AzTV-dən BÖYÜK ADDIM və vacib: toy müğənnilərinin, BAYAĞILIĞIN SONU - RƏYLƏR

AzTV-də böyük addım və vacib qadağalar: toy müğənnilərinin, bayağılığın sonu - RƏYLƏR

"Əgər veriliş səviyyəsizdirsə, demək ki, həmin kanalın rəhbəri də o səviyyədədir”.

"AzerTaym.az" bildirir ki,bu sözləri Milli Konservatoriyanın rektoru, tanınmış bəstəkar Siyavuş Kərimi fevralın 6-da "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin daxil olduğu Bədii Şura yaradılması ilə bağlı Publika.az-a danışarkən deyib.

Xalq artisti Siyavuş Kərimi qurumun yaradılmasının əhəmiyyətini belə qiymətləndirib:

 

"Özünüz də görürsünüz ki, televiziyalarda hansı səviyyəsizlik baş alıb gedir. Səviyyəsiz musiqilər və səviyyəsiz verilişlər çoxdur. Odur ki, Azərbaycan Dövlət Televiziyası nümunə olaraq Bədii Şura yaradıb. Şuraya respublikanın tanınmış simaları daxil edilib. Bizim istəyəcəyimiz, seçəcəyimiz və müəyyənləşdirəcəyimiz keyfiyyətli verilişlər, musiqilər və digər layihələr Azərbaycan tamaşaçısının xeyrinə və cəmiyyətin səviyyəsinin yüksəldiməsinə xidmət edəcək. Bədii Şura nizamnaməsi və digər məsələlər həll edildikdən sonra qurum öz fəaliyyətinə başlayacaq. Bütövlükdə isə qurumun yaradılması həqiqətən də bir nailiyyətdir, bu baxımdan öz mədəniyyətimizi təbrik etmək olar”.

Professor hesab edir ki, verilişlər hər bir kanalın rəhbərinin səviyyəsinə uyğun tənzimlənir:

"Verilişlərin səviyyəsi sözsüz ki, birbaşa kanal rəhbərindən asılıdır. Əgər veriliş səviyyəsizdirsə, demək ki, kanal rəhbəri də o səviyyədədir. İstəyirik ki, cəmiyyətimiz artıq belə verilişlərə tamaşa etməsin, zövqü korlanmasın. Çünki televiziyaya uşaqlar da baxır, ekranda gördükləri hər bir kadr onların şəxsiyyət kimi formalaşmasına təsir edir. Uşaqlar bizim gələcəyimizdir. Onları düzgün, milli-mənəvi dəyərlərimizə uyğun şəkildə tərbiyələndirməliyik. Biz də bunun üçün çalışırıq”.

Xalq artisti Mübariz Tağıyev hesab edir ki, Bədii Şuranın digər kanallara da müəyyən təsiri olacaq:

"Uzun illərdir ki, efiri tənzimləmək üçün Bədii Şura yaradılması haqqında söhbətlər gedirdi. Nəhayət ki, baş tutdu. Bədii Şura yaradıcı bir qurumdur. Efirin 60 faizi musiqi ilə bağlıdır. Odur ki, müəyyən verilişləri tənzimləmək lazımdır. Yığılmış problemlər var, qarşıda duran əsas məsələlər yeni mahnıların alınmaması, yeni musiqi proqramlarının yaranması, yeni verilişlərin və telefilmin görəcəyi işlərin müzakirəsi olacaq. Əlbəttə ki, hər televiziyanın öz istiqaməti, öz əsasnaməsi var və onlar ona uyğun işləyir. Lakin şuranın digər kanallara da müəyyən təsirləri olacağı istisna olunmur”.

Əməkdar incəsənət xadimi, "Fakhriya Khalafova” moda evinin təsisçisi Fəxriyyə Xələfovanın sözlərinə görə, dəb bu gün cəmiyyəti maraqlandıran əhəmiyyətli mövzulardan biridir. Bu səbəbdən də gələcəkdə dəblə bağlı verilişlərin artırılması gözlənilir:

"Bu ənənə Azərbaycan Dövlət Televiziyasında əvvəllər də olub. Təbii ki, Bədii Şura ictimai bir işdir, o, ictimai əsaslarla fəaliyyət göstərir. Qurumun tərkibinə incəsənətin müxtəlif sahələrində öz sözünü demiş, yetərincə uğur və nailiyyətlərə imza atmış yaradıcı insanlar daxildir. Bu təklifi çox müsbət dəyərləndirdim. Bədii şuralar vasitəsilə yığışıb müzakirələr aparmaq, yeni ideyalar və layihələr irəli sürmək daha müsbət nəticələr verəcək. Təbii ki, peşəkarlar olduğu yerdə hər layihə gələcəkdə ən gözəl şəkildə reallaşacaq.

Bədii Şura Azərbaycan Dövlət televiziyasının nəzdində yaradılıb. O da həqiqətdir ki, AZTV hər zaman bir lokomotiv rolunu oynayıb. Dəyişikliklər və yeniliklər adətən dövlət televiziyasından başlanılıb. Bizdə "qonşudan qalma dala" prinsipi var. Mümkündür ki, bu səpkidə təsiri olsun və bütün kanallar gələcəkdə belə bədii şuralar yaratsın”.

Fəxriyyə xanım sözlərinə onu da əlavə edib ki, bu gün teleməkanda ən çox izlənən verilişlər dəblə bağlıdır:

"İkinci tərəfdən tamaşaçı bu gün müasir standartlara cavab verən proqramlar tələb edir. Televiziyanın bir neçə funksiyası var: məlumatlandırmaq, maarifləndirmək, düşündürmək və əyləndirmək. Tamaşaçı kimi kanallardan bu funksiyaları yerinə yetirən, həm əyləndirən, həm maarifləndirən, həm də müsbət emosiyalar ötürən verilişlər tələb edirik. Bu məsələdə dəb verilişləri ictimaiyyət üçün çox aktual istiqamətdir. Dəfələrlə demişəm ki, dəb kanalları və verilişləri tamaşaçılar tərəfindən izlənilən və ən çox reytinq gətirən layihələrdir. Bu gün hər kəs dəblə maraqlanır. Özüm də fəaliyyətə Azərbaycan Dövlət Televiziyasından başlamışam. 2000-ci illərdə dəb mövzusu təzə-təzə anlaşılmağa başlanılırdı. İndi isə dəb hər yaş kateqoriyasının maraq dairəsinə daxil olub. Odur ki, maraqları nəzərə dəblə bağlı alaraq bir yox, bir neçə veriliş həyata keçirmək haqqında düşünürük. Dəb verilişləri həm gənclər, həm də onunla sənət kimi maraqlananan üçün ayrı olmalıdır. Bu istiqamətdə bir neçə layihələr reallaşa bilər. İlk iclasda bununla bağlı təkliflərimi irəli sürdüm, gələcəkdə tamaşaçı ekranlarda bu tipli layihələri daha çox görə biləcək”.

Tanınmış teletənqidçi, sənətşünaslıq üzrə elmlər doktoru Elçin Əlibəyli hesab edir ki, Bədii Şura ilə yanaşı İctimai Şura da yaradılmalıdır:

"Hesab edirəm ki, İctimai Şura da olmalıdır. Bədii Şura verilişlərin keyfiyyətinə nəzarət edəcək. İctimai Şurada isə incəsənət adamları ilə yanaşı psixoloq və sosioloqların olması lazımdır ki, kütləyə ötürüləcək mesajın təsiri, ideoloji məsələlər orda öz əksini tapsın. Şuranın bütün üzvlərinə böyük hörmətim var. Bildiyim qədəri ilə burada bədii əsaslar müzakirə olunacaq. Onların işini aşağılamaq niyyətində deyiləm, lakin zənnimcə, dövlət televiziyası dövlət büdcəsi ilə maliyyələşdiyi üçün onun birbaşa və əsas məqsədi ideologiyanın müxtəlif formalarla təbliğatı olmalıdır. Bunu həyata keçirmək üçün müxtəlif psixoloqların, tarixçilərin və peşəkar sosioloqların iştirakı vacibdir. Bu baxımdan ictimai şuranın olması, bədii şuradan daha əhəmiyyətli olardı. Hər halda Bədii Şuranın yaranması özlüyündə gözəl ənənədir, dövlət televiziyası illərlə itirdiyi nüfuzu və etimadı şuranın səyləri nəticəsində yenidən qaytara və ölkənin aparıcı televiziyasına çevrilə biləcək”.

Elçin Əlibəyli Bədii Şuranın digər kanallara təsiri və rolunu belə izah edib:

"BBC Böyük Britaniyada tamaşaçıların böyük əksəriyyətinin izlədiyi ictimai televiziyadır. Bu kanal Britaniyada abunəçilik yolu ilə maliyyələşir. Vətəndaşlar bunun üçün vergi ödəyir. BBC bütünlüklə öz işini maarifləndirmə istiqamətində qurub. Heç bir əyləncəli kanal reytinqinə görə nəinki BBC-ni keçə, hətta ona çata bilmir. Çünki kanal Böyük Britaniya əhalisi üçün sosial-pedaqoji, tədris və digər qollar üzrə elə maraqlı verilişlər hazırlayır ki, nəticə etibarı ilə tamaşaçılar onu seçir. Amma Türkiyədə TRT bu funksiyanı yerinə yetirə bilmir, özəl kanallar onu reytinqdə ötür. Bizdə isə əgər AZTV mədəniyyət immuniteti rolunu öz üzərinə götürsə və həqiqətən də keyfiyyətli verilişlər olsa, təbii ki, özəl televiziyalar da artıq papaqlarını qarşısına qoyub fikirləşəcək. Lakin özəl televiziyalar kommersiyadan, reklam gətirən verilişlərdən asılı olduğu üçün onlar reytinqlərin diktə etdiyini icra edir. Dövlət televiziyası isə dövlətdən maliyyələşdiyi üçün rahatlıqla ictimai, tarixi və sosial əhəmiyyətli verilişlər hazırlaya bilir".

Qeyd edək ki, Bədii Şuranın yaradılmasında məqsəd nümayiş olunan ədəbi-bədii və musiqili veriliş, proqram və layihələrdə aparıcıların danışıq, davranış və geyim tərzi, (bu, verilişlərə dəvət olunmuş müğənnilərə də aiddir) bədii tərtibatla bağlı Bədii Şura üzvlərinin rəylərinin nəzərə alınmasına xidmət etməkdir. Qurumda müğənni, Xalq artisti Mübariz Tağıyev, Milli Konservatoriyanın rektoru, professor, Xalq artisti Siyavuş Kərimi, bəstəkar, Xalq artisti Faiq Sücəddinov, xanəndə, Xalq artisti Mənsum İbrahimov, şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, əməkdar incəsənət xadimi Ceyran Mahmudova, müğənni, Xalq artisti Fidan Hacıyeva, dizayner-modelyer, Xalq artisti Fəxriyyə Xələfova, rəqqasə, Xalq artisti Təranə Muradova, tarzən, xalq artisti Ramiz Quliyev təmsil olunacaqlar.

Bədii Şura ayda 2 dəfə toplanmaqla Azərbaycan Televiziyası və Radiosu, "Mədəniyyət” və "İdman Azərbaycan”da yayımlanan veriliş və proqramları müzakirə edəcək, öz irad və təkliflərini verəcək. Yeni TV və Radio layihələrinin efir məkanına buraxılması kollegial şəkildə reallaşacaq.






Fikirlər