“Putin bilməlidir ki, hücumdan 5 dəqiqə sonra hətta qazlı su belə ala bilməyəcək...” - ŞƏRH
Münaqişələri başlamaq onu dayandırmaqdan daha asandır. Rusiyanı qabaqlamaq lazımdır. Putinin Ukraynaya soxulmaması üçün amerikalılar ora daha çox silah verməli, Rusiyaya sanksiyalarla təsir etməli, Rusiya əhalisi arasında təbliğat işləri aparmalıdırlar. AzerTaym.az moderator.az-a istinadən xəbər verir ki, bu sətirlər ABŞ Nümayəndələr palatasının üzvü, Demokrat partiyasından konqresmen Set Moultonun “The Wall Street Journal” nəşri üçün yazdığı məqalədəndir. “Əgər Putin həqiqətən də vicdanla danışıqlar aparmaq istəyirsə, o zaman Birləşmiş Ştatların bəxti gətirəcək”, - deyə yazan Set Moultonun sözlərinə görə, Rusiya indi Nikita Xruşşovun köhnə sxemini əlində silah edib: “Mənim olan mənimdir, sənin olan isə müzakirə olunmalıdır”. Məqalə müəllifi Putinin Ukrayna ilə sərhəddəki istehkam adlandırdığı təlimlərdən narahatdır. Lakin onun fikrincə, belə qüvvənin yalnız bir məqsədi ola bilər - müdaxilə və bu halda Ukrayna Putinin ilk dayanacağı olacaq. Sonra o, ABŞ-ın müttəfiqlərinə: minlərlə Amerika əsgərinin yerləşdiyi Polşa, Litva, Latviya, Estoniyaya keçəcək. Deputat qeyd edir ki, amma eyni zamanda, Ukrayna və ABŞ-ın Rusiya təcavüzünün qarşısını almaq planları bir-biri ilə əlaqəli deyil. ABŞ-ın manevr etmək üçün məkanı azdır. Co Bayden artıq hərbçi göndərməyəcəyini açıqlayıb. Digər tərəfdən, Putinin sadə hədə-qorxudan tutmuş Ukraynanı tam şəkildə ələ keçirməyə kimi güc tətbiq etmək üçün hər cür imkanı var. Ona görə də ABŞ öz strategiyasını yenidən nəzərdən keçirməlidir. 2014-cü ildə Amerika Krımın Rusiyaya ilhaqının qarşısını ala bilmədisə indi Ukrayna və Qərb hücumun qarşısını almaq yox, ona cavab vermək üçün daha yaxşı hazırlaşıb. Belə ki, Ukrayna hökuməti öz xalqının rus hərbçilərinə qarşı necə vuruşacağından danışır. Məqalə müəllifi xəbərdarlıq edir ki, ancaq Rusiya tez bir zamanda üstünlük əldə edə bilsə, o zaman müqavimətin sadəcə olaraq inkişaf etməsinə vaxt olmayacaq. Ona görə də ABŞ və Ukrayna qabaqlayıcı tədbirlər görməlidir. Birincisi, ABŞ Ukraynaya silahların çatdırılma sürətini əhəmiyyətli dərəcədə artırmalı və bunu açıq şəkildə etməlidir. Təkcə Ukraynanın şərq cəbhəsini deyil, həm də təhlükə altında olan bütün şəhərlərini silahla təmin etməlidir. Məsələn, məqalə müəllifi Qara dənizdə sualtı qayıq əleyhinə raketlərin yerləşdirilməsini təklif edir. İkincisi, bizə effektiv sanksiyalar lazımdır - məqsədyönlü, güclü və bütün NATO üzvləri tərəfindən geniş şəkildə dəstəklənən. Set Moulton yazır ki, Putin sanksiyalara yüngül yanaşır, çünki indiyə qədər tətbiq edilənlər çox ümumi idi. Məqalə müəllifi yazır: “Bu dəfə Putin bilməlidir ki, hücumdan 5 dəqiqə sonra hətta qazlı su belə ala bilməyəcək”. Üçüncüsü, müdaxilənin ağır nəticələrini təkcə Putinə deyil, həm də ruslara açıq şəkildə çatdırmaq lazımdır. Rusiyanın bütün Amerikaya məlumat yaymaqda problemi yoxdur və amerikalılar da bunu etməlidir. Görünür, o, ukraynalıların əksəriyyətinin Rusiyayönlü ideyaları dəstəkləyəcəyinə və özünün müdaxilənin az zərərlə həyata keçirilə biləcəyi təbliğatına inanır. Ancaq həqiqət budur ki, ukraynalıların əksəriyyəti öz müstəqilliklərini və demokratiyanı yüksək qiymətləndirirlər və Ukraynanın çoxdan NATO-ya can atması da bunu təsdiqləyir. Onun sözlərinə görə, Putinin xalq dəstəyi zəif iqtisadiyyat və pandemiya ilə sarsılıb. Müəllif yazır ki, bu hərəkətlərlə Putini eskalasiyaya təhrik etmək çətindir, o, bu cür təxribatlara öyrəşib və istədiyi vaxt bunu özü edir. Deputat ABŞ ordusunun dəstəyi və Qərbin sanksiyaları sayəsində Ukrayna ilə istənilən toqquşmanın Rusiya üçün ağrılı və qanlı olacağını Rusiya prezidentinə göstərməyə çağırır.