"SƏRXAN gəlib alnımın ortasından, bir də diz çöküb əllərimdən ÖPDÜ..."

"Sərxan müəllimə çox böyük hörmətim var, özü də çox gözəl, yaxın şəxsi münasibətimiz də var. Çox gözəl insan və sənətkardır. Hətta Bakıda konsertinə də getmişəm. Yəqin ki, onun fikrini insanlar düzgün başa düşməyib. O, rusdillidir, fikrini izah etməkdə çətinlik çəkib. Çünki heç vaxt inanmaram ki, o, rayon camaatını təhqir etsin. Müsahibəni oxudum və onun fikrində qəbahət bir şey görmədim".
 
"AzerTaym.az" bildirir ki,bunu moderator.az-a açıqlamasında əməkdar artist, xanəndə Sevinc Sarıyeva deyib. O, daha sonra əlavə edib.
 
"Yaxşı olardı ki, özü burada yaşamaya-yaşamaya gərək rayonlu-şəhərli söhbətini heç salmazdı. Bir də o axı Azərbaycan musiqisini təbliğ etmir. Moskvada ancaq rus mahnıları oxuyur. Öz məxsusi tamaşaçıları var. Əlbəttə ki, mənim tamaşaçım Sərxan Sərxana qulaq asa bilməz, həmçinin də onun tamaşaçıları mənə. Burada jurnalist məsuliyyətsizliyindən də danışmaq olar. Bu kimi hallar mənim də başıma gəlib, bir cümləni götürüb, başqa cür fırladıb yazıblar. Jurnalistə lazımdır ki, yazısı oxunsun. Yazıq Gülyanaqın bir kəlimə dediyi "kişi gəzər də, dolanar da, kimə nə dəxli var" sözünü yazmayan, tirajlamayan qalmadı. Bəzi jurnalistlər ağızdan çıxan sözü düzgün olaraq yazmırlar. Təbii ki, sizin saytda çalışanlardan uzaqdır bu sözüm (gülür). Sərxan dünənin sənətkarı deyil, inanmıram o kimisə təhqir etsin. Moskvada da, Bakıda da onunla eyni səhnəni paylaşmışıq, həmişə də muğama, xalq musiqisinə hörməti olub. Mən Polad Bülbüloğlunun yubileyində "Qatar" muğamı oxuyanda Sərxan gəlib alnımın ortasından, bir də diz çöküb əllərimdən öpdü. Mən bunu heç vaxt yaddan çıxara bilmərəm. Kaş onu danışardılar insanlar. İş orasındadır ki, heç kim yaxşını danışmır. Sənətkara hörmətlə yanaşmaq lazımdır. Biz rayondan Bakıya gəlib, 5 il Asəf Zeynallı adına musiqi məktəbində oxuyurduq. Kənddən gəlmiş uşaqlar idik, gəlib Qara Qarayev, Bethoven dinləyirdik. Kənddə eşitmədiyimiz musiqiləri gəlib Bakıda eşidirdik" - deyə xanəndə bildirib.






Fikirlər