“Hikmət Mirzəyevə qarşı kampaniyanı “5-ci kalon” yönləndirir...” - Həbslər gözlənilir...

“Hikmət Mirzəyevə qarşı kampaniyanı “5-ci kalon” yönləndirir...” - Sabiq nazir müavini

“Son günlər  Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyevlə bağlı mediada və sosial şəbəkələrdə yayılan bəzi əsassız söz-söhbətlər onu hələ 1-ci Qarabağ savaşında gözümün önündə torpaqlarımızın azadlığı uğrunda cəsarət və fədakarlıqla vuruşmuş bir zabit kimi yaxından tanıyan biri olaraq məni çox narahat etdi. 1992-ci ilin dekabrında Xocalı rayonu ərazisindəki hazırda da ermənilərin əlində olan və  o  zaman Ağdam üçün  böyük təhlükə təşkil edən Fərrux yüksəkliyini azad etmək üçün Müdafiə Nazirliyinin göstərişi ilə mənim komandanlığımla aparılmış  hücum əməliyyatı zamanı Hikmət Mirzəyev kapitan rütbəsində hərbi birliyin kəşfiyyat bölüyünün komandiri kimi döyüşmüşdü... Onun Aprel döyüşlərində, 44 günlük Qarabağ savaşında, Şuşanın azad edilməsində   qəhrəmanlıqlarına dastanlar qoşulmaqdadır”.  

  Bunu Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan polkovnik Mehman Səlimov ifadə edib.

“Hesab edirəm ki, hörmətli generalımıza – Şuşa fatehinə qarşı bu mənfur kampaniya Rusiya “QRU”-su, şimal qonşumuzun ölkəmizdəki “5-ci kalon”u tərəfindən yönləndirilir... Mən hələ 1990-cı illərin sonu və ortalarında Müdafiə nazirinin müavini işləyərkən şahidi olurdum ki, o vaxtkı nazir də,  keçmiş  baş qərargah rəisi  Nəcməddin Sadıkov da ona qarşı çox qısqanc və az qala düşməncəsinə mövqe tuturdular. Həmin vaxt Hikmət Mirzəyevin Türkiyədə xüsusi kurs keçmək üçün təqdim olunmasından ötrü mən də əlimdən gələni etdim. Amma adları çəkilən rəhbər vəzifəlilər  Prezident Heydər Əliyevin sərəncamı ilə yaradılmalı olan Xüsusi Təyinatlı Qüvvələrin formalaşdırılması zamanı Hikmət Mirzəyevə nəinki lazımi dəstək verir, əksinə, onun qarşısında cürbəcür əsassız əngəllər yaratmağa çalışırdılar.  “QRU” şəbəkəsi mənim də Türkiyəyə meyilli olduğumu bildiyindən Hikmət Mirzəyevlə münasibətlərimi də korlamağa cəhd edirdilər.  Və sonda min bir hiylə ilə buna nail oldular... 

Onu da əlavə edim ki, Aprel döyüşlərinə və sonradan 2020-ci ildəki II Qarabağ savaşınadək Nəcməddin Sadıkov başda olmaqla Rusiyanın “5-ci kalon”u Hikmət Mirzəyevin Ali Baş Komandanın dəstəyi ilə minbir əziyyətlə yaratdığı el arasında “Yaşma” kimi tanınan Xüsusi Təyinatlı Qüvvələrin zəiflədilməsi və dağıdılması üçün əlindən gələni edirdi.  Ancaq Hikmət bəy bütün bu təzyiqlərə, təhlükələrə sinə gərərək həmin hərbi birləşmənin yüksək səviyyədə hazırlanmasına nail oldu və  44 günlük müharibədə mümkün olanından da artığını edərək ordumuzun qarşısında duran əsas vəzifənin icrasında – Şuşanın işğaldan azad olunmasında aparıcı rol oynadı. Bu işlərin başa gəlməsində Hikmət Mirzəyevə şəxsən Prezident və Ali Baş Komandan İlham Əliyevin, həmçinin Türkiyənin hərbi mütəxəssislərinin birbaşa dəstəyi oldu...  

Bu günlərdə bəzi saytlarda Saray qəsəbəsində əvvəlcə guya Hikmət Mirzəyevin özünə məxsus olan evdən oğurluq edilməsi haqda dezinformasiya yayıldı. Sonradan təkzib verildi ki, həmin ev generalın qohumuna məxsus olub. Bu dezinformasiyanı yayanlar belə təəssürat yaratmağa çalışırlar ki, guya Hikmət Mirzəyev də bəziləri kimi korrupsionerdir və hər yerdə villası var. Bilirəm ki,  doğrudan da bu, onun yaxın qohumunun evidir. Çünki həmin ev tikilən dövrdə mən podratçı şirkətin rəhbəri kimi Müdafiə Nazirliyinin Şubanıdakı obyektlərinin tikintisini aparırdım. Və bir gün Hikmət Mirzəyev  xahiş etdi ki, onun qohumunun evinin tikintisi üçün yaxşı mütəxəssislər tapılmasında köməklik göstərim. Mən də öz növbəmdə tanıdığım ev ustalarından hörmətli generalın qohumunun evinin tikintisində iştirak etmələrini xahiş etdim. Onu da bilirdim ki, həmin ustaların pulu Hikmət Mirzəyevin qohumu tərəfindən vaxtında və artıqlamasıyla verilirdi... 

 

Digər bir məsələ ondan ibarətdir ki, əvvəla, general Hikmət Mirzəyev korrupsiya ilə məşğul olacaq əqidədə olan bir vətəndaş, bir hərbçi deyil... İkincisi də, hörmətli generalın heç rüşvət almağa ehtiyacı da olmayıb və yoxdur. Çünki Hikmət Mirzəyevin əmək haqqı  kifayət qədər yüksək məbləğdədir. Üçüncüsü də, hörmətli generala Ali Baş Komandanın özü tərəfindən ev verilib. Bütün bunları söyləməkdə məqsədim odur ki, Şuşa fatehi – hörmətli general Hikmət Mirzəyevi ləkələməyə yönəlmiş bütün xain düşmən cəhdləri əbəsdir və puça çıxacaq”- deyə Müdafiə nazirinin sabiq müavini vurğulayıb. /Moderator.az






Fikirlər