Niyə Fələstinə görə İsrail qınanır, uyğurlara görə Çinə dinən yoxdur? (RƏYLƏR)

Niyə Fələstinə görə İsrail qınanır, uyğurlara görə Çinə dinən yoxdur? (RƏYLƏR)

"Bu müsəlman həmrəyliyinin zəifliyindən və ya bu xalqların siyasi milli şüur səviyyəsinin olmamasından irəli gəlir”. 
 
Qaynarinfo xəbər verir ki, bu sözləri Çində uyğur türklərinə qeyri-insani münasibətlərə müsəlman ölkələrinin susmasına aydınlıq gətirərkən politoloq Qabil Hüseynli deyib. 
Politoloq bildirib ki, az qala sayları 35 milyon və ya daha çox olan uyğurlara qarşı illərdir ki, nasist siyasəti həyata keçirilir. Yenidən tərbiyə adı altında insanları İslam dinindən uzaqlaşdırır, dilindən imtina etməyə vadar edilirlər. İnsanlar buna müqavimət göstərən kimi isə onları ən ağır cəza – ölüm cəzasına məhkum edirlər. Bu isə dünyada bərqərar olmuş insan haqları, bu haqlara aid məsələlərə kökündən ziddir. Bu gün nə BMT, nə digər təşkilatlar səviyyəsində  bu azğın dövlət terroruna münasibət bildirilmir. Məsələn, İslam Əməkdaşlığı Təşkilatı bu məsələni daim gündəmində saxlamalıdır, amma ərəblər əvvəldən türk düşməni olduğu üçün özlərini görməzliyə vururlar.  
"Onlar uyğurları yox etmək üçün ən xırda bəhanələr axtarır. Məsələn, namaz qılırlar - güllələnirlər, "Allahu-Əkbər” deyirlər, güllələnirlər. Çin hökuməti uyğurların öz dilində təhsil alması, məktəb mövzusunda da ciddi əngə yaradırlar. Bu günlərdə daha 30 nəfəri güllələyiblər”, - deyə Qabil Hüseynli əlavə edib.
 
Politoloq onu da qeyd edib ki, idealogiyası komunist olan, əslində şovinizm siyasəti yeridən Çinin uyğurlara qarşı bu münasibətinə etiraz Türkiyədən başqa heç bir ölkədən gəlmir:
"Digər türk dövlətləri - Özbəkistan, Türkmənistan, Qazaxıstan və başqaları bu ölkə ilə ticarət münasibətləri qurduqları üçün məsələni ancaq Çinin izahatı əsasında dəyərləndirirlər. Çin isə buna hər şeyi yenidən tərbiyə və guya uyğurları ölkədə formalaşmış yeni düzənə uyğunlaşdırmaq kimi don geyindirir. Yəni onlar çox əcaib və eyni zamanda da qəddar bir siyasət həyata keçirirlər.  
Bu gün məsələyə anti-bəşər ideyalarını reallaşdırdığı üçün etiraz bildirmək lazımdır. BMT və digər təşkilatlarda məsələ qaldırmaq, onlara muxtariyyət verilməsi və hüquqi məsələlərə əməl etmələrini tələb etmək lazımdır”, – politoloq deyib.
Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu isə bildirib ki, bu biganəliyin səbəbi aydındır: 
"Çin böyük və dünyanın ikinci ən böyük iqtisadiyyatına malik ölkəsidir. Bu gün Türkiyə də daxil olmaqla, hər bir müsəlman dövlət istəyir ki, Çinlə əməkdaşlıq edərək, onun investiyalarını öz ölkəsinə cəlb eləsin.  Ona görə də Çində insan haqları ilə bağlı baş verən bəzi pozuntulara göz yumulur. Məsələn, Yaxın Şərqdə belədir ki, Türkiyə və bir sıra müsəlman ölkələri  Fələstində baş vermiş problemlərlə, qətliamlarla bağlı İsraili sərt tənqid edə bilir. Amma Çinə eyni münasibəti göstərə bilmir, əksinə onlarla qurulan iqtisadi əməkdaşlıqdan faydalanmaq istəyirlər”.  
 
 
Politoloqun sözlərinə görə, burda digər bir məsələ geosiyasi amillərin ön plana çıxmasıdır.  Çünki heç kim Çinlə düşmən olmaq istəmir. İsrail kiçik, Çin isə böyük ölkədir. Ona görə də uyğur məsələsində müsəlman ölkələri Çində aparılan etnik təmizləmə, assimiliyasiya siyasətinə göz yumurlar: 
"Həmin ölkələrin ehtiyat etdikləri başqa bir məqam da var. Çində yaşayan uyğur türklərinin bir hissəsinin mübarizəsi insan haqlarının müdafiə edirsə, digər bir hissəsi isə radikal əməllərə əl atır. Məsələn, bu gün radikal islamlaçılara qoşularaq Suriyada çox sayda İŞİD-in tərkibində vuruşan uyğurlar var. Bu radikal qruplar bəzən Çində partlayışlar törədir, asayişi pozurlar. Belə olan halda uyğurlara bir çox müsəlman dövlətləri kömək edə bilmir və ehtiyatlı mövqe tutmağa çalışırlar”.
Uyğurlara qarşı bu münasibət üçün hansı tədbirlərin görülə biləcəyi haqqında danışan politoloq bildirib ki, "əslində, Qərb ölkələri xəbərdarlıq edirlər, onlar uyğur məsələsində diqqətlidirlər. Hətta onlar zaman-zaman bu mövzuda sənədli filimlər hazırlayaraq orada baş verənləri ictimaiyyətə çatdırırlar. Mən özüm bu yaxınlarda BBC telekanalının Çinə gedərək düşərgələrdə yaşayan uyğur türklərin həyatı haqqında çəkilən bir filmini izlədim.
Amma onu da qeyd edim ki, Qərb ölkələri tənqid etsələr də, onlar da Çinlə olan iqtisadi əməkdaşlıqdan vaz keçə bilmirlər. Çox təəssüf ki, bu gün dünya iqtisadi sistemində bu cür fərqli yanaşmalar özünü göstərə bilir. Düzü, bu ölkələri qınamaq da olmur”.  
Məsələyə ölkəmizin hansı mövqedən yanaşmasından danışan politoloq bildirib ki, Azərbaycanın özü Çinlə olan iqtisadi strateji əməkdaşlıqda maraqlıdır: 
"Bildiyimiz kimi, Bakı-Tbilisi-Qars dəmir yolu işə düşüb və Çin də bu layihəyə qoşulub. Onlar da bu dəmir yolu vasitəsilə Avropaya öz mallarını daşıyırlar. Təsəvvür edin, Azərbaycan uyğurlarla bağlı Çin haqqında sərt açıqlama versə, bu, iki ölkə arasında münasibətlərə necə pis təsir edər”.
Xatırladaq ki, Çin hökuməti daima uyğurları və onların yaşadığı ərazini özü üçün problem hesab edib. Mərkəzi hökumət problemin həlli üçün ən radikal üsullara üstünlük verməyə – müasir texnoloji vasitələrdən istifadə edərək insanlar üzərində daimi izləmə sistemi qurmağa, düşərgə kompleksləri yaradaraq uyğurları təlim-tərbiyə adı altında oraya toplayaraq işgəncə verərək, dilindən, dinindən qopardaraq assimiliyasiya etməyə çalışır.






Fikirlər