Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsinə dair xəbər yayılıb. İddialara görə, sabiq rektorun qan təzyiqi kəskin artıb və həyatı üçün ciddi təhlükə yaradıb. Bu səbəbdən onu təcili olaraq reanimasiyaya yerləşdiriblər.
Xatırladaq ki, Abel Məhərrəmov noyabrın 15-də Prezident İlham Əliyevin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib.
Azxəbər.com vəzifədən azad edildikdən sonra səhhətində ciddi problem yaranan məmurlarla bağlı araşdırma aparıb.
Prezident İlham Əliyevin 2017-ci ilin dekabr ayında vəzifədən azad etdiyi sabiq Vergilər naziri Fazil Məmmədov çoxsaylı xəstəliklərdən əziyyət çəkir. Əsasən kəskin pankreatit (mədəaltı vəzi xəstəliyi) xəstəliyindən əziyyət çəkən sabiq nazirin hazırda xaricdə müalicə olunduğu bildirilir. Bir neçə gün öncə isə onun dünyasını dəyişməsinə dair informasiya yayılmışdı. Sonradan bu informasiya təkzib olunsa da, keçmiş nazirin vəziyyətinin ürəkaçan olmadığı deyilir.
2005-ci ilin noyabrında vəzifədən azad olunaraq həbsə göndərilən sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev də işdən çıxandan sonra xəstəlik tapıb. İddialara görə, sabiq nazir həbsdə olarkən ürək infarktı keçirib. Həbsdən azad edildikdən sonra yayılan xəbərləri nə təsdiq, nə də təkzib etməyən F.Əliyev yalnız xaricdə müalicə olunacağı ilə bağlı açıqlama verməklə kifayətlənib.
Ötən ilin noyabrında vəzifədən azad edilən Bakı Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun da fiziki böhran keçirdiyi iddia olunur. Məqalənin əvvəlində xəbər verdiyimiz kimi, sabiq rektor kəskin hipertoniya (qan təzyiqinin kəskin artması) diaqnozu ilə Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Rəsmi açıqlamada isə bildirilib ki, keçmiş rektor ürək çatışmazlığından əziyyət çəkir.
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun da vəzifədən azad edilikdən sonra səhhətində problemlər yaranıb. Sabiq məmurun hansı xəstəlikdən əziyyət çəkdiyi barədə heç bir məlumat verilməyib. Sadəcə bildirilib ki, A.Bəşirov Mərkəzi Neftçilər Xəstəxanada müalicə olunur. Onun müalicə məqsədilə Almaniyaya getmək istədiyi və hava limanından buraxılmadığı da söylənilənlər arasında olub.
Müxtəlif qalmaqalları ilə mətbuatın gündəmindən düşməyən Bakı Lift-Təmir İstehsalat Birliyinin sabiq rəisi Qüdrət Şükürovun vəzifədən azad edildikdən sonra səhhətində ciddi problemlər yaranıb və o dərhal xəstəxanaya yerləşdirilib. Hazırda onunnla bağlı istintaq getdiyi və istintaq nəzarəti altında müalicə olunduğu söylənilir. Keçmiş məmurun hansı xəstəlikdən əziyyət çəkdiyi barədə dəqiq məlumat yoxdur.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalovunda səhhəti qaydasında deyil. Həbsdə olan sabiq aparat rəhbərinin bir müddət Penitensiar Xidmətinin Müalicə Müəssisəsində müalicə olduğu iddia olunur. Onun hansı xəstəlikdən əziyyət çəkdiyi barədə dəqiq xəbər yoxdur.