Gülyanaq “Leyli” üçün 4 min rüşvət verib?! - İDDİA
Əməkdar artist Nigar Şabanova Xalq artisti Gülyanaq Məmmədova barədə şok iddia ortaya atıb. Sənətçi “Hər şey daxil” proqramına telefonla bağlanaraq xanəndənin Opera və Balet Teatrında Leyli obrazını canlandırmaq üçün 4000 manat rüşvət verdiyini iddia edib. "AzerTaym.az" bildirir ki, bu“Qafqazinfo” mövzu barədə G. Məmmədova ilə əlaqə saxlayıb. Xalq artisti Nigarın yalan danışdığını söyləyib: “Əminliklə deyirəm ki, bir qəpik də verməmişəm. İllərdir teatr məni Leyli obrazını canlandırmaq üçün dəvət edirdi. 1993-cü ildən bəri dəfələrlə müraciət etmişdilər. Deyirdilər ki, bu obraz sənə yaraşar. O vaxtlar qastrollara çox getdiyim üçün təklifi qəbul etməmişdim. Daha sonra məndə istək birdən yarandı, teatr rəhbərliyinə müraciət etdim. Direktor Akif Məlikov da razılıq verdi. Hamı öz köməyini əsirgəmədi.
Mən sadəcə olaraq afişaları öz hesabıma çıxartdırdım və Leylinin səhnədə geyimini tikdirdim. Çünki başqasının paltarını geyinmək istəmirdim. Teatrın özünün gözəl dərziləri var, mənim üçün eyni formada yeni paltar tikdilər. Mən niyə onun-bunun geyindiyi paltarı geyinim? İkinci tamaşadan sonra yenə dəvət aldım. Çünki birincidə anşlaq oldu. İndi dərslərim çoxdur, səhhətim qaydasında deyil. Bu səbəbdən hələ rol almamışam. Nigar Şabanovanı da qınamıram, bəlkə, obrazı oynamaq istəyir, ürəyindən keçir. Nə baş verdiyini bilmirəm. Heç 4 min manat məsələsindən də xəbərim yoxdur. İnanın, bir daha deyirəm, balalarımın canı mən pul verməmişəm”.
Qeyd edək ki, N. Şabanova bir müddət əvvəl Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyini rüşvətxorluqda ittiham etmişdi. Demişdi ki, ondan “Leyli və Məcnun” operasında Leyli obrazını oynamaq üçün 4 min manat pul istənilib və teatrın kassasına min manat pul ödəməsi tələb edilib. Teatrın mətbuat xidməti isə ittihamları təkzib edərək Nigar Şabanovaya şans verildiyini, lakin çıxışının uğursuz alındığını və bu səbəbdən də əməkdaşlığın baş tutmadığını qeyd edib.