Əkrəm Əylislidən Çingiz Abdullayevə ağır sözlər: “Savadsızdır, qıpqırmızı yalanlar uydurur”

Əkrəm Əylislidən Çingiz Abdullayevə ağır sözlər: “Savadsızdır, qıpqırmızı yalanlar uydurur”

AYB-nin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin Xalq şairi Ramiz Rövşəni tənqid edənləri "düşmən" adlandırması narazılıq yaradıb. Yazıçı Əkrəm Əylisli həmkarına sərt cavab verib.

 

Əkrəm Əylisli açıqlamasında AYB katibinin məlum fikrini "məzmunsuz və ünvansız söz yığını" adlandırıb. Əkrəm Əylisli belə deyib:

“Çingiz Abdullayevin sosial şəbəkədə yayımladığı məzmunsuz və ünvansız yazısına münasibət bildirməyə bəlkə də dəyməzdi. O mətnin tənqidə dözə biləcək bircə üfürümlük canı yoxdur. Mətn olduqca savadsızdır, həddən ziyadə bayağıdır. Büsbütün sovet zamanından qalma çılpaq demoqogiyadır. Bu mətn Çingiz Abdullayevin təkcə yazmaq və düşünmək imkanlarının acınacaqlı göstəricisi deyil, bu, həm də AYB-dəki mövcud əxlaqi və mənəvi durumun miskin mənzərəsini özündə gen-bol əks etdirir.

Hamıya məlum olduğu kimi, “dünya şöhrətli yazıçımız”, eyni zamanda öz xalqının, millətinin atəşin vurğunudur. Kişi bu yolda illər boyu can qoyub, böyük əziyyətlərə qatlaşıb. Ancaq nə etmək olar ki, bəzi “aciz və cılız” adamlar bunu görmür, görmək istəmir. Hətta elə əclaflar tapılır ki, onun dünya şöhrətinə təcüvaz etməkdən də “ölmür-utanmır”. Belələri “bu böyük şəxsiyyətin” barəsində çirkin rəvayətlər uydurur, murdar şayiələr yayır. Məsələn, yaramazlar deyirlər ki, o, canından çox sevdiyi millətinin dilində 3 cümləni yan-yana yaza bilmir və guya bizim ana dilimizdə bu adam erməninin, yəni “mənfur düşmənimizin” əttökən ləhcəsində danışır. Yalandır, böhtandır. Bunu deyənlər “layiqsiz, qramofonlardır, oğru və səviyyəsizdirlər, daha dərindən baxsaq, xalqımızın düşmənləridirlər”.

Fikir verin: bu mətnin bir cümləsi belə normal Azərbaycan dilində deyil. Üstəlik, rus dilini kamil bilən, rusca savadlı adam, özünün statusunda məlum “qrafomanlar” sözünü “qramofonlar” şəklində yaza bilməz. Bu, savadsızlıqdır. Mən Çingizin barəsində əvvəllər mətbuatda bir sıra sərt fikirlər səsləndirmişdim, amma onlara cavab verməyə zoru çatmadı. İndi bir növ özünə bənzəyən “samballı avtoritet” sahiblərinin arxasında gizlənib özünü qəhrəman kimi göstərir. Eynilə misdən qızıl qayıran Molla İbrahim-Xəlil Kimyagərin “texnologiyası” əsasında yalanı doğru adına sırıyan Çingiz Abdullayev özünün bu unikal məharətindən o qədər cuşa gəlir ki, heç vaxt olmadığı, iştirak etmədiyi tədbirlər barəsində eninə-uzuna söz deyir, qıpqırmızı yalanlar uydurur.

1987-ci ildə Yazıçılar İttifaqına yeni rəhbər seçilən vaxt Çingiz Abdullayev orada olmayıb. O vaxt Çingiz Abdullayev Yazıçılar İttifaqının nəinki katibi, hətta heç sıravi üzvü də deyildi. O, Yazıçılar İttifaqına Əbdürrəhman Vəzirovun vaxtında, necə deyərlər, birbaşa yuxarıdan gəldi. O vaxt Çingizi yazıçı kimi heç kəs tanımırdı. Çingiz Abdullayev qazandıqlarının hamısını məhz Yazıçılar İttifaqının katibi olmasının sayəsində qazanıb. Və elə buna görə də təxminən 35 il bundan əvvəl yuxarıların əli ilə qamarladığı vəzifədən hələ də heç cürə əl çəkə bilmir.

Son olaraq, “dünya şöhrətli yazıçımızın” nəzərinə çatdırmaq istərdim ki, İsa Qəmbərin həbsdən azad edilməsi Anarın və Yusifin xidməti deyil. Onlar sadəcə yuxarıların tapşırğını can-başla yerinə yetiriblər. İsa bəyi müdafiə komitəsinin sədri mən olmuşam, onun həbsdən azad edilməsi barədəki müraciəti şəxsən mən imzalamışam. İsa bəy həbsdən azad ediləndən sonra mənim Heydər Əliyevə göndərdiyim təşəkkür teleqramı ovaxtkı mətbuat orqanlarının az qala hamısında dərc edilib.

Dünyada saf, ya saxta ömür yaşamaq hər kəsin öz işidir. Ancaq heç “dünya şöhrətli yazıçının da” tarixi saxtalaşdırmağa haqqı yoxdur. /Yenisabah.az 






Fikirlər