“İlqardan da çox yatmışam, mənə 500 min manat təzminat verilməlidir” — Sərdar CƏLALOĞLU
“Mənim başıma gələnlər nə İlqar Məmmədovun, nə də mənimlə eyni vaxtda həbs olunanların başına gəlməyib”. "AzerTaym.az" bildirir ki,bu fikirləri Yenicag.az-a açıqlamasında Ali Məhkəmənin Plenumunun ReAL Partiyasının sədri İlqar Məmmədova bəraət verilməsi və ona dəyən mənəvi ziyana görə 234 min manat təzminat ödəməsi haqda qərarına münasibət bildirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu səsləndirib. Sərdar Cəlaloğlu bildirib ki, onun vaxtilə qanunsuz həbs edilməsinə dair iş Ali Məhkəmə tərəfindən süründürməçiliyə salınıb: “Bizim işimizə baxılmır, bir qəpik də təzminat ödəməyiblər. Baxmayaraq ki, 1 il 6 ay həbsdə olmuşam. Ali Məhkəmənin qərarına baxmayaraq, Avropa Məhkəsinin şəxsən mənimlə bağlı işgəncə və seçkilərlə əlaqədar qərarları Azərbaycanda məhkəmə icraatına götürülməyib. Məsələn, Ağır Cinayətlərə dair Məhkəmədə iş başlayıb, ancaq qeyri-müəyyən vaxta qədər dayandırılıb. Qanunvericilikdə belə bir şey yoxdur. Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmə vəkilləri bir araya gətirə bilmədiyinə görə prosesi qeyri-müəyyən müddətə təxirə salıb”. ADP sədri hesab edir ki, məruz qaldığı həbs cəzası, o cümlədən, maddi-mənəvi zərərə görə dövlət ona yarım milyon manat təzminat ödəməlidir: “İlqar Məmmədovdan çox yatmışam, ondan da çox işgəncəyə məruz qalmışam, evimdən ailəmin qiymətli əşyasını oğurlayıb aparıblar. Bunların heç birinə baxmırlar. İlqar Məmmədovla bağlı niyə belə qərar verilib, özləri bilərlər. İlqar Məmmədovdan qabaq həbs olunmuşam. Ancaq görünür, burada əsas məsələ bizim prezident seçkiləri ilə bağlı tutulmağımız fərqli situasiya yaradır. İlqar Məmmədov seçkilərlə bağlı yox, İsmayıllı hadisələrinə görə həbs olunmuşdu, məhkəmədə də sübut olundu ki, onun həmin məsələyə aidiyyatı yoxdur. Bizim işimiz isə sırf siyasi məsələdir. Avropa Məhkəməsinin iki qərarı var. O qərarlardan birində mənə 254 min manat təzminat verilməli olduğu qeyd edilib. İkincisinə isə baxılmır. Hökumət bizə qeyri-rəsmi təzminat ödəyə bilər. Biri var məhkəmənin qərarı ilə, biri də var, razılaşma yolu ilə. Lakin hökumət bu məsələdə hətta bizimlə danışıqlara da getmir. 1 il 6 ay yatmışam, evimizdən qiymətli əşyalar və yoldaşımla gəlinimin 50 min manat dəyərində qızıl-brilyantı oğurlanıb. Yoldaşımla mənim nişan üzüyümüzə qədər hamısını aparmışdılar. Bu barədə də məhkəməyə şikayət vermişdik, ancaq nəticə yoxdur. O zinət əşyalarını axtarış bəhanəsilə yataq otağına girən polislər aparıblar. Mənə işgəncə verəndən sonra ayaqlarım xəstə düşüb, müntəzəm müalicə alıram. Hesablasaq, hökümət bizə yarım milyon pul ödəməlidir. Mənim başıma gələnlər nə İlqar Məmmədovun, nə də mənimlə eyni vaxtda həbs olunanların başına gəlib. Azərbaycanda siyasi məhbuslar arasında repressiyaya məruz qalmaqda və zərər görməkdə mənimlə müqayisə oluna biləcək ikinci bir adam yoxdur”. Cəlaloğlunun fikrincə, hökumət İlqar Məmmədovu məqsədli şəkildə “şişirdir”: “Hökumət özünü elə aparır ki, guya İlqar Məmmədov bunların bir nömrəli düşmənidir. Gerçəkdə isə hökumətin ən böyük düşmənçiliyi mənə qarşı olub. Deyirlər ki, guya mən iqtidarın adamıyam, iqtidara işləyirəm, faktları yan-yana qoyanda, görünən budur ki, Azərbaycan iqtidarının ən pis münasibəti mənə qarşıdır. Avropa Məhkəməsinin, Ali Məhkəmənin Plenumun qərarları ola-ola, heç bir addım atılmır. Bu günə qədər Avropa Məhkəməsində udduğum 4 iddia ilə bağlı qərar icra olunmayıb”.