İlham Əliyev baş naziri niyə dəyişdi?! - Eynulla Fətullayevin yazısı
"Haqqin.az" və "Virtualaz.org" saytlarının baş redaktoru Eynulla Fətullayev bu gün baş tutan baş nazir dəyişikliyi barədə məqalə yazb. Musavat.com E.Fətullayevin yazısını təqdim edir. *** 72 yaşlı Novruz Məmmədovun Azərbaycanın baş naziri seçilməsi onun indiki istefası kimi, heyrətamiz xəbər olmuşdu. Azərbaycanda Nazirlər Kabinetinin rəhbərini prezidentin təqdimatı ilə parlament seçir. İl yarım əvvəl, 2018-ci ilin yazında, prezident seçkilərindən dərhal sonra İlham Əliyev özünün xarici siyasət məsələləri üzrə köməkçisinin namizədliyini baş nazir postuna irəli sürdü və Milli Məclisə bu barədə təqdimat verdi. Şübhəsiz ki, həmin vaxta qədər artıq baş nazir postu özünün əvvəlki siyasi əhəmiyyətini itirmişdi, axı ölkədə yeni konstitusion postlar-birinci vitse-prezident və digər vitse-prezidentlər vəzifələri yaradılmışdı. Birinci vitse-prezident vəzifəsini Azərbaycan cəmiyyətində olduqca populyar olan, İlham Əliyevin hökumətində de-fakto bütün iri, mühüm sosial və humanitar layihələrin həyata keçirilməsinə rəhbərlik edən Mehriban Əliyeva təyin edildi. Heydər Əliyevin bütün sosial siniflər tərəfindən ictimai anlaşma əsasında qəbul edilib möhkəmlənmiş konseptual siyasi vərəsəlik nəzəriyyəsindən çıxış edərək hakim partiya YAP sədrinin müavini Mehriban Əliyevanı hakimiyyət komandasında “ikinci siyasi fiqur” elan etdi. Prezident faktiki olaraq Birinci ledinin sosial və siyasi statusunu legitimləşdirdi.
Beləliklə, baş nazir postu öz siyasi çəkisini itirdi, Nazirlər Kabinetinin sədrinin başlıca səlahiyyətləri böyük ölçüdə texnokratik və təsərrüfat funksiyalarından ibarət oldu. Əgər Azərbaycan baş nazirinin statusunu siyasi nöqteyi-nəzərdən nəzərdən keçirsək o zaman superprezidentlik üsul-idarəçiliyi formatında baş nazir prezidentin Kabinetində faktiki olaraq birinci nazir hesab edilə bilər.
2018-ci il prezident seçkilərindən sonra İlham Əliyev özünün inaqurasiya nitqində Azərbaycan iqtisadiyyatında keyfiyyət dəyişikliklərinin yeni mərhələsinin başladığını elan etdi. Prezident hakim komandada kadr islahatlarının anonsunu verdi, o cümlədən hakim sinfin siyasi baxımdan yenilənməsi prosesini başlatdı. Azərbaycanda elitaların evalyuyasiya yolu ilə dəyişdirilməsi prosesi başladı, hansı ki, bu proses çoxdan yetişməkdə idi. Hökumətin tərkibinə gənc nazirlər daxil edildilər, onlara strateji mühüm sferaların idarə olunması həvalə edildi. Məsələn, prezidentin antikorrupsiya layihəsi olan “ASAN-xidmət”i həyata keçirən 41 yaşlı İnam Kərimov kənd təsərrüfatı naziri postunu tutdu. Milli Məclisin 39 yaşlı deputatı Fuad Muradova isə dünya erməniliyi ilə sərt informasiya müharibəsi şəraitində ölkə üçün əsas taleyüklü istiqaməti-azərbaycanlı diasporunun formalaşması işini həvalə etdilər. Və yeni əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev kifayət qədər gənc yaşda-38 yaşında mürəkkəb sosial proqramlarının həyata keçirilməsinə rəhbərlik etməyə başladı. İlham Əliyevin hökumətində özünü təsdiqləmiş nazirlər Mikayıl Cabbarov və Ramin Quluzadə isə şübhəsiz ki, özlərinin islahatçı başlanğıcları və rəhbərlik etdikləri dövlət strukturlarının yenidən formalaşması ilə diqqət mərkəzində qalmaqdadır.
İlham Əliyevin islahatçı siyasətinin başlıca postulatları onun hakim nomenklatura üzvləri arasında qarşılıqlı münasibətlər sisteminə dair mənəvi-etik təsəvvürlərində aydın ifadə olunub. Prezident dəfələrlə təkrar edib ki, xidmətlərindən və əvvəllər qazandıqları uğurlardan asılı olmayaraq hakim komandanın bu və ya digər nümayəndəsinin fəaliyyəti qiymətləndirilərkən onun faydalı iş əmsalı, bacarığı və müasir tarix kəsimindəki effektivliyi əsas götürüləcək. Məmur onun qarşısında qoyulmuş vəzifələrin öhdəsindən gələ bilərmi? O, prezidentin yeni tələblərinə cavab verirmi? Dəyişikliklər, yenilənmə və yenidənqurma epoxasında öz məsuliyyət dərəcəsini dərk edirmi? Əlbəttə, Əliyev komandasının bu və ya digər nümayəndəsinin Üçüncü Respublikanın qurulmasında böyük xidmətləri ola bilər. Lakin kimsə yorulub, yaxud dəyişikliklər dalğasına mane olmağa çalışır, yaxud daha kimlərsə özünün mühafizəkar mahiyyəti ilə siyasi sistemin və iqtisadi bazisin transformasiyasını qəbul etmir. Axı prezident yeni prioritetlər barədə açıq bəyan edib: “Qarşıdakı illərdə ölkədə biznes mühitinin yaxşılaşmasına yönələn əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək. İqtisadiyyatda tam şəffaflığı təmin etmək, bütün neqativ hallar son qoymaq lazımdır”. İlham Əliyev yeni prezidentlik müddətinə hakim nomenklaturanın ən yaxşı nümayəndələrindən biri, baş nazir Artur Rasizadənin istefası ilə başladı. Hələ İkinci Respublikanın rəhbərliyində təmsil olunmuş, prezident Heydər Əliyevin iqtisadi məsələlər üzrə köməkçisi olmuş 83 yaşlı eks baş nazir faktiki olaraq iqtisadiyyatın təxirəsalınmadan yenilənməsi, şəffaflığın təmin olunması və məmur özbaşınalığı ilə mübarizə sahəsində onun üzərinə qoyulmuş vəzifələrin öhdəsindən gələ bilmirdi. Nəticədə prezident parlamentə Novruz Məmmədovun namizədliyini təqdim etdi.
Hərçənd, Məmmədovun iqtisadiyyat və təsərrüfat sahələrinin idarə edilməsində təcrübəsi yox idi, amma prezidentin xarici əlaqələr üzrə köməkçisi dürüst məmur təəsüratı bağışlayırdı, proqressiv ideyalarla zəngin novator idi və sürətli yenilənməyə can atırdı. N.Məmmədov təcrübəli idarəçi idi, on illər ərzində , hələ Heydər Əliyevin dövründən yüksək siyasi iyerarxiyada mühüm postlar tutmuşdu-şöbə müdirinin müavini, şöbə müdiri, Prezident Administrasiyası rəhbərinin müavini, prezidentin köməkçisi. Nomenklatur məmur təcrübəsi və N.Məmmədovun ölkənin sistemli problemlərini dərk etməsi prezidentin ümidlərinə və gözləntilərinə cavab verirdi... Lakin baş nazir postunda Novruz Məmmədov qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gələ bilmədi. Baş nazir bu il yarım ərzində hökumətin işini heç cür yenidən təşkil edə və onun effektivliyini artırmağa nail ola, Nazirlər Kabinetini prezidentin başlatdığı iqtisadi islahatların lokomotivinə çevirə bilmədi. İqtisadi və maliyə islahatları ləngidi və prezidentin permanent şəxsi müdaxiləsini tələb etdi. İşlər prezidentsiz getmədi. Bundan əlavə N.Məmmədov makroiqtisadi göstəricilərin yaxşılaşmasına, xüsusən də ÜDM-in prezidentin dəfələrlə israr etdiyi artımına nail olmadı.
Əlbətdə, prezident N.Məmmədovun siyasi sədaqətini yüksək qiymətləndirir və o, hakim komandanın sıralarında qalacaq. Lakin indiki konkret halda eks-premyer öz vəzifələrinin öhdəsindən gələ bilməyib və bu da prezidentin yeni seçim etməsini şərtləndirib. İlham Əliyev baş nazir postuna yeni namizədi-özünün iqtsadi məsələlər üzrə dəyişməz köməkçisi Əli Əsədovu irəli sürüb. Bakı sosial idarəçilik və politologiya institutunun kafedra müdiri, dünyada tanınmış Plexanov İnstitutunun məzunu, elmlər doktoru Əli Əsədov hələ uzaq 1994-cü ildə, 38 yaşında prezident Heydər Əliyevin diqqətini cəlb etmişdi. Əli Əsədov YAP siyahısından parlamentə seçildi, sonra özünün Avropa Şurası Parlament Assambleyasında çox fəal göstərə bildi-o, Azərbaycanın AŞPA-dakı ilk nümayəndə heyətinin tərkibinə daxil idi. Və 1998-ci ildə Heydər Əliyev Ə.Əsədovu özünün iqtisadi məsələlər üzrə köməkçisi təyin etdi. Rasizadə hökumətə başçılıq etdi, Əsədov isə Prezident Administrasiyasında vakant vəzifəni tutdu.
Paradoksaldır, amma məhz Əli Əsədov Heydər Əliyevin 2003-cü ildə BP prezidenti Con Braunla keçirdiyi sonuncu iki görüşdə iştirak etmişdi. Bu da prezidentin öz köməkçisinə böyük etimadından xəbər verirdi. Sonradan İlham Əliyev də Əli Əsədova eynilə güclü etimad göstərdi, ona özünün ən strateji layihələrinin və xüsusi tapşırıqlarının həyata keçirilməsini həvalə etdi. SOCAR-ın kurasiya edilməsindən tutmuş Bakı bulvarının tikintisinə, Bakının ən mühüm kommunal-təsərrüfat vəzifələrinin həllindən tutmuş regional inkişaf proqramlarının həyata keçirilməsinə qədər...İlham Əliyevin bütün 16 illik prezidentliyi dövründə yeni baş nazir, hansı ki, əvvəllər Prezident Administrasiyası rəhbərinin iqtisadi məsələlər üzrə müavini vəzifəsini də tutub, dövlət başçısının komandasında ən təcrübəli idarəçilərdən və təsərrüfat adamlarından biri olub. Və uzun illər ərzində, prezidentin Əli Əsədova yüksək etimadını nəzərə alaraq ekspert cameəsi məhz onu ölkənin yeni baş naziri kimi görürdü. Budur, indi Əli Əsədovun qarşısında prezidentin ümudlərini doğrultmaq, qeyri-neft sənayeləşməsi proqramını və aqrar islahatların yekun fazasının aparılmasını təmin etmək vəzifəsi dayanır. Yenilənmə sürətlənəcək, iqtisadiyyatda islahatlar prosesi, rəqabətədavamlı biznes üçün mühitin sağlamlaşdırılması, bank sisteminin möhkəmləndirilməsi və çoxdan gözlənilən maliyyə islahatlarının aparılması məhz yenilənmiş Nazirlər Kabinetinin rəhbərliyi altında həyata keçirilməlidir. Və yuxarıda qeyd etdiyimiz kimi prezident islahatlar siyasətinin sürətləndirilməsinə və genişlənməsinə imkan yaradacaq, dəstək verəcək.
Və nəhayət Nazirlər Kabinetinin rəhbərliyində dəyişikliklərdən sonra daha bir mühüm, ola bilsin ən başlıca nəticə ortaya çıxır. Prezident bütün məmurlara, xüsusən də uzun illər ərzində mühüm dövlət postunu tutanlara mühüm mesaj göndərir. Keçmişdə olmuş və prezident, ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş xidmətlərinə baxmayaraq heç kim hakimiyyətdə əbədi deyil. Qədim Yunanıstan akropollarında tez-tez təkrar edildiyi kimi, hər şey axıb gedir və heç nə yerində dayanıb qalmır. Məmurun mənəvi-etik kodeksi var və prezidentin yeni mütərəqqi islahatlarına, yeni dövrün çağırışlarına və tələblərinə cavab verməyənlər öz vəzifələrində qala bilməz. Yeni Azərbaycanda hər şey çox məntiqli və sadədir-əgər məmur işləmirsə və işinin öhdəsindən gəlmirsə prezident onu işdən azad edir. Heç bir şəxsi səbəb yoxdur, hər şey dövlətin və cəmiyyətin rifahı naminədir...