“Bu, millətə XƏYANƏTdir, xainlikdir” – Xalq artisti kimləri HƏDƏFƏ aldı?
Xalq artisti Mübariz Tağıyevin “Yeni Sabah”a müsahibəsi: - Son vaxtlar Azərbaycanda bayağı mahnıların, musiqilərin artdığı deyilir. Siz necə fikirləşirsiniz, keyfiyyətli musiqi necə olmalıdır? - Keyfiyyətli musiqi bəstəkarlar tərəfindən bəstələnir. Axtarışda olanlar istiqaməti dəyişib, Azərbaycan xalq musiqisinin dərinliyi olan muğamdan çıxıb digər ölkələrin muğamlarına, musiqisinə yönəliblər. Söhbət bundan gedir. Bunun qarşısını almaq lazımdır. Azərbaycan muğamı o qədər dərin, o qədər zəngindir ki, orada ayrı bir şey axtarmaq lazım deyil, sadəcə onu incələyib öyrənmək lazımdır. İndikilər yeniliyi Hindistanda, Əfqanıstanda, Pakistanda axtarırlar, calaq-calaq musiqi alınır. Bunun qarşısı alınmasa, böyük bəladır. Bu gün hər yerindən duran aranjımançıdır, mahnı bəstələyir. Düzdür, bəstəkarlar var ki, not bilmir, amma yazdıqları əsərlər uzun illər səslənir. Bu da Allah vergisidir. Amma Allah vergisi də olar iki-üç nəfərdə. Bu gün bütün millət musiqi bəstələyir. - Bu gün Azərbaycan estradasına baxanda "filan musiqi çox dəyərlidir" deyə bilirsinizmi? Belə əsərlərin sayı azdır, ya çox? - Bilirsiniz, estrada aləmində də xalq estrada istiqaməti var. Bu, bütün xalqlarda var. Orada da müəyyən başa düşülməyən məqamlar ortaya çıxır. Bəzən olur ki, müəyyən bir müğənninin oxu tərzindən yana çıxılıb, aranjımanı elə olunub ki, əslində onunku deyil, qalıb göydə. Aranjıman caz üslubunda olunubsa, bu adamın daxilində olan tutumu xanəndə məktəbidir. Bu uyğunsuzluqları aradan götürmək lazımdır. Yəni aranjıman edəndə də fikirləşməlisən ki, kimin üçün aranjıman edirsən. Kimisə dəvət edirsənsə, düşünməlisən ki, sənin mahnını kim daha yaxşı aranjıman edə bilər. Elə məsələlər yaranır ki, sadəcə gülməlidir. Qulaq asırsan, "Ay balam, bu nə deməkdir?" deyirsən. İki qəpik pulun naminə elə adamlara aranjıman etdirirlər ki... Bunu müğənnilərin özləri düşünməlidirlər. - Damla, Şəbnəm Tovuzlu kimi müğənniləri bayağı mahnı oxumaqda qınayanlar da çoxdur... - Mən o aləmdə yoxam, onların adlarını da çəkmək istəmirəm. - Ümumiyyətlə, bəzi ifaçıları musiqili meyxanaya oxumaqda qınayırlar. Siz necə düşünürsünüz? - Mən onlara qeyri-adi baxmıram. Mən heç meyxanaya da pis baxmıram. Bədahətən nə isə demək hər adamın işi deyil. Sadəcə gətirib onu yüksək səviyyəyə çıxara bilmədik, bunu edə bilmədik. Bax, bəla bundadır. Nə oldu, ingilislər, amerikanlar repi görün gətirib nə səviyyəsinə çıxardılar? Artıq konservatoriyalarda bunun tədris proqramı yaradılıb. Biz isə ilişib qalmışıq deyişmələrdə, bir-birinə atışmalarda. Hər dövrdə müəyyən insanlar var ki, milləti düşünən, Azərbaycanı düşünənlər. Onlar bir fikir yaradırlar və onun ətrafında toplana bilirlərsə, bir şey yaranır. Əks halda, yox. - Azərbaycan musiqisini daha keyfiyyətli hala gətirmək üçün gənclərin təhsil alması çarə ola bilərmi? Gəncləri təhsilsiz olmaqda da qınayanlar var. - Təhsil vacibdir, düzdür. Oxumaq, nəfəs məsələləri və s. Zövq aşılamaq isə tam başqa bir şeydir. Zövqün formalaşması ailədən gəlir. Ondan sonra oxuduğu məktəbdən gəlir. Kim istəyirsə, onu qavrayır, tutur, kim də istəmirsə, qulaqardına vurur, diplomu alır, gedib öz istədiyi ilə məşğul olur. - Bayağı mahnı oxuyanların efirə buraxılmamasını deyənlər də var. Efir qadağası, “Qara siyahı” musiqimizə nə dərəcədə kömək edə bilər? - O söhbət qaldı SSRİ-də. Biz müstəqil dövlətdə yaşayırıq. Gəlin fikirləşək, biz bunun qarşısını ala bilməyəcəyik, mümkün deyil. Elə SSRİ vaxtı da bazarın tinlərində bayağı musiqi kasetləri satırdılar. Balaca studiyalar yaradırdılar, kasetlərə yazırdılar, döşəyirdilər gedirdi. Kim onları eşitmək istəyirdisə, yerini bilirdi, gedirdi bazarın tinindən alıb qulaq asırdı. Bu gün isə belə məsələlər daha dəhşətli olub. Baxın görün sosial şəbəkələrdə nə baş verir. Başdan ayağa bayağı musiqi təbliğ olunur. Səhərdən axşama kimi. Gəlin bunun qarşısını alın. Ala biləcəyikmi? Ona görə gərək televizyalar, radiolar yaxşı verilişlər, keyfiyyətli musiqilərin təbliği ilə məşğul olsunlar. Keyfiyyətli musiqi reytinq vermir deyə 10 milyonluq milləti calayaq üç-dörd nəfərin zövqünə? Bütün kanallar ayrı işlərlə məşğuldurlar. Tək Azərbaycan televiziyası, İctimai kanalla məsələ həll olunmur axı. Bilirsiniz, rep dedim, bunun rok musiqisi və s. var hər bir millətin öz cərəyanı olmalıdır və qorunmalıdır. Qorunub saxlanılmadı, ansambllar bir-birinin ardınca sıradan çıxdı, arxalarında dayanan olmadı. Siz bilirsiniz ki, 60-cı illərdə Azərbaycanda 10 rok qrupu olub? Bütün tədris müəssisələrinin daxilində özfəaliyyət dərnəklərində rok qruplar olub. O vaxt avadanlıqlar yox idi, çətin şərait idi. Amma yaranırdı, dəbdə idi. Bəs nə oldu birdən-birə aradan çıxdı bu? Rok musiqidə heç mənfi bir şey görmürəm. "Heavy metal" istiqamət lazım deyil, bizim musiqiyə uyğun gəlməyəcək. Söhbət klassik rokdan gedir. Niyə olmasın ki? - Xalq artisti, tanınmış müğənni olaraq hazırkı ifaçılarımıza baxanda sizdə gələcəyə nəsə ümid yaranırmı, “Azərbaycan musiqisinin gələcəyi parlaqdır” deyə bilirsinizmi, yoxsa necə? - Bu gün gənc bəstəkarlarımız da var, çox dəyərli gənclərimiz, xanəndələrimiz, müğənnilərimiz də var. Ancaq böyük qismi yönəliblər toylara, pul qazanmağa, ayrı heç bir fikir yoxdur. Düşünürlər ki, maşınım olsun, evim olsun. İndi gəlin onların əlindən bu istəyi alaq. Nə edək? Nə cür edək? Heç bir müğənni bu gün səhnədən pul qazanmır və ya buraxdığı diskdən. Heç kim. Bunlar problemdir, bir-birinin üzərinə yığılıb. Sənət adamı səhnədən, auditoriyadan qazanmalıdır. Heç bir yer konsertə qonorar ayırmır. Televiziyadan tutmuş, tədbirlərə qədər, heç birində qonorar yoxdur. Bu, normal haldır?! Tamaşaçının zövqü sosial şəbəkələrdir. İnsafları olsun, çünki o ailədə də övladlar böyüyür. Bilsinlər nə edirlər. Yenə deyirəm, 2-3 nəfərin zövqünü millətə calamaq lazım deyil. Sən eşitmək istəyirsənsə, apar evində qoş, eşit səhərə kimi. Onu "Youtube"a qoymaq lazım deyil. Normal hal deyil axı bu. Bu, millətə xəyanətdir. Millətin zövqünü korlamaq nə deməkdir? Xainlikdir də bu.