“Heç kim bundan sonra bizi buradan çıxara bilməz” - İlham ƏLİYEV
“Dəfələrlə demişəm ki, bizə məsələnin yarımçıq həlli lazım deyil. Bu, nə deməkdir, Azərbaycan xalqı yəqin ki, gözəl başa düşür”. “AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşadan xalqa etdiyi müraciətində deyib. Dövlət başçısı bildirib ki, son illər ərzində Azərbaycan qədər sürətlə inkişaf edən ölkə bəlkə də dünyada yoxdur: “Biz hərbi güc toplamalı idik və bu istiqamət birinci dərəcəli vəzifə idi. Təsadüfi deyil ki, mənim prezidentlik dövrümdə hərbi xərclər hər zaman birinci yerdə idi və bunu mən deyirdim, bəyan edirdim ki, biz hərbi xərclərimizi bundan sonra da artırmalıyıq. Biz müharibəyə hazırlaşmalıyıq, hazırlaşırıq. Açıq deyirdim bütün dünyaya və deyirdim ki, əgər düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz düşməni qovacağıq. Belə də oldu. Müharibənin ilk günlərindən mən demişdim ki, düşmən bizə tarix versin, düşmənin rəhbəri tarix versin, nə vaxt bizim torpağımızdan rədd olur və biz müharibəni dayandırmağa hazırıq. Yenə də sözümdə durdum, bizə tarix verilən kimi, kapitulyasiya aktı imzalanan kimi müharibə dayandı və biz bir güllə atmadan, bir itki vermədən Ağdam, Kəlbəcər və Laçın rayonlarına da qayıtmışıq. Beləliklə, ərazi bütövlüyümüzü bərpa etdik. Yenə də deyirəm, biz hazırlaşmalı idik, Şuşa bizi gözləyirdi. Amma biz elə gəlməli idik ki, bu məsələni birdəfəlik həll edək. Son illər ərzində mən həm çıxışlarda, həm müsahibələrdə dəfələrlə demişəm ki, bizə məsələnin yarımçıq həlli lazım deyil. Bu, nə deməkdir, Azərbaycan xalqı yəqin ki, gözəl başa düşür. Mən demişdim ki, hər şeyi vaxtında etmək lazımdır. Nəyi, nə vaxt, necə etmək lazımdır, bilirəm. Mənim üçün torpaqların azad edilməsindən daha ümdə vəzifə heç vaxt olmamışdır. Bütün prezidentlik dövrümü mən buna həsr etmişəm. Hər bir qərarın arxasında bu məqsəd, bu hədəf dayanmışdı - bu addım bizi qələbəyə yaxınlaşdıracaqmı, yoxsa yox. Deyirdim ki, hər birimiz hər gün qələbəni yaxınlaşdırmalıyıq. Mənim çıxışlarım var, onlar tarixdə qalır. Hər gün hər birimiz qələbəni yaxınlaşdırmalıyıq. Yaxınlaşdırdıq, hazırlaşdıq, gəldik düşməni məğlub etdik, məhv etdik. Gəlmişik və burada dayanmışıq. Müzəffər Ordunun Ali Baş Komandanı kimi dayanmışam qədim Azərbaycan torpağında və heç kim bundan sonra bizi buradan çıxara bilməz”.