Gömrük Komitəsi xanım sahibkara UDUZDU: 20 minlik mala 70 MİN RÜSUM tələb olunurdu
Bu gün Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun qərarı ilə Ambiance.med MMC-nin Bakı Baş Gömrük İdarəsinə qarşı iddiası təmin edilib.
“Yeni Sabah” xəbər verir ki, bu haqda məlumatı “Azem&Partners” hüquq şirkətinin direktoru Emil Qurbanov yayıb. O, bildirib ki, təmsil etdiyi Ambiance.med MMC-dən Bakı Baş Gömrük İdarəsi ölkə ərazisinə idxal edilən mallara görə əsassız olaraq 3 dəfə artırılmış rüsum tələb edirdi:
“Sahibkar razılaşmadığı üçün malları nə anbara buraxmırdı nə də rəsmiləşdirmirdi. Beləki, idxal edilən malların dəyəri 20922 avro və ödənilməli rüsum 17000 manat olsa da gömrük orqanı guya invoys azaldılıb iddiası ilə təqdim edilən malların alğı-satqı müqaviləsi və invoysu qəbul etmirdi. Hətta malların idxal edildiyi Avropa Birliyi üzvü ölkənin səfirliyi, gömrük orqanı və istehsalçı zavod rəsmi sənəd təqdim etsə də Gömrük orqanı bu dəfə də sahibkarı həmin zavodla “əlaqəli şəxs” kimi qələmə verərək sənədlərin mötəbərliyinə şübhə ilə yanaşırdı.
Qeyd edim ki, Gömrük orqanının sahibkarın idxal etdiyi 20922 avro dəyərində mala qoyduğu qiymət 75000 ABŞ dolları idi və belə olan halda sahibkar 46000 azn rüsum ödəməli idi. Gömrük orqanı iddia edirdi ki, bu malların apteklərdə pərakəndə satış qiyməti 75000 abş dolları dəyərindədir ona görə də pərakəndə satış dəyərindən çıxılma üsulu ilə hesablayırıq.
Məhkəmə öz qərarı ilə sövdələşmənin əsas olduğunu əsas sayaraq gömrük orqanının yanaşmasının qanuni olmaması qənaətinə gəldi.
Ölkəmizdə bir çox sahibkar bu problemə görə əziyyət çəksə də nadir hallarda məhkəmə yolu ilə hüququnu müdafiə edənlər tapılır.
Bu problemin hüquqi yolu vardır, Gömrük Komitəsinin bu cür yanaşması qanuni deyil və məhkəmələrin yanaşması obyektivdir. Ona görə də hüquqlarınızı haralarasa məktub yazmaqla deyil, məhkəmələr vasitəsi ilə təminat altına alın. Belə olduğu halda Gömrük orqanının yanaşması da zamanla dəyişəcək”.
Xatırladaq ki, bu qalmaqal uzun müddətdir davam edir. “Ambiance Med” MMC-nin rəhbəri Elnarə Əliyeva bu ilin fevralında mediaya üz tutaraq problemi ictimailəşdirmişdi. O, problemin həlli üçün komitənin sədri Səfər Mehdiyevə müraciət etsə də məsələ həll olunmayıb, qeyri-qanuni olaraq ondan 3 dəfə artıq ödəniş tələb olunub.
Hətta bununla bağlı komitə açıqlama yayaraq tələb olunan məbləği əsaslandırmağa çalışmışdı.