Bakının SƏBRİ TÜKƏNİR - ANTİTERROR əməliyyatı qapıda ...
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bugünlərdə “Haber Global”a verdiyi müsahibədə özünü 10 aydır məğlub tərəf statusuna adekvat aparmayan Ermənistanı öz qonşuları ilə normal şəkildə yaşamağa çağırıb. Eyni zamanda böhran içində olan bu cırtdan ölkənin öz iqtisadi durumu haqda düşünmək əvəzinə, təzədən silahlanmağa cəhdlər eləməsi məsələsinə də toxunub. Sitat: “Ermənistanın bu gün bəlkə də silah-sursata, mərmiyə ehtiyacı yoxdur. Ermənistan silah alır, ordu qurmaq istəyir. Bu kimi işlərin Ermənistanın özü-özünü təsəlli etmək cəhdlərindən başqa bir şey olduğunu düşünmürük. Əgər Ermənistanda kimlərsə revanşla bağlı düşünərsə, bu, onların etdikləri növbəti tarixi xəta olmuş olacaq. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Bundan sonra da öz sərhədlərinin mühafizəsini, vətəndaşlarının təhlükəsizliyini təmin etməkdə davam edəcək”. ***** Əlbəttə ki, bu, rəsmi Bakı adından verilən ciddi, ola bilsin həm də son xəbərdarlıqdır və əslinə qalsa, yalnızca sülh prosesini sabotaj edən Ermənistana yox, həmçinin onu aylardır belə təxribatlara sövq edən, şirnikləndirən xarici güclərə ünvanlanıb. Diqqətçəkicidir ki, xəbərdarlıq Türkiyə-Azərbaycan ortaq təlimlərinin intensiv şəkildə davam eləməsi fonunda səslənib. Həmin təlimlərdən biri də hazırda Laçında keçirilir. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təlimdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib. Təlimdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilib. Yəni antiterror əməliyyatının mühüm elementləri də məşq edilir. “Qədim və köklü çinarın budaqları olan Türkiyə və Azərbaycan ”bir millət, iki dövlət!" anlayışı ilə bir yumruq olmağa davam edir". Bu məlumatı isə Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Nazirliyin məlumatında həmçinin qeyd olunub ki, Azərbaycanın Hərbi Dəniz Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıları sentyabrın 6-dan Laçında “Birgə Komando Əməliyyatı” təlimi keçirir. Təlimlər sentyabrın 10-dək davam edəcək.
Gözlənildiyi kimi, Laçındakı ortaq hərbi manevrlər sözün əsl mənasında erməni tərəfdə isterika qarışıq vahimə yaradıb. Məntiqlidir, çünki ilk dəfə olaraq işğaldan azad edilən ərazilərimizdə, separatçı tör-töküntülərin, Rusiya “sülhməramlıları”nın qulağının dibində belə birgə təlim keçirilir. Bəzi təhlilçilər bunu haqlı olaraq, təxminən bir həftə öncə Laçın dəhlizində “təhlükəsizliyi təmin etmək” və PUA hücumlarına qarşı təlim keçirən rus sülhməramlılarına cavab və Bakı və Ankaranın dəhlizin keçdiyi Laçında “əzələ nümayişi” kimi qiymətləndirir. İstənilən halda, bu, aydın bir mesajdır ki, Azərbaycan dövləti öz suveren ərazisində xarici qanunsuz silahlı birləşmələrin uzun müddət meydan sulamasına imkan verməyəcək. Yeri gəlmişkən, bugünlərdə Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin birgə hərbi təlimləri də start götürəcək... ***** Əfsuslar olsun ki, Ermənistana ən güclü təzyiq və təzir rıçaqları olan Rusiya rəsmi İrəvanı ağıllandırmaq üçün gərəkən minimumu eləmir. Əksinə, Rusiyan müvəqqəti nəzarət elədiyi Qarabağın anklav hissəsində - qanuni ərazimizdə separatizmi müxtəlif üsullarla şirnikləndirir. Qarabağa guya müvəqqəti yox, daimi gəldiyi görüntüsü yaratmağa çalışır. Rusiya Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumatlarda vaxtaşırı “DQR”, “Dağlıq Qarabağ”, “Qarabağdakı erməni hərbi birləşmələri”, “Stepanakert” kimi Azərbaycan Konstitusiyasına zidd təxribatçı ifadələrin yer almasının davam eləməsi, üzdəniraq Minsk Qrupunun yeni həmsədri İqor Xovayevin İrəvanda Qarabağ separatçılarının başçısı, Bakının beynəlxalq axtarışa verdiyi quldur Araik Arutyunyanla nümayişkaranə şəkildə görüşməsi, habelə Rusiya “sülhməramlıları”nın sülhməramlı missiya ilə bir araya sığmayan fəaliyyəti, şübhəsiz, eyni məqsədə xidmət edir.
Böyük sülhə ciddi əngəl yaradan bu destruktiv proseslərin hara apardığı barədə xarici müstəqil ekspertlər, o sırada Rusiyanın özünün obyektiv düşüncəli analitikləri də artıq xəbərdarlıq eləməyə başlayıblar. ***** “Düşünürəm ki, yeni bir müharibə və ya hansısa lokal hərbi əməliyyat olmadan Azərbaycan-Ermənistan dövlət sərhədinin demarkasiyası məsələlərinin və onlardan qaynaqlanan digər məsələlər öz həllini tapmayacaq. Yeni müharibənin nə vaxt başlayacağını bilmirəm, amma əminəm ki, o qaçılmazdır”. “Yeni Müsavat”ın məlumatına görə, bunu rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov Vesti.az-a müsahibəsində Qarabağ münaqişəsinin müharibədən sonra sülh yolu ilə qəti və yekun həlli ilə bağlı şübhələrini bölüşərkən deyib.
Oleq Kuznetsov Onun sözlərinə görə, Nikol Paşinyan artıq Ermənistan baş nazirinin səlahiyyətlərini tam olaraq bərpa edib və əgər o, həqiqətən danışıqlar prosesinə qayıtmaq istəsəydi, bunu çoxdan edərdi: “Amma təəssüf ki, bu, baş vermədi”. Öz növbəsində digər rusiyalı tanınmış analitik İqor Korotçenko hesab edir ki, “İrəvan bu və ya digər şəkildə, gec-tez, müəyyən şərtlər altında götürdüyü öhdəlikləri yerinə yetirmək məcburiyyətində qalacaq”. Ekspert bununla əlaqədar üç əsas məqamı qeyd edib: “Qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması; Zəngəzur nəqliyyat dəhlizinin reallaşması - nədən ki, öhdəliklər Laçın və Zəngəzur nəqliyyat dəhlizlərinin paralel həyata keçirilməsini nəzərdə tutur; və nəhayət, sərhədin delimitasiyası və demarkasiyası”. ***** Beləliklə, sülhü israrla yaxına buraxmayan Ermənistan bununla avtomatik olaraq müharibəni yaxınlaşdırmış olur. Ən azından, Bakının lokal antiterror əməliyyatı indi qaçılmaz kimi görünür. Əlavə edək ki, hərbi ekspertlər payız mövsümünü hərbi əməliyyatlar üçün ən əlverişli hesab edirlər. Azərbaycanın Vətən müharibəsi də payızın girişində - 2020-ci il sentyabrın 27-də başlamışdı... /“Yeni Müsavat” İki qardaş ölkənin intensivləşən təlimlərində, birgə Laçın hərbi manevrlərində əsas hədəf; müharibə xəbərdarlığı təkcə İrəvana ünvanlanmayıb; Azərbaycanın Vətən müharibəsi də sentyabrda başlamışdı; rusiyalı tarixçi: “Yeni müharibə və ya lokal əməliyyatlar qaçılmaza çevrilib...”