Erməni KİV: Rəsmi İrəvan QARABAĞIN qaytarılacağı haqda iki faktı TƏSDİQLƏDİ
Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakayan iki gün öncə danışıqlar prosesinin davam etdiyi haqda bildirdi və əlavə etdi ki, “Qarabağın təhlükəsizliyi məsələsində güzəştə getməyəcəklər”. Bunun rəsmi İrəvanın danışıqlar prosesinin pozulmasına hesablanan növbətçi bəyanatlarından biri hesab etmək olar. Amma ermənilər məsələyə fərqli tərəfdən baxırlar.
Publika.az xəbər verir ki, erməni millətçilərinin əsas media orqanlarından olan “Yerkramas” saytı Ermənistan xarici işlər nazirinin Qarabağın mərhələli şəkildə Azərbaycana qaytarılmasını təsdiqlədiyini yazır.
Sayt yazır ki, Mnatsakanyan məsləhətləşmələr, yaxud müzakirələrin yox, real danışıqların getdiyini təsdiqləyir: “Erməni nazir o faktı tanıdı ki, danışıqlar təkcə “mərhələli həll” variantı üzərində getmir, həm də bu variant erməni tərəfi üçün müəyyən qədər məqbuldur da. Aprelin 23-də Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatından sonra Qarabağ məsələsi gündəmə gəldi, o vaxt Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirdi ki, “Ermənistan hakimiyyəti Qarabağ münaqişəsinin “mərhələli həll” variantını müzakirə etmir”. Amma 10 gün sonra xarici işlər naziri bildirir ki, “Qarabağ münaqişəsinin nizama salınmasında “mərhələli həll” variantı mümkündür” və əlavə edir ki, “bu, münaqişə tərəflərinin hər birinə uyğun güzəştləri nəzərdə tutmalıdır”. Mnatsakanyanın 4 maydakı açıqlamasının mənası belədir: qərar uyğun güzəştlər əsasında olmalıdır, tərəflərdən yalnız birinin güzəştə getməsi mümkün deyil. Erməni nazir yenidən “Qarabağ xalqının təhlükəsizliyi” amilini vurğuladı, nəhayət təsdiqlədi ki, “il ərzində iki razılığa nail olunub: sülh danışıqlarının davam etdirilməsi və xalqların sülhə hazırlığı üçün əlverişli mühitin yaradılmasına”. Bu, Qarabağın mərhələli şəkildə qaytarılmasının təsdiqidir”.
“Yerkramas” yazır ki, Mnatsakayna iki faktı təsdiqlədi.
“Birinci fakt odur ki, Qarabağın beynəlxalq ictimaiyyətdə tanınmasını yada salan yoxdur. Əgər status haqqında danışılırsa, bunun Azərbaycan sərhədlərindən kənar müstəqil status olacağı dumanlıdır. Çünki gözümüzün qabağında ardıcıl dəyişən təkcə ritorika yox, həm də rəsmi İrəvanın prioritetləridir. Mnatsakanyan dəfələrlə iddia edirdi və etməyə davam edir ki, “onilliklər ərzində yaranmış Qarabağın təhlükəsizliyi sistemi pozula bilməz”. Və qoşunların çıxarılmasını, hansısa rayonların qaytarılmasını inkar edir. Amma həm də qarşılıqlı güzəştlər haqda danışmaqdan da yorulmur. Burada sual yaranır: Əgər Ermənistan tərəfi əraziləri qaytarmırsa, bizim tərəfimizdən hansı güzəştdən söhbət gedə bilər?
İkinci fakt birinci ilə sıx bağlıdır. Azərbaycan tərəfi hansı uyğun güzəştə razıdır? Bu məsələ dəfələrlə gündəmə gəlib, amma Bakı dəqiq heç nə deməyib. Bizdə hesab edirdilər ki, bu, Qarabağ müstəqilliyidir, amma Bakı heç vaxt bu fikir yaxına buraxmır. Bəs o zaman erməni nazir hansı güzəştdən danışır?”, - sayt yazır.
Məqalədə qeyd olunur ki, Ermənistanda hakimiyət dəyişməsi ilə Qarabağ məsələsində də yeni vəziyyət yarandı: “Erməni cəmiyyətində ərazilərin qaytarılması fikrinə etiraz qüvvədə olan hakimiyyətə təhlükə yaratdığı üçün birinci plana başqa aspektlər çıxarılır: uyğun güzəştlər, xalqların sülhə hazırlığı, iqtisadi əlaqələr və s. Həmçinin, Qarabağın münaqişə tərəflərindən biri olması. Halbuki, Nikol Paşinyanın dəfələrlə təkrarladığı bu fikir qeyri-real və absurddur. Burada bir əlavəni edək. Qarabağın yeni “prezidenti” Araik Artünyan bu yaxınlarda bir bəyanat verdi: “Münaqişənin nizama salınması və onunla paralel həyata keçiriləcək proseslərdə erməni qaçqınlar və daxildə yerlərini dəyişmiş şəxslər Azərbaycan qaçqınları ilə bərabərhüquqlu olmalıdır və eyni zamanda, onların qərarları qəbul olunmalıdır”. Bəlkə “şeytan” məhz burada gizlənir? Bəlkə münaqişədə “ərazilərin qaytarılması” məsələsi “Azərbaycan qaçqınlarının Qarabağa qaytarılması” məsələsi ilə əvəzlənir?! Halbuki, hər ikisi eynidir, sadəcə olaraq, ictimai etiraza görə daha yumşaq formada deyilir”.