““Alma-almaya bənzər” filmində birgə çəkilirdik, yanbayan otaqlarda qalırdıq...”

““Alma-almaya bənzər” filmində birgə çəkilirdik, yanbayan otaqlarda qalırdıq...”

Səfurə xanımla mənim ilk tanışlığım 1975-ci ildə “Alma almaya bənzər” filminin çəkilişlərində, Quba şəhərində olub. Hər ikimiz də bu filmdə çəkilirdik. Düzdü, bizim filmdə birgə səhnələrimiz, epizodlarımız yox idi, amma bir mehmanxanada yaşayırdıq, hətta otaqlarımız da yanbayan idi. Mən yeniyetmə idim, Səfurə xanım mənə böyük diqqət və qayğı göstərirdi. Çox təvazökar, qayğıkeş, həssas qəlbli insan idi. Bakıya qayıtdıqdan sonra o məni tez-tez atamdan soruşurdu. Atam o vaxt Aztv-də sədrin birinci müavini vəzifəsində çalışırdı, Səfurə xanımı çox yaxşı tanıyırdı. Atamla mənim üçün tamaşalarına dəvətnamələr yollayırdı. Mən də çox böyük məmnuniyyətlə, həvəslə həmin tamaşalara gedib baxırdım və böyük zövq alırdım. Çox sevinirdim ki, Səfurə xanım kimi bir aktrisa məni öz tamaşalarına dəvət edir. Bəlkə mənim teatra sevgimi də bu tamaşalar yaratdı”.
 

 

Bunu Moderator.az-a açıqlamasında Dövlət Film Fondunun direktoru Cəmil Quliyev deyib. O, daha sonra əalvə edib:
“Səfurə İbrahimova çox böyük aktrisadır, mən dəfələrlə çıxışlarımda qeyd etmişəm ki, o həm dramatik, həm də komik rolların mahir ifaçısıdır. Azərbaycan filmlərinə baxsaq, görərik ki, o, dramatik yox, komik rolları da böyük məharətlə ifa edir. Buna misal kimi “Dərviş Parisi partladır”, “Qaynana”, “Arşın mal alan” filmlərini göstərmək olar. O bir çox rolları oynaya bilmədi, ona görə ki, rejissorlar ona bəzən maraqlı rollar təklif etmədilər. Eyni zamanda teatrda mütəmadi məşğul olduğu üçün kinoya gəlib çəkilə bilmirdi. Bizim kino Səfurə İbrahimovanın oynamadığı rollarla çox şey itirdi. O, böyük potensiala, gücə malik aktrisa idi. Səfurə xanım daim bizim qəlbimizdədir”, - deyə o bildirib.






Fikirlər