eks-rektorun böyük kürəkəni Azər Sadıqov DİN Nəqliyyatda Baş Polis İdarəsinin kadrlar şöbəsinin rəisidir. Buna qədər o, DİN Baş Mühafizə İdarəsinin kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb. Məhərrəmovun kiçik kürəkəni Daşqın Qənbərov isə BDU-da onun ən yaxın köməkçilərindən idi. Rektorun vəzifəsindən azad edilməsindən sonra onun da universitetdən kənarlaşdırılacağı istisna edilmir.
O, hüquq üzrə fəlsəfə doktorudur. Elmi tədqiqat işi ilə paralel olaraq universitetdə pedoqoji fəaliyyətlə də məşğul olur. Həmçinin Bakı Dövlət Universiteti Hüquq fakültəsinin “İnsan hüquqlarıvə informasiya hüquqi üzrə UNESCO” kafedrasının dosentidir.
Adı şərab biznesində hallanan sabiq rektor və Milli Məclisin deputatı Abel Məhərrəmovun İspaniyada “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda keçirilən tədbirdə akademikə yaraşan davranışlar sərgiləmədiyi üçün vəzifəsindən azad edildiyi iddia edilir.