Narkoloji Mərkəzdə “milyonçu” palataları - Aylıq 500 manatdan 1000 manata qədər “qiymət” müəyyənləşdirilib
Məlumatlarda iddia olunur ki, məhz direktorun yarıtmaz fəaliyyəti nəticəsində bu gün Respublika Narkoloji Mərkəzində vəziyyət son dərəcə acınacaqlı hal almışdır. Məlum olduğu kimi, son illər ölkəmizdə dövlət vəsaiti hesabına müxtəlif xəstəliklərdən əziyyət çəkənlərə göstərilən yardım tədbirləri genişləndirilib. O cümlədən, narkomaniya və alkoqolizmə düçar olanların problemlərinin həlli ilə bağlı da bir sıra mühüm tədbirlər həyata keçirilir və bununla bağlı bir sıra dövlət proqramları qəbul olunub.
Qeyd edək ki, Respublika Narkoloji Mərkəzi 1986-cı ildə dispanser kimi fəaliyyətə başlayıb. Səhiyyə Nazirliyinin 2011-ci il tarixli qərarına əsasən isə dispanser fəaliyyətini Respublika Narkoloji Mərkəzi kimi davam etdirməyə başlayıb. Mərkəz əhaliyə ixtisaslaşdırılmış ambulator və stasionar narkoloji xidmət göstərən müalicə-profilaktika müəssisəsi olmaqla yanaşı, respublika ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin, habelə ölkə ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların dövriyyəsinə nəzarəti həyata keçirən müəssisədir. Mərkəzdə qəbul, şua diaqnostikası, klinik laboratoriya, fizioterapiya və tibbi bərpa şöbələri, pedaqoji heyət, psixoterapiya kabineti, 2 anonim kabinet və 2 sərxoşluq hallarının bütün növlərini təyin edən tibbi müayinə məntəqələri fəaliyyət göstərir.
Məlum olduğu kimi, bir müddət əvvəl Respublika Narkoloji Mərkəzinin keçmiş direktoruna qarşı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi açılıb və o, tutduğu vəzifədən azad olunub. Bundan sonra isə həmin vəzivəyə Telman Məmmədhəsənov təyin edilib. Bir çoxları, yeni təyinatdan sonra bu müəssisədə vəziyyətin normal hala düşəcəyinə ümid edirdilər. Lakin ötən müddət ərsində bu gözləntilər özünü heç də doğrultmayıb.
Mənbələr bildirirlər ki, mərkəzdə müalicə olunan xəstələr maddi imkanları əsas götürülərək, faktiki olaraq üç qrupa bölünüblər.
Birinci qrupa “milyoner balaları” şərti adı verilib. Bu qrupa aid edilən xəstələrin ailələri həqiqətən də yüksək maddi imkanlara malikdirlər. Bu xəstələr üçün ayrılan bir nəfərlik palataların da aylıq “qiyməti” müvafiq olaraq 500 manatdan 1000 manata qədər müəyyənləşdirilmişdir.
İkinci qrupa “ortabablar” aid edilir. Adından da göründüyü kimi bu qrupun təmsilçiləri orta maddi imkanlara malikdirlər. Onlara göstərilən tibbi xidmətlər də, necə deyərlər, ciblərinə uyğundur.
Nəhayət üçüncü qrup “bomjlar” adlandırılır ki, bunlar da kasıb, imkansız adamlardır. Sahibsizlikləri və düçar olduqları bəla səbəbindən bu insanlar yerləşdirildikləri bu mərkəzdə də heç bir qayğı və müalicə ala bilmirlər.
Aldığımız digər bir məlumatda isə qeyd olunur ki, Respublika Narkoloji Mərkəzinin daxili nizamnaməsinə əsasən burada müalicə alan xəstələrlə görüş qadağan olunsa da, mərkəzin rəhbərliyi məhz “pullu” görüşlərin keçirilməsinə heç də etiraz etmir. Məlumatlarda qeyd olunan daha bir cəhət mərkəzə narkotik asılılıqdan müalicə olunmaq məqsədilə müraciət edən vətəndaşların qeydiyyata alınmamasıdır.
Əlbəttə, müəssisəyə bu məqsədlə müraciət edən vətəndaşların şəxsiyyətlərinin anonimliyinin qorunması bəzi hallarda qanunla da nəzərdə tutulmuşdur. Lakin, bu heç də onların qeydiyyata alınmaması anlamına gəlməməlidir. Həm də bu qanun pozuntusu müalicə prosesində də müəyyən maxinasiyaların yer almasını zəruri edir. Belə ki, qeydiyyata götürülməmiş xəstənin müalicəsi zamanı isifadə olunacaq dərman preparatlarının “silinməsi” də müəyyən çətinliklər yaratmaya bilməz. Deməli Telman Məmmədhəsənovun burada da müəyyən saxtakarlığa əl atacağı zəruridir...
P.S.Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.