Rusiya və Ukrayna arasında silahlı toqquşma: – “Türk PUA-ları SÖZÜNÜ DEYƏCƏK“

Türkiyə Ukraynanı dəstəklədi, Rusiyanı isə fakt qarşısında qoydu: Hərbi toqquşmalar yeni situasiya yarada bilər

Son dövrlər Rusiya və Ukrayna arasında münasibətlər kifayət qədər gərginləşib. Ukraynanın Türkiyədən alınan “Bayraktar TB-2” PUA-sı ilə separatçıların mövqeyinə zərbə endərməsii göstərən videodan sonra Rusiya Ukrayna sərhədinə ağır hərbi texnikaları cəmləşdirməyə başlayıb. Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Kiyev öz təxribatçı hərəkətləri ilə Moskvanı güc tətbiq etməsinə sövq etməyə çalışır”.

Yenisabah.az-la fikirlərini bölüşən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov bildirib ki, Ukrayna və Rusiya arasında payızda hansısa silahlı toqquşmanın olacağı istisna edilmir:

“Bu ilin aprel ayında da Ukrayna sərhədinə Rusiya tərəfi çox güclü texnika cəmləşdirmişdi, lakin hazırki proseslərdə daha çox Türkiyə istehsalı olan “Bayraktar TB-2” PUA-larının həyata keçirdiyi bir sıra əməliyyatlar sonrası yayılan videogörüntülər yeni mənzərəni ortaya çıxardır. Həmçinin, Rusiyanın KİV-də yenidən müharibə çağırışları səslənir, bu sahədə müzakirələr təşkil olunur, ekspertlər müxtəlif açıqlamalar verirlər. Müharibə ehtimalları da artmaqdadır”.

 Ukrayna Rusiyanı düşmən elan etdi:ABŞ və Qərbə güvənib, savaşa girsə, fəlakət ilə üzləşə bilər

Siyasi analitik əlavə edib: “Ukrayna Silahlı Qüvvələri PUA-larının Donetsk və Luqansk vilayətlərindən həyata keçirdiyi kəşfiyyat uçuşları Rusiyanı ciddi şəkildə narahat etməyə başlayıb. Çünki türk PUA-lar özünü effektiv tərəfdən göstərə bilib. Bu, Rusiya üçün Ukrayna cəbhəsində məğlubiyyətlə nəticələnə bilər. Rusiya həm Ukrayna ilə sərhədə güclü texnikasını cəmləşdirməklə əzələ nümayişini həyata keçirdir, digər tərəfdən, həyati vacib olan Ukrayna istiqamətində məğlub olmaq istəmir”.

Politoloqun sözlərinə görə, Qərbin də bu sahədə müxtəlif çağırışları var və Romada keçirilən G20 sammitində Ukrayna məsələsi müzakirə olunub: 

“Təsadüfi deyil ki, həm Makronun, həm də Baydenin Ərdoğan ətrafında toplaşması, eləcə də Baydenin Ərdoğana əsgəri salam verməsi elə bu qəbildən olan gərginliyin tərkib hissəsidir. Digər tərəfdən, separaçtılar da Rusiyanın dəstəyinə arxalanırlar. Tərəflər arasında genişmiqyaslı eskalasiyanın yaranacağını indidən söyləmək olar”.

 Rusiyadan hərbi təhdid mesajı: Savaş başlasa, Ukrayna parçalanacaq, yeni sərhədlər fərqli olacaq

İlyas Hüseynov vurğulayıb ki, hadisələrin gedişində Qərbin Ukraynaya çox güclü dəstəyi olacaq. Xüsusən, Bayden administrasiyasının. Lakin Donbass Rusiya üçün həyati vacib bir bölgədir və Rusiya Ukrayna cəbhəsində məğlub olsa, bu, domino effekti ilə bütün postsovet məkanına yayılacaq”.

Rusiya və Ukrayna arasında silahlı toqquşma: – “Türk PUA-ları sözünü deyəcək“

 






Fikirlər