Azərbaycanın sabiq Baş Naziri Novruz Məmmədovun Azərbaycan Dillər Universitetinə prorektor təyin olunub.
Daha əvvəl də vəzifədən azad olunduqdan sonra təhsil sahəsində yüksək vəzifəyə təyin olunan nazirlər olub.
- 2013 - 2018-ci illərdə Kənd təsərrüfatı naziri olan Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.
- Keçmiş Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 5 illik nazir postundan uzaqlaşdıqdan sonra Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsinə təyin olunub.
- 1998 - 2013-cü illərdə Təhsil naziri vəzifəsində çalışan Misir Mərdanov hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mexanika və Riyaziyyat İnstitutunun direktoru vəzifəsini icra edir.
- 2004 - 2014-cü illərədə Rabitə və yüksək texnologiyalar naziri olan Əli Abbasov bu vəzifəsini Azərbaycan Milli Elmlər Akademiyasında müşavir vəzifəsilə əvəz edib.
- 1999 - 2006-cı illərdə Azərbaycanın Maliyyə naziri olan Əvəz Ələkbərovun hazırda İqtisadiyyat Universitetində "Maliyyə və maliyyə institutları" kafedrasının müdiri vəzifəsini icra etdiyi bildirilir.
İlham Əliyevin Prezidentliyi dövründə vəzifədən çıxarılan digər sabiq nazirlər isə fərqli sahələrdə fəaliyyət göstəriblər.
- 1993-2005-ci illərdə Səhiyyə naziri olan Əli İnsanov 2005-ci ilin oktyabrında həbs edilib. 13 il həbs cəzasından sonra azadlığa çıxan sabiq Səhiyyə naziri hazırda müxalifət düşərgəsində siyasi fəaliyyətlə məşğuldur.
- 2001-2005-ci illərdə İqtisadi inkişaf naziri vəzifəsində olan Fərhad Əliyev də 2005-ci ildə həbs olunub. 2013-cü ildə Pezidentin sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilib. Fərhad Əliyev həbsdən azad olunduqdan sonra Almaniya köçüb.
- 1995 - 2004-cü illərdə Milli təhlükəsizlik naziri olan Namiq Abbasov vəzifədən azad olunduqdan sonra - 2004-2012-ci illərdə Azərbaycanın Özbəkistandakı səfiri olub. Hazırda Namiq Abbasovun heç bir yerdə işləmədiyi bildirilir.
- Namiq Abbasovdan sonra - 2004 - 2015-ci illərdə Milli təhlükəsizlik naziri olan Eldar Mahmudov vəzifədən çıxarılandan sonra rəsmi olaraq heç bir yerdə işləmir. Tez-tez həbsdə olan sabiq nazirlik əməkdaşlarının məhkəməsində şahid kimi ifadə verən Eldar Mahmudovun ailə üzvlərinə məxsus şirkətlərin olduğu təsdiqlənib.
- 1995 - 2013-cü illərdə Müdafiə naziri olan Səfər Əbiyevin hazırda nı işlə məşğul olduğu barədə rəsmi məlumat yoxdur. Mətbuatda sabiq nazirin Çexiyada yaşadığı və burda çoxsaylı mülklərinin olduğu barədə məlumatlar yayılıb. Səfər Əbiyev sonuncu dəfə mətbuat qarşısına jurnalist Fuad Abbasova "Dədə Qorqud" Milli Fondu adından mükafat verərkən çıxıb.
- 2001 - 2018-ci illərdə Ekologiya və Təbii Sərvətlər naziri vəzifəsini icra edən Hüseynqulu Bağırovun hazırda işsiz olduğu bildirilir. Lakin mətbuatda yer alan məlumatlardan belə görünür ki, sabiq nazir qeyri-rəsmi şəkildə onun təşəbbüsü ilə yaradılan "Qərbi Kaspi" Universitetinə rəhbərlik edir.
- 2000 - 2017-ci illərdə Vergilər naziri olan Fazil Məmmədovun böyük biznes fəaliyyətilə məşğul olduğu heç kimə sirr deyil. Səhhətində problemlər olan sabiq Vergilər nazirinin tez-tez xarici ölkələrə müalicəyə getdiyi barədə xəbərlər də yayılır.
- 2002 - 2017-ci illərdə Nəqliyyat naziri vəzifəsini icra edən Ziya Məmmədov hazırda Azərbaycanda olduğu və rəsmi şəkildə heç bir yerdə işləmədiyi bildirilir. Lakin, sabiq nazirin ailə üzvlərinə məxsus çoxsaylı şirkətlərin olduğu da heç kimə sirr deyil.
- 1994 - 2004-cü illərdə Kənd təsərrüfatı naziri olan İrşad Əliyev vəzifədən azad olunduqdan sonra Goranboy və Beyləqan İcra Hakimiyyətlərinin başçısı vəzifələrində çalışıb. 2014-cü ildən sonra İrşad Əliyevin rəsmi şəkildə heç bir yerdə işləmədiyi bildirilir.
- 2004 - 2013-cü illərdə Kənd təsərrüfatı naziri olan İsmət Abasov vəzifədən azad olunduqdan sonra Baş nazirin müavini postuna təyin olunub. Ötən il bu vəzifədən də azad olunan sabiq nazirin rəsmi iş yeri yoxdur.
- 2006 - 2013-cü illərdə Əmək və əhalinin sosial müdafiəsi naziri olan Füzuli Ələkbərovun hazırda biznes fəaliyyətilə məşğul olur. Bu ilin may ayında keçirilən XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində sabiq nazir məşhur "Massey Ferguson" şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri kimi yeni kənd təsərrüfatı texnikasını Prezident İlham Əliyevə təqdim edib.
- 1997 - 2004-cü illərdə Rabitə naziri vəzifəsini icra edən Nadir Əhmədovun hazırda heç bir yerdə işləmədiyi bildirilir.
- 1997 - 2004-cü illərdə Xarici işlər naziri olan Vilayət Quliyev 2004 - 2010-cü illərdə Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri olub. 2010-cu ildən etibaran Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır.
- 1991 - 2006-cü illərdə Mədəniyyət naziri olan Polad Bülbüloğlu 2006-cı ildən etibarən Azərbaycanın Rusiyakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır. (yeniavaz.com)