“Toyu yarımçıq kəsdik ki, birdən mağarı vurarlar” - Xocalının SON GƏLİNİ

“Toyu yarımçıq kəsdik ki, birdən mağarı vurarlar” - Xocalının son gəlini

“Toyumuzu bütün adət-ənənələrə uyğun etmişdik. Yeməkli-içməkli, gəlinliyim, xonçalar... Ailəm cehiz kimi hər şey almışdı. Ancaq necə qoymuşduq, elə də qaldı. Birini də açıb işlədə bilmədim. Heç onların üzərindəki, qapıdan asılan qırmızı lent də sökülmədi. Elə onlarla birlikdə gənclik xəyallarımı da Xocalıda qoyub gəldik. Arzularımın hamısı ürəyimdə qaldı...”

Bu sözləri hər ilin bu ərəfəsində paylaşılan Xocalıdakı son toydan çəkilmiş kadrda yer alan gəlin - Dürdanə Məmmədova “Qafqazinfo”ya deyir. Həmin günü xatırlayan Dürdanə xanım tez-tez doluxsunur. Öz toy gününü və Xocalıdakı ab-havanı belə nəql edir:

“1991-ci ilin yanvar ayında nişanlandıq. Bir il nişanlı qaldıq. Ağsaqqalların məsləhəti ilə qərara gəldik ki, elə yanvar ayının 18-də toyumuz olsun. O haqda danışmaq mənim üçün çox çətindir. Həmin anları xatırlayanda həmişə həyəcanlanıram. 

Bizdən əvvəl - haradasa 5-6 ay öncə Xocalıda toy olmuşdu. Heç kim risk edə bilmirdi. Elə sonuncu toy da bizim oldu. Hər hansı hücum ehtimalına görə şəhərdə işıq yandırılmırdı. Generatorla mağara işıq verilmişdi. Toy yarımçıq oldu, axşam saat 9 radələrində mərasimi bitirdik. Dedilər səs gedə bilər, birdən mağarı vurarlar.

Toyda səslənən “Vağzalı” sədası hələ də bugünkü kimi qulaqlarımda cingildəyir. 28 ildir, hər gecə gözümü yumanda o hadisələr gözümün qarşısında canlanır, normal yata bilmirəm”.

Toyda çəkilmiş fotonun sağ küncündə yer alan xanımın öldürüldüyü deyilsə də, Dürdanə xanımın sözlərinə görə, həmin qadın 8 gün əsirlikdə qalıb, başına unuda bilməyəcəyi dəhşətlər gəlib:

“Əlində boşqabla arxaya baxan qız adaşım - Dürdanə Ağayevadır. Əsirlikdən gələndən sonra başına gələnlərlə bağlı bir neçə kitab yazıb, dünyanın bir çox ölkəsində kitabları çap olunub. Şəkildə mənim solumda olan Əlyar adlı alagöz oğlan isə iki qardaşı ilə itkin düşdü. Sağdakı Elşən də onların əmisi uşağı idi. Elə o da itkin düşdü. Əlimdən tutan qadın isə bibimdir, Xocalıdan bizimlə birlikdə qaçdı. 

Fotoda: Dürdanə Ağayeva

1988-ci ildən Dağlıq Qarabağda vəziyyət onsuz da qarışıq idi. Hər gün qorxu ilə insanlar işə gedib-gəlirdi. Çətinliklərə baxmayaraq, birtəhər keçinirdik. 1991-ci illin sonlarında artıq hər gün atəş səsləri eşidilməyə başladı. Bütün müəssisələr o vaxt bağlı idi. Sadəcə “kənd soveti” və poçt açıq idi. Elə gecələri də poçtda qalırdıq, kişilər qadınları, uşaqları qorumağa çalışırdı.

Bütün gəncliyim, xoş günlərim nə var idisə Xocalıda qaldı. Ondan sonra bir xoş gün görə bilmədim”.

Dürdanə xanımın həyat yoldaşı Vasif Qafarov ikinci qrup Qarabağ əlilidir. Meşə ilə qaçanda soyuq dəyib, həm də qarın nahiyəsindən güllə yarası alıb. Qardaşları isə Tofiq Hüseynovla Əlif Hacıyevin dəstəsində vuruşub:

“Evlənəndə 22 yaşım olardı. Toydan bir neçə gün sonra atəş səsləri daha da yüksəlməyə başladı. Ancaq biz yenə də öz işimizdə-gücümüzdə idik. İnanmırdıq ki, ermənilər bizə hücum edib yerimizdən-yurdumuzdan didərgin salacaqlar. 

Xocalı həqiqətən qəhrəman şəhərdir. Heç bir yerdən bizə silah gəlmirdi. İnsanlar heyvanlarını, ya da başqa bir şey satıb ailəsini müdafiə etmək üçün silah alırdı. Bütün yollar bağlı idi. Sadəcə noyabr ayında bir dənə vertolyot gəlmişdi”. 

Xocalının son gəlini hazırda “Azərpoçt”un Pirşağı şöbəsində çalışır. Ailəsi ilə birlikdə 2 nömrəli Evtikmə Kombinatında yaşayır:

“Bir qızım var. Mən gəncliyimi yaşaya bilmədim, istəyirəm ki, o yaşasın. Valideynlərimiz o günü görmədi, amma heç olmasa biz Xocalıda dəfn olunaq”.

 







Fikirlər