YAP-çı deputatlar Elçibəyin xanımının dəfninə getməyəcəklər, amma…
Bu gün Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin xanımı Həlimə Əliyevanın dəfn mərasimi keçiriləcək. Həlimə xanımın dəfn mərasimi Naxçıvanda keçiriləcək. Bəs hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlarından kimlər dəfn mərasimində iştirak edəcək? Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Modern.az-a açıqlamasında dəfn mərasimində iştirak etməyəcəyini bildirib. “Elçibəyə və xanımına Allah rəhmət eləsin. Mən dəfn mərasimində iştirak edə bilməyəcəyəm”. S.Novruzov Bakıda keçiriləcək yas məclisinə gedib-getməyəcəyini isə şəxsi işi adlandırıb. Deputat Aydın Mirzəzadə isə dəfndə olmasa da, yas mərasimində mütləq iştirak edəcəyini bildirib. “Azərbaycan xanımı, Azərbaycanın eks-dövlət başçısının xanımı Həlimə xanıma öncəliklə Allahdan rəhmət diləyirəm. O xanım dövlət başçısının xanımı olduğu dövrlərdə özünün çox dəyərli, həlim, qadına xas ən müsbət xüsusiyyətlərini birinci xanım kimi göstərə bildi. Mən dəfn mərasimində iştirak edə bilməyəcəm, amma yas mərasimində mütləq orda olacağam. Allah rəhmət eləsin”. Qeyd edək ki, Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanım ötən gün Türkiyədə dünyasını dəyişib. Mərhumun cənazəsi doğma Kələki kəndinə (Naxçıvan Muxtar respublikası, Ordubad rayonu) aparılıb.