Bayden Ukraynada baş verənləri soyqırımı adlandırdı...
ABŞ Prezidenti Co Bayden ilk dəfə olaraq Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi müharibəni soyqırımı adlandırıb. “Qafqazinfo” “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, Bayden bu barədə Ayova ştatında yanacaq qiymətlərinin qalxması ilə bağlı çıxış edərkən danışıb. “Sizin ailə büdcəniz, yanacaq çəninizi doldurmaq imkanlarınız dünyanın o biri ucunda olan, müharibə elan edən və soyqırımı törədən diktatordan asılı olmamalıdır”, - deyə Bayden söyləyib. Bayden bu çıxışından sonra jurnalistlərə “Bəli, mən bunu soyqırımı adlandırdım” deyə bildirib. Onun sözlərinə görə, zaman keçdikcə Rusiya Prezidenti Vladimir Putinin, hətta ukraynalı olmaq fikrini belə yox etməyə çalışdığını görmək mümkündür. Bayden, həmçinin qeyd edib ki, rusiyalı hərbçilərin hərəkətlərinin soyqırımı ilə bağlı beynəlxalq kriteriyalara uyğun gəlib-gəlmədiyini vəkillər təyin edə bilər, lakin onun üçün bu, şübhəsiz görünür. Ukrayna Prezidenti Volodimir Zelenski isə öz növbəsində Baydenə bu açıqlamasına görə minnətdarlığını bildirib. “Əsl liderin doğru sözləri. Pisliyə qarşı durmaq üçün hadisələri öz adları ilə çağırmaq vacibdir. ABŞ-a artıq göstərdikləri yardımlar üçün minnətdarıq. Rusiyanın gələcək vəhşiliklərinin qarşısını ala bilmək üçün bizim təcili olaraq daha ağır silahlara ehtiyacımız var”, - deyə Zelenski öz rəsmi tvitter hesabında yazıb.