Əliyev “Zəngəzur” dedi, erməni toplumu qarışdı: Çünki bu dəfə mövzu “dəhliz” deyil
Ermənistanda siyasi-ictimai əhval-ruhiyyə yenidən dəyişməyə başlayıb. Brüssel görüşünün nəticələrindən ciddi şəkildə narazıdırlar. Baş nazir Nikol Paşinyanın həmin görüşdən sonrakı açıqlamalarından sonrasa, ümumiyyətlə, təlaş içərisindədirlər. Və “artsax” iddialarının sona çatdığını artıq anlamağa, hiss etməyə başlayıblar. Ona görə də, hazırda Ermənistanda Rusiyanın himayə etdiyi revanşist müxalif qüvvələr Paşinyan hakimiyyətinin devrilməsinə yönəlik fəaliyyətə start veriblər. Hakimiyyət dəyişikliyinin vacibliyi ilə bağlı əsas arqumentləri isə əsasən “Ermənistan və “artsax”ın xilas edilıməsi” şüarları üzərində indeksləşib. Revanşıst Rusiyayönümlü müxalifət hesab edir ki, baş nazir Nikol Paşinyan “artsax”ın Azərbaycana qaytarılmasına çalışır və bununla da Ermənistanın mövcudluğunu böyük təhlükə altına salır. Baş nazir N.Paşinyanın Moskva səfərindən sonra rəsmi İrəvanın mövqeyində hansı dəyişikliyin olacağı isə hələlik məlum deyil. Böyük ehtimalla erməni baş nazir yaxın vaxtlarda açıqlama verməklə, Kremldə ona göstərilmiş təzyiqlərin hansı nəticələri verdiyini hiss etdirəcək. Hələliksə, Rusiya mətbuatında baş nazir N.Paşinyanın faşizm ideologiyasına bağlılıqda suçlanması Kremldə baş verənlərin arxasında müəyyən müəmmaların gizləndiyini göstərir.
Kremlin “sehirli çubuğu” ilə hərəkətə keçən revanşist erməni müxalifətinin şüarları da dəyişməz qaldığından Rusiyanın baş nazir N.Paşinyana tam güvənmədiyini biruzə verir. Eyni zamanda, hazırda Ermənistan cəmiyyətində aparılan ictimai müzakirələrin məzmunu erməni toplumunun gələcəklə bağlı pessimist əhval-ruhiyyədə olduğunu təsdiqləyir. Hər halda, ermənilər “artsax”ın Azərbaycanın tərkibinə qaytarılmasına imkan vermək olmaz” deyirlərsə, deməli, Ermənistan cəmiyyəti bunun artıq baş vermək üzrə olduğunun siqnallarını alıb. Ancaq erməni toplumunun bu qaçılmaz prosesə müqavimət imkanları demək olar ki, mövcud deyil. Çünki mövcud situasiyada erməni toplumunun həm Ermənistanı qorumaq, həm də “artsax” iddialarını davam etdirmək şansı yoxdur. Ermənistanı qorumaq üçün baş nazir N.Paşinyanın da eyham vurduğu kimi, “artsax” iddialarından imtina etmək lazımdır. Əks halda, qat-qat güclü Azərbaycanla müharibə qaçılmaz olar. Nəticədə, erməni toplumu yalnız “artsax” iddialarından məhrum qalmaz, həm də Ermənistanı da itirər. Yəni, Ermənistanın mövcudluğu yalnız “artsax” iddialarının yox olmasına bağlıdır. Digər variant ümumiyyətlə “erməni dövlətçiliyi”nin Cənubi Qafqazın xəritəsindən silinməsinə səbəb ola bilər. Və belə vəziyyətdə Kreml tərəfindən idarə olunan revanşist erməni müxalifətinin Ermənistanın gələcək taleyini riskə ata biləcək etiraz dalğası yaratmağa çalışdığı da qətiyyən şübhə doğurmur.
Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamasında məhz bu məsələ ilə bağlı Ermənistana açıq xəbərdarlıq mesajları da yer almaqdadır. Çünki, Prezident İ.Əliyev açıq mətnlə bəyan edib ki, Ermənistanın özündən müqayisəedilməz səviyyədə güclü Azərbaycanla növbəti müharibə üçün yetərli hərbi-siyasi, maliyyə-iqtisadi və insani resursları yoxdur. Və bu mesaj hazırda Ermənistana ən doğru istiqaməti göstərən xəbərdarlıqdır. Eyni zamanda, Azərbaycan Prezidentinin açıqlamalarında Ermənistan hakimiyyətinin və cəmiyyətinin ciddi nəticələr çıxartmalı olduğu başqa önəmli məqamlar da var. Prezident İ.Əliyev vurğulayıb ki, Sovet hakimiyyətinin Zəngəzuru Azərbaycandan qoparıb, Ermənistana verməsi tarixi faktdır: “Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana bağışlaması da sənədlərlə təsdiq olunmuş faktdır”. Erməni toplumu “tarix uydurmağa” vərdişlidir. Ancaq Azərbaycan Prezidentinin də vurğuladığı kimi, sənədlərə bağlı həqiqi tarix tamamilə fərqli reallıqları isbat edir. Erməni toplumu Azərbaycanın tarixi torpaqlarında özünə “uydurma dövlət” yaratmağa nail olub. Hətta həmin “uydurma dövlət”in – Ermənistanın paytaxtı İrəvan da Azərbaycana məxsus tarixi şəhərdir. Və Azərbaycanın həm Zəngəzura, həm də İrəvana iddia etmək hüququ var.
Ona görə də, erməni toplumu hazırda Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərində “artsax” iddiaları ilə daha bir “uydurma dövlət” qurmaq xəyallarından ayılıb, Azərbaycan liderinin tarixi sənədlərə istinadla verdiyi xəbərdarlıq mesajları üzərində daha ciddi düşünməsi lazımdır. Əks halda, erməni toplumu “artsax” xəyallarından ayılmağa imkan tapmamış Azərbaycan tarixi sənədlər əsasında öz hüquqi iddiasını rəsmiləşdirə də bilər. Və belə olacağı təqdirdə, “uydurulmuş erməni tarixi”nin Ermənistana heç bir faydası olmayacaq. Maraqlıdır ki, Azərbaycan Prezidentinin bu barədə xəbərdarlıq mesajları artıq Ermənistan cəmiyyətində ciddi təşviş yaratmağa başlayıb. “artsax”ın Azərbaycanın tərkib hissəsi olmasına müqavimət göstərməyə çalışan erməni siyasi dairələri indi böyük narahatlıqla, Zəngəzuru və İrəvanı necə qoruya biləcəklərini müzakirə edirlər. Və hələlik “dəryada gəmisi batanlar”ın əhval-ruhiyyəsində olan Ermənistan cəmiyyəti rəsmi Bakının konkret addımlarla hərəkətə gələcəyi təqdirdə, buna necə qarşılıq verilə biləcəyini belə, təsəvvür etməkdən çox-çox uzaqdır. Belə anlaşılır ki, adətən, “uydurma tarix” boşboğazlığına meyilli olan erməni toplumunu yalnız real tarixi faktlarla küncə sıxışdırıb, aciz duruma salmaq mümkündür. Azərbaycan liderinin son açıqlamaları da Ermənistanda məhz belə bir effekt verib. Çünki, Prezident İ.Əliyev bu dəfə Zəngəzur dəhlizindən deyil, məhz Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan danışıb. Və indi Ermənistan cəmiyyəti “qondarma dövlət”lərinin gələcək taleyini təxmin etmək üçün şansına da malikdir. Elçin XALİDBƏYLİ,Azərbaycan Prezidentinin tarixi sənədlər üzərindən Zəngəzur və İrəvanla bağlı xəbərdarlıq mesajı verməsi artıq Ermənistan cəmiyyətində ciddi təşviş yaratmağa başlayıb; Hələlik “dəryada gəmisi batanlar”ın əhval-ruhiyyəsində olan Ermənistan cəmiyyəti rəsmi Bakının konkret addımlarla hərəkətə gələcəyi təqdirdə, buna necə qarşılıq verilə biləcəyini belə, təsəvvür etməkdən çox-çox uzaqdır...
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu