Özəl xəstəxanalar vergidən necə yayınır? – “Heç kimə qəbz verilmir”
Xətai rayonunda yerləşən “Medeks” Hospitalında ödəniş edən xəstələrə heç bir çek və ya qəbz verilmir. Bu haqda AzNews.az-a məlumat verən şikayətçi bildirib ki, dünən hospitala səhhətində yaranmış problemlə əlaqədar olaraq müraciət edib. Müayinə və aparatlardan keçdikdən sonra ona ödədiyi məbləğin çekini təqdim etməyiblər. Belə ki, onun müayinə üçün ödədiyi məbləğ yalnız kompüterdə qeydiyyata alınıb: “Müayinə və analizlərin qiymətlərini şifahi halda deyirlər. Ödəməni isə xəzinədara ad və soyadını deməklə ödəyirsən. Mən tələb etsəm də nə qəbz, nə də müayinə və analizlərin yazıldığı kağızı verdilər. Bununla yanaşı qeyd etməliyəm ki, bu xəstəxanadakı qiymətlər digərlərindən daha bahadır”.
Şikayətçi bildirir ki, hospital vergidən yayınmaq üçün bu addımı atır.
Yaranmış narazılığa aydınlıq gətirmək üçün hospitalla əlaqə saxladıq. Lakin ittihamların heç birinə konkret cavab ala bilmədik: “Əgər hər hansı şikayət varsa onu yerindəcə araşdırmağa hazırıq”.