Türkiyəli siyasətçilər Makronun qərarını pislədilər: “Biz Avropaya XOCALINI ANLATMALILIYIQ!”
Fransa prezidenti Emmanuel Makron 24 aprel tarixini qondarma erməni soyqırımını anma günü elan edib. Yaxın keçmişdə, 27 il bundan əvvəl ermənilər tərəfindən Xocalıda törədilən gerçək soyqırımını görməzdən gələn Makron nəyə görə 1915-ci ildə baş verdiyi iddia olunan qondarma soyqırımını gündəmə gətirir? "AzerTaym.az" bildirir ki, məsələ ilə bağlı modern.az-a danışan Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasından deputatı Atilla Sertel deyib ki, daha əvvəl 24 aprel günü Parisdəki Kanada meydanında heykəl qoyulmuşdu: “Ermənistanın Fransadakı səfiri, erməni əsilli tarixçilər Paris bələdiyyə sədri ilə birlikdə qondarma erməni soyqırımının xatirəsinə bir abidə açmışdılar. O zaman da biz Türkiyə olaraq buna etiraz etmişdik, amma Fransaya yetəri qədər sözümüz keçməmişdi. Yəni bu məsələdə lazımlı etirazı edə bilməmişdik. İndi də Emmanuel Makron öz Twitter hesabında yazaraq 24 apreli “erməni soyqırımı”nı anma günü elan etdi və 1915-ci il hadisələrini Osmanlı İmperiyasında yaşayan ermənilərin amansızlıqla öldürülməsi kimi qiymətləndirdi. Biz Türkiyə olaraq bu qərarı tanımırıq. İqtidar, müxalifət bir olub buna öz etirazımızı bildirməliyik”. Deputat bildirib ki, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun dediyi kimi, bu qondarma hadisədən siyasi maraqlar naminə istifadə edilir: “Əgər iddia edilən elə bir soyqırımı varsa, Ermənistan öz arxivlərini açmalıdır. Bizim bu məsələdə həm diplomatik, həm də birləşmiş bir mübarizə aparmağımız lazımdır. Daha əvvəl Almaniya bu qondarma soyqırımı barədə fikir bildirdikdə bizim sədr qarşı çıxmışdı. Belə məqamlarda həm iqtidar, həm müxalifət etiraz edir, sərt bəyanatlar səsləndirir. Amma görürük ki, bizim dediklərimiz, etirazlarımız qısamüddətıi olur, sonra unuduruq. Məncə bu məsələ ilə bağlı xarici siyasətdə ortaq bir fikir ortaya qoymalı, ortaq bir görüş ətrafında birləşməliyik”. A.Sertel deyib ki, Xocalı soyqırımı ilə bağlı işlər görülməlidir: “Türkiyə Qəzetçilər Federasiyasının sədri olduğum dövrdə Türkiyənin şəhər və rayonlarında Xocalı soyqırımı ilə bağlı fotosərgilər açmışdıq, Xocalı soyqırımı zamanı azərbaycanlı soydaşlarımızın necə amansızlıqla qətl edildiyini göstərmişdik. Ancaq məncə bu yetərli deyildi. Xocalı qətliamını Avropada, Avropanın şəhər mərkəzlərində Azərbaycan və Türkiyənin birgə fəaliyyəti nəticəsində anlatmaq lazımdır. Hər şey dünyada imperialist ölkələrin nəzarətində olur və gücü olanlar istədiklərini qəbul etdirirlər. Xocalı soyqırımnı da görməzdən gəlmək istəyirlər. 27 il əvvəlki Xocalı soyqırımını görməzdən gələnlər, 1915-ci ildə Osmanlı dönəmina aid qondarma iddiaları heç bir tarixə sənədə istinad etmədən gündəmə gətirirlər. Onların iddia etdiyi qondarma soyqırımı ilə bağlı arxivləri açmırlar, amma Xocalıda ermənilərin vəhşiliyi göz önündədir. Bu, böyük bir hüquqsuzluq və haqsızlıqdır. Bununla bağlı Azərbaycan və Türkiyə üzərinə böyük vəzifə düşür. Biz bir çox məsələdə birlikdə addımlar atmalıyıq ki, dünyaya həqiqəti göstərək”. Türkiyə Böyük Millət Məclisinin eks-deputatı Atilla Kaya deyib ki, daha əvvəl də Fransa parlamentində oxşar bir qərar verilmişdi: “Bu, “erməni soyqırımı yoxdur” deməyi qadağan edən bir qərar idi. Sonra həmin qərar aradan qalxdı. Erməni diasporunun daha geniş yayıldığı ölkələrdə də bənzər qərarlar verilmişdi. Türkiyə hökuməti millətimizə qarşı bu saxta iftiraları atanlara qarşı sərt reaksiya verir. Biz hər zaman Avropadan millətimizə qarşı yönələn bu düşmənlərə qarşı etirazlarımızı dilə gətiririk”. Eks-deputat deyib ki, belə qərarlar verilməsində tarixdən gələn türk düşmənliyinin təsiri var: “Yəni avropalıların bundan 200-250 il əvvəl ortaya qoyduqları və “Şərq problemi” adlandırdıqları plan var. Bu planın bünövrəsi budur: Öncə türkləri Avropadan çıxarmaq, daha sonra mümkünsə Anadoludan göndərmək. Bunun üçün Sevr müqaviləsində Anadolunun bir tərəfinə erməniləri, bir tərəfinə isə digər etnik qrupları yerləşdirmək və sadəcə türkləri Anadolunun ortasında kiçik bir yerə sıxışdırmaq idi. Bu avropalıların xəyalıdır. Amma Türkiyə Mustafa Kamal Atatürk ilə birlikdə onların bizə zorla təqdim etdiyi xəritəni cırıb, zibilliyə ataraq modern Türkiyə Cümhuriyyətini qurub. Dolayısı ilə Emmanuel Makronun 24 apreli “erməni soyqırımı”nı anma günü elan etməsi heç də təəccüblə qarşılanmamalıdır. Bu onların hər zamanki siyasətinin davamıdır”.