ÇİN 12 BƏNDLİK SÜLH PLANINI AÇIQLADI... – “İkibaşlı” plan nə Ukraynanı, nə də Rusiyanı qane edir
Çin xeyli vaxtdır anonsunu verdiyi Ukraynadakı müharibəyə dair sülh planını açıqlayıb. Lakin sənədin mətni ilə tanışan olan əksər şərhçilər bunu plan yox, çağırışlar və təkliflər toplusu, Çinin mövqeyinin elan edilməsi kimi dəyərləndiriblər. “AzPolitika.info” Qərb mətbuatına istinadla xəbər verir ki, Çinin təqdim etdiyi sənəddə Ukraynadakı işğalçılıq müharibəsi “müharibə”, deyil, “Ukrayna böhranı” adlandırılır. Çin Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilən bu sənəd 12 bənddən ibarətdir: Çin hər bir maddəyə ayrılıqda aydınlıq gətirsə də, konkret hansı addımların atılmalı olduğunu göstərməyib. Məsələn, atəşkəsin necə əldə olunmasına dair hər hansı təklif verməyib. Sadəcə, göstərib ki, “bütün tərəflər Rusiya və Ukraynanı tezliklə dialoqa başlanması işində dəstəkləməlidir”. Bir tərəfdən suverenliyə hörmət edilməsinin vacibliyini bildirərək, dolayısı ilə Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsinə işarə vuran Çin, digər yandan “Soyuq müharibə” mentalitetindən imtiina bəndində qeyd edir ki, “bir ölkənin təhlükəsizliyi digər ölkələrin təhlükəsizliyi hesabına təmin olunmamalıdır” və “regionun təhlükəsizliyi hərbi blokların genişlənməsi və güclənməsi hesabına əldə edilməməlidir”. Bunlar isə bir növ Rusiyanın Ukraynaya qarçı işğalçılıq müharibəsinə haqq qazandıran tezislərinin, bəhanələrinin başqa bir formada təkrarı təsiri bağışlayır. Onu da qeyd edək ki, ÇİN BMT-nin bu gün keçirilən toplantısında Rusiyanın öz qoşunlarını Ukraynadan çıxarmasını tələb edən qətnaməsinə dair səsvermədə bitərəf qalıb. Bu isə Çinin “sülh planı”ndakı 1-ci bəndlə - “Bütün ölkələrin suverenliyinə hörmət edilməsi” bəndi ilə ziddiyyət təşkil edir. Digər bəndlərə gəlincə, burada ən önəmli olanlar nüvə silahından istifadənin yolverilməzliyi və AES-lərin təhlükəsizliyinin qorunmasıdır. Əksər şərhçilər Çinin təqdim etdiyi sənədin sülh planı yox, tövsiyyə, təklif, çağırış xarakteri daşıdığını onunla izah edirlər ki, Çin bu sənədin “sülh planı” kimi tərəflərin rədd etməsindən ehtiyat edib. Yəni, bir növ “sözünün yerə düşməsini” istəmədiyi üçün bunu plan yox, Çinin mövqeyi və tövsiyyəsi kimi təqdim edib. Lakin göründüyü kimi, onun birmənalı şəkildə qəbulu və bu sənədin sülh prosesində əsas kimi götürülməsi olduqca az ehtimal edilir. Çünki Ukraynanın suverenliyinin, ərazi bütövlüyünün tanınması Rusiyanın mövqeyinə ziddir. Eyni zamanda, Ukraynanın hərbi bloklarda iştirakına qarşı çıxılması, yaxud Rusiyanın təhlükəsizliklə bağlı bəhanələrinin əsas götürülməsi rəsmi Kiyevi qətiyyən qane etmir. Ona görə də bu sənədin və ümumilikdə Çinin vasitəçiliyinin perspektivləri dumanlı görünür. Həmçinin, əksər şərhçilər Çinin bu təşəbbüsünün “mən də varam” prinsipindən irəli gəldiyini və böyük ehtimalla Rusiyanın məğlubiyyətilə bitəcək müharibədən sonrakı “bölgüdə” Pekinin də iştirakına hesablandığını bildirirlər. Digər yandan bu sənədi Çinin Rusiyanı heç də birmənalı şəkildə dəstəkləmədiyinin növbəti təzahürü hesab edirlər.