“BÖYÜK QAYIDIŞ” yolunda böyük addım: Qarabağ Dirçəliş Fondu!

“Böyük Qayıdış” yolunda böyük addım: Qarabağ Dirçəliş Fondu!

Sentyabrın 27-də başlayan və noyabrın 10-da üçtərəfli bəyanatın imzalanması ilə başa çatan 44 günlük Vətən müharibəsi Ermənistan ordusunun darmadağın edilməsi, düşmən qoşunlarının işğal etdikləri torpaqlardan qovulması, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə nəticələndi. Müharibə 30 illik işğala son qoymaqla yanaşı, post-müharibə dönəmində meydana çıxan yeni reallıqlar dövlətimiz və xalqımız qarşısında yeni vəzifələr qoydu. Bu vəzifələrdən ən ümdəsi isə heç şübhəsiz, işğaldan azad edilmiş ərazilərə böyük qayıdışı təmin etmək, qaçqın və məcburi köçkünlərin öz doğma dədə-baba torpaqlarına geri dönməsinə nail olmaqdır. Hansı ki, Prezident İlham Əliyev müharibə başa çatdan dərhal sonra bununla bağlı ciddi və sistemli addımlar atmaqdadır ki, bu adımlar öz miqyasına, çoxşaxəliliyinə, regional və qlobal əhəmiyyətinə görə diqqət çəkir.

Qarabağ Dirçəliş Fondu – Vahid bayraq altında vahid amala doğru...

Vətən müharibəsində Azərbaycan xalqının tarixi zəfərini təmin edən ölkə başçısı müharibədən dərhal sonra işğaldan azad edilmiş ərazilərin bərpası istqiamətində ciddi qərarlar qəbul etdi ki, bunlardan biri də Qarabağ Dirçəliş Fondunun yaradılması oldu. (//az.wikipedia.org/wiki/Qaraba%C4%9F_Dir%C3%A7%C9%99li%C5%9F_Fondu ). Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə publik şəxs kimi yaradılan Qarabağ Dirçəliş Fondunun formalaşdırılmasında məqsəd, işğaldan azad edilən ərazilərdə həyata keçiriləcək nəhəng tikinti-quruculuq prosesini vahid mərkəzdən koordinasiya etmək, bu məsələdə hər hansı pərakəndəlik və ya qeyri-müəyyənliyin müşahidə edilməsinə imkan verməmək idi. Başqa sözlə desək, Qarabağ Dirçəliş Fondu Qarabağı dirçəltmək, onu əzəli rifahına qovuşdurmaq, ölkə başçısının təbirincə desək, işğaldan azad edilmiş bu torpaqları dünyanın ən gözəl guşələrindən birinə çevirmək kimi vahid amalı vahid bayraq altında reallaşdırmaq məqsədi ilə yaradıldı ki, bu yenilik bütün xalq tərəfindən məmnunluqla qarşılandı.

Yarandığı ilk gündən etibarən Qarabağda həyata keçirilən tikinti-quruculuq işlərinə maliyyə dəstəyi təmin etmək üçün geniş təbliğati fəaliyyət ortaya qoyan Qarabağ Dirçəliş Fondu bu istiqamətdə mühüm addımlar atmaqda, sadəcə Azərbaycan dilində deyil, eyni zamanda xarici dillərdə  maarifləndirmə işi həyata keçirməkdədir. Bugünlərdə Qarabağ Dirçəliş Fonduna ianə etmək imkanı mobil bank tətbiqlərinə əlavə edildi ki, bu da vətəndaşlara “Bir Bank” (Kapital Bank) rəqəmsal bankçılığının,  eyni zamanda “Azərbaycan Beynəlxalq Bankı”, “Unibank”, “Paşa Bank”, “Express Bank” və “Rabitə Bank”ın həm İOS, həm də Android istifadəçiləri mobil tətbiqdə “Xeyriyyəçilik” bölməsinə daxil olaraq “İanə et” funksiyası vasitəsilə kart və ya hesabdan istədikləri məbləği onlayn qaydada Fonda köçürmək imkanı yaradır. (//moderator.az/cemiyyet/388533/qaraba-dircelis-fonduna-iane-etmek-imkani-mobil-bank-tetbiqlerine-elave-olundu/ ). Qarabağ Dirçəliş Fondu hər bir vətəndaşın işğaldan azad edilən ərazilərin bərpası prosesində iştirakını təmin etmək üçün hər bir imkan yaradıb ki, bu da Qarabağda həyata keçirilən böyük quruculuq işinə maliyyə dəstəyini, bu dəstəyin dayanıqlılığını təmin etməlk baxımından son dərəcə böyük əhəmiyyətə malikdir.

Qarabağın gələcəyi hər bir fərdin ölkə başçısının, onun yaratdığı Qarabağ Dirçəliş Fondunun ətrafında nə dərəcədə sıx birləşməsindən asılıdır. Odur ki, hər bir vətəndaş bu məsələdə məsuliyyətini dərk etməli, Qarabağ Dirçəliş Fonduna ianə etməklə tarixi torpaqlarımızın inkişafına, xalqımızın bu torpaqlara geri dönməsinə öz töhfəsini verməlidir. Unutmayaq ki, “Qarabağ Azərbaycandır” və biz Azərbaycanımızın inkişafı üçün heç bir fədakarlıqdan çəkinməməliyik.

Günümüzün reallığı ilə xəyallarımız arasındakı körpü, yaxud “qızıl paralellik”...

Qarabağ Dirçəliş Fondunun fəaliyyətində diqqət çəkən əsas məqamlardan biri Fondun işğaldan azad edilən ərazilərin bərpası prosesini həyata keçirməklə yanaşı, həm də buna paralel şəkildə erməni faşizminin törətdiyi vəhşilikləri dünya miqyasında ifşa etməsi, bu vandalizmi beynəlxalq ictimai rəydə kütləvi qınaq obyektinə çevirməsidir. Başqa cür desək, Qarabağ Dirçəliş Fondu vətəndaşların bərpa prosesində aktivliyinə səy göstərməklə birlikdə, ermənilərin son 30 ildə Qarabağda törətdiyi vəhşiliklərə də diqqət çəkir ki, bu da Ermənistanın əsl simasının ifşa edilməsi, onun beynəlxalq hüquqi müstəvidə məsuliyyətə cəlb edilməsi üçün gərəkli zəminin hazırlanması baxımından mühüm əhəmiyyətə malikdir.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev 4 avqust 2021-ci il tarixli məqaləsində Ermənistanın 30 illik işğal dönəmində Qarabağda həyata keçridiyi ekoloji terrora toxunmaqla yanaşı, beynəlxalq birliyin bu məsələdəki məsuliyyətini də xatırladır, beynəlxalq təşkilatların, aparıcı dövlətlərin uzun illər ərzində baş verənlərə seyrçi qalmasının ağır nəticələrə səbəb olduğunu vurğulayır:

“Biz bu dünyada ilk növbədə özümüzə arxalanmalıyıq.

Bu gün Türkiyədə baş verən yanğınları laqeydcəsinə izləyənlər, on illərlə Qarabağın ekologiyasını məhv etmiş bir ölkəyə maliyyə dəstəyi üçün milyardlarla avro ayıranlar, çətin ki, işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı təşəbbüslərimizi dəstəkləsinlər.

Mən artıq yazmışdım ki, təkcə 2014-2018-ci illərdə Qarabağda bütün Ermənistandakından 2,3 dəfə çox ağac qırılıb.

İşğal illərində ermənilər Qarabağın meşə örtüyünün təxminən 20%-ni qırıblar. Bunlar sadəcə inanılmaz rəqəmlərdir.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, zərər çəkmiş ağaclar arasında qoz, xurma, palıd və Eldar şamı kimi qiymətli ağac növləri də var.

Ancaq, deyəsən, işğal illərində meşə örtüyünün sistemli şəkildə məhv edilməsi ermənilərə azlıq edib.

44 günlük müharibə zamanı Qarabağın ekologiyasına daha bir böyük zərbə vuruldu – ermənilərin fosfor bombalarından istifadə etməsi nəticəsində baş verən yanğınlar meşə massivlərinin geniş ərazisini əhatə etdi.

Hərbi əməliyyatların dayandırılması haqqında saziş bağlandıqdan sonra isə ermənilər möhlət hüququndan istifadə edərək Kəlbəcərdə tələm-tələsik meşələri qırmağa və evləri yandırmağa başladılar, təki bütün bunlar həmin torpağın əsl sahibi olan azərbaycanlılara qalmasın.

20 ildən artıq olan bu uzun müddət ərzində dünya ictimaiyyəti (təbii ki, ən yaxın dostlarımız istisna olmaqla) nə edirdi?

Bəli, erməni işğalçı qüvvələrinin Qarabağın təbii ehtiyatlarını talan etməsini, meşələri qırmasını, narkotraffikinqlə məşğul olmasını, su terroru törətməsini, cəbhəyanı bölgələri atəşə tutmasını, öz ətrafına yüz minlərlə mina basdırmasını və başqa qeyri-qanuni fəaliyyətlərdən çəkinməməsini dinməz-söyləməz izləyirdi”. (//moderator.az/gundem/388569/turkiyede-bas-veren-mese-yaninlari-qarabada-mehv-edilen-meseler-ve-tarixin-dersleri-haqqinda/ ).

Göründüyü kimi, günümüzün reallığı – daşından tutmuş suyuna, torpağına qədər talan edilən, viran olunan Qarabağla, xəyallarımız - sabahın gözəl, firavan, müasir Qarabağı arasında körpü olan Qarabağ Dirçəliş Fondu erməni vəhşiliklərini konkret faktlar, rəqəmlər, təkzibedilməz sübutlar əsasında ifşa edir, eyni zamanda beynəlxalq ictimaiyyəti də baş verənlərə səssiz qalmamağa, Azərbaycanın ədalətli mövqeyini müdafiə etməyə səsləyir.

Millət vəkilindən çağırış: “Qarabağın dirçəlişində iştirak etmək hər birimiz üçün borc və şərəfdir”

Millət vəkili Məşhur Məmmədov da hesab edir ki, hər bir Azərbaycan vətəndaşı Qarabağın dirçəldilməsi prosesində yaxından iştirak etməli, ölkə başçısına, Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə dəstək verməlidir. Bunun hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirən millət vəkili, dünyanın harasında yaşamasıdnan asılı olmayaraq hər bir azərbaycanlını bu prosesdə fəal olmağa səsləyib:

“Qarabağın dirçəldilməsi, onun hərtərəfli inkişafı qarşımızda duran əsas məsələlərdən biridir. Ölkə başçısının bu məsələdəki yanaşmasında əsas məqam ondan ibarətdir ki, heç kim bu prosesdən kənarda qalmasın.

Təbii ki, Qarabağın dirçəlişində iştirak etmək hər bir azərbaycanlının mənəvi borcudur. Bu prosesdə yalnız ölkəmizdəki vətəndaşlar deyil, ölkəmizdən kənarda yaşayan soydaşlarımızın da yaxından iştirakı vacib və arzuediləndir. Qarabağın dirçəlişində, inkişafında iştirak etmək həm tarixi torpaqlarımızın abadlaşması, onun dünyanın ən inkişaf etmiş bölgəsinə çevrilməsi, həm də mənəvi-ruhi rahatlığımız baxımından önəmlidir. Yəqin ki, bu prosesdə türk-islam dünyasının müxtəlif təşkilatları, fondları, şirkətləri də yaxından iştirak edəcək. Avropa dövlətləri, onların müvafiq qurumlarının da Qarabağın dirçəldilməsi prosesində iştirakı gözləniləndir.

Məsələ bundadır ki, bu prosesdə iştirak etmək istəyən insanlar, şirkətlər çoxdur. Buna görə də bütün bu fəaliyyətin koordinasiya edilməsinə, bütün işlərin nizamlı, mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinə ehtiyac var. Qarabağ Dirçəliş Fondunun yaradılmasında əsas məqsədlərdən biri də məhz budur.

Buna görə də, Qarabağ Dirçəliş Fondunun fəaliyyətində yaxından iştirak etmək, işğaldan azad edilən torpaqlarımızın tərəqqisinə töhfə vermək, bu böyük, müqəddəs  işdə pay sahibi olmaq hər birimiz üçün borc və şərəfdir. Əminəm ki, xalqımız, soydaşlarımız, sivil dünyanın müvafiq qurumları və dövlətləri ölkə başçısının fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondunun moderatorluğu altında qısa zamanda doğma Qarabağımızın yenidən dirçəldilməsini təmin edəcək,  işğaldan azad edilən torpaqlarımız sadəcə Azərbaycanın deyil, bütün regionun ən qabaqcıl bölgələrindən birinə çevriləcək. Prezidentimizin qətiyyəti, ölkəmizin iqtisadi gücü, xalqımızın ölkə başçısı və dövlətimiz ətrafındakı birliyi bu böyük missiyanı uğurla başa vurmağa imkan verir"./Moderator.az

 

 






Fikirlər