Azərbaycanı gözləyən 2 kritik hadisə - SÜLH müqaviləsi bu il də İMZALANMASA...
2023-ün ilk ayı da Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması baxımından itirilmiş zaman kəsiyi sayıla bilər. Boşuna gedən hər bir ay, il isə bölgədə yeni müharibəni, yaxud ciddi lokal hərbi toqquşmanı yaxınlaşdırır. Nə barədə ki, Qərbin “beyin mərkləz”ləri yeni il girər-girməz, xəbərdarlıq etməyə başlayıb. Son olaraq, mənzil-qərargahı Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupu bir neçə gün öncə analoji proqnozla çıxış edib. Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları ötən ilin sonundan dalana dirənib. Səbəb isə rəsmi İrəvanın əvvəllər əldə edilmiş razılaşmalardan kənara çıxması (Makronun danışıqlarda iştirakını şərt kimi irəli sürməsi və s.) və Bakının təklif etdiyi sülh sazişinin mətninə lüzumsuz əlavələr etməsidir. Nəticədə Bakı Brüsseldə planlaşdırılan görüşü, İrəvan isə Moskvadakı üçtərəfli görüşü boykot edib. Bu fonda Prezident İlham Əliyev ötən ay yerli telekanallara müsahibəsində bildirib ki, 2023-cü il Ermənistan üçün son şans olacaq. Hazırda danışıqlar üçün mümkün platformaların heç biri işlək deyil: nə Brüssel və Vaşinqton formatları, nə də Moskva formatı. Fevralın 1-də isə ABŞ özünün Qafqaz danışıqları üzrə növbəti, yeni xüsusi elçisini təyin edib. Bu - Filip Rikeri əvəzləyəcək Leo Bonodur. Lakin Bononun sələfindən uğurlu vasitəçi olacağını söyləmək çətindir. Çünki onun fəaliyyəti ilə bağlı rəsmi açıqlamalarda yenə “Dağlıq Qarabağ”, “Dağlıq Qarabağ konflikti”, hətta “Minsk Qrupu” kimi ermənilərin qulağına xoş gələn ifadələr işlədilib. Bu isə o anlama gəlir ki, hələ ki, ABŞ da sülh danışıqlarını irəli aparmaq üçün zəruri konstruktivlik və obyektivlik meyarına malik deyil. Deməli, sülh sazişinin tezliklə imzalanacağını gözləməyə dəymir. Pol Qobl Hərçənd amerikalı politoloq, vaxtilə Qarabağ konfliktinin həlli üçün “ərazi mübadiləsi” modelini irəli sürmüş Pol Qobl hesab edir ki, sülh müqaviləsi məsələsində tələsikliyə ehtiyac yoxdur və hətta bu təhlükəli ola bilər. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, Globalinfo.az-a açıqlamasında deyib. “Hər hansı sülh müqaviləsi haqqında danışmaq tezdir. İndi intensiv danışıqlar aparmağa ehtiyac var və çoxlu kiçik razılaşmalar olmalıdır. Onlar etimadın yaradılmasına xidmət edə və sonradan əsas müqaviləyə gətirib çıxara bilər. 30 illik münaqişənin tez və asanlıqla həll ediləcəyini gözləmək təhlükəli yanılmadır”, - deyə Qobl qeyd edib. Onun sözlərinə görə, İrəvan nəqliyyat dəhlizlərinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Bölgə və ətrafındakı durumdan danışan amerikalı ekspert İran və İsrail arasındakı toqquşma nəticəsində Cənubi Qafqaz və Yaxın Şərq regionunda yaranan qeyri-stabil vəziyyətin böyük müharibə təhlükəsi doğurduğunu söyləyib. “Lakin, çox güman ki, yaranmaqda olan blokların yenidən təşkili və dondurulması baş verəcək. Azərbaycan getdikcə daha çox İsrail və Qərblə, İran isə Rusiya ilə yaxınlaşacaq. Hazırda yeni dünya nizamının konturları aydın deyil. Ancaq bir şey dəqiqdir ki, Azərbaycan yeni dünya düzənində keçmişdə olduğundan daha böyük rol oynayacaq və eyni zamanda daha çox diqqət mərkəzində olacaq. Hər ikisinə də hazır olmalıdır”, - deyə o əlavə edib. *****
Sergey Lavrov Bu arada Rusiya xarici işlər naziri Sergey Lavrovun “Rossiya 24" telekanalına srağagünkü müsahibəsi, daha dəqiqi ovaxtkı Ermənistan hakimiyyətinin qeyri-konstruktivliyi üzündən Azərbaycanın 7 rayonu hərbi yolla qaytarmaq zorunda qaldığını söyləməsi kapitulyant ölkədə az qala, isterik reaksiya doğurub. Halbuki Lavrov qeyri-adi bir şey deməyib. Hətta əksinə, incə şəkildə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb. Çünki Azərbaycan təkcə 7 rayonu yox, keçmiş DQMV-nin 1/3-ndən çoxunu da azad edib - Şuşa, Hadrut və s. Lavrov isə nədənsə həmin əraziləri görməzlikdən gəlib və sırf 7 rayon haqda danışıb. Belə çıxır, işğal altında yalnız 7 rayonumuz olub. Müsahibədə o, ümumən beynəlxalq hüquqa istinad eləmir, ərazi bütövlüyümüzün adını çəkmir. Sanki keçmiş DQMV ərazinin Azərbaycana dəxli yoxdur. Rusiyanın Qarabağ anklavındakı məlum davranışları, separatçılara dəstəyi, Vardanyan və “Rus icması” projeləri, habelə Moskvanın sülh müqaviləsinə “Dağlıq Qarabağın statusu gələcək nəsillərə saxlanılsın” bəndini əlavə eləmək cəhdləri bu qənaəti gücləndirir, Lavrovun yanaşması ilə tam səsləşir və rəsmi Moskvanın əslində ermənipərəst mövqedə olduğunu bir daha sübut edir. Rusiya anklavı faktiki özünün əbədi “qoruğu” kimi saxlamaq istəyir. O zaman erməni radikal müxalifət nədən qarın ağrısına düşüb? Düzdür, rəsmi İrəvan Lavrova etiraz bildirməyib. Ancaq fakt budur ki, Ermənistan toplumu iqtidarlı-müxalifətli sülh müqaviləsinin imzalanmasına hazır deyil və bunda maraqlı deyil. Çünki Paşinyan hökuməti də 3 ildir real sülh müzakirələrindən müxtəlif bəhanələrlə yayınmaqla məşğuldur. Demək, Ermənistanı yeni müharibə gözləyir. O zaman bədəlinə də gərək hazır olsun. Eyni zamanda öz ərazisinə 2 illiyə dəvət elədiyi Avropa Birliyi missiyasına gərək arxayın olmasın. Paşinyan hökuməti isə üstəlik, bir-biri ilə düşmən mövqedə dayanan qütblər (Rusiya, ABŞ, AB, İran) arasında təhlükəli şəkildə “rəqs” edir. Bapbalaca, “izqoy” ölkə 44 günlük müharibədən sonra da başından yekə iddialarla yaşayır. Bölgədə qızışdırıcı, pozucu siyasət yürüdür. Bununla da öz xalqını daha böyük fəlakətlərə doğru aparır... ***** “3-cü Dünya müharibəsi de-fakto reallığa çevrilib, artıq ”qırmızı xətt" çəkilib, qarşı tərəflər müəyyənləşib. Ermənistan gec-tez qərar verməli olacaq".
Ruben Melkonyan Bunu erməni türkoloq Ruben Melkonyan deyib. “Dünya müharibəsinin cəbhəsi artıq aydındır və müttəfiqlərin blokları faktiki olaraq müəyyən edilib. Rusiya, İran və Çinin maraqlarının üst-üstə düşdüyü göz qabağındadır. Bu fonda bəzən əsaslandırılan, bəzən isə əsaslandırılmayan qeyri-müəyyənliklər də üzə çıxır. Məsələn, Türkiyədə əsaslı qeyri-müəyyənlik var. Çünki bu ölkə tərəf tutmur, hamı ilə işləyir. Ermənistanda isə əsassız qeyri-müəyyənlik var. Çünki bir tərəfdən KTMT-nin üzvüdür, amma KTMT-nin əleyhinə fəaliyyət göstərir, bəzən KTMT ona qarşı fəaliyyət göstərir. İrəvan Rusiyanın müttəfiqidir, amma Kremlin düşmənlərini ölkəyə dəvət edir. Ermənistanın hərəkətlərinin diplomatiya və manevrlə heç bir əlaqəsi yoxdur”, - deyə o qeyd edib. Onun qənaətincə, eyni şey İran məsələsində müşahidə olunur. “Ermənistanla İran arasında dostluq münasibətləri var, amma İrəvanın Tehran məsələsinə yanaşmaları aydın deyil. Bəlkə də vaxt hələ gəlməyib, amma elə bir məqam olacaq ki, Ermənistan hansı düşərgədə olduğuna qərar verməli olacaq”, - deyə Melkonyan bildirib. Onun fikrincə, dünyada baş verən proseslər fonunda regionun birbaşa hərbi əməliyyatlara cəlb olunması mümkündür: “Bu halda Ermənistan hərbi əməliyyatların aparıldığı səhnəyə çevrilə bilər. İndi çoxvektorlu siyasətin vaxtı deyil, çünki proseslər çox sürətlə gedir, ona görə də növbəti diplomatik manevr zamanı ölkə darmadağın ola bilər”. Bu darmadağından isə kapitulyant ölkəni nə Qərb (ABŞ və AB), nə də Rusiya xilas edəcək. Xilas yolu təcili şəkildə iki əsas qonşu ilə - Azərbaycan və Türkiyə ilə anlaşmaqdır. Ermənistanın əsas təhlükəsizlik qarantorları da yalnız Bakı və Ankaradır... Ermənistan nə sülhə hazırdır, nə də hərbə; amerikalı politoloq: “Bakı getdikcə daha çox İsrailə və Qərbə yaxınlaşacaq”; erməni türkoloqdan SOS: “Bu dəfə ölkə darmadağın ola bilər...”