Türkiyə üçün kritik 2 ay - Bakı-İrəvan sülh sazişi mayın 14-dən sonraya qalır?
Qardaş ölkə bu gündən iki aylıq kritik prezident və parlament seçkiləri zolağına girir. Artıq Yüksək Seçki Qurumu 36 partiyanın iştirakını rəsmən təsdiq edib. Seçkilərlə bağlı danışan prezident Ərdoğan deyib ki, bütün seçkilər çətin və əhəmiyyətlidir, amma regionda və dünyada baş verən gərgin hadisələr 14 may seçkilərini daha vacib edir. Türkiyə lideri bunu hakim partiyanın vilayət başçılarının iclasında deyib. O bildirib ki, müxalifətin gündəliyində millətin taleyi ilə bağlı bir dənə belə olsun məsələ yoxdur: “Onlar, əksinə, mövcud olan resursları dağıtmağı vəd edirlər. Həmçinin sərhədlərimizə təhdid yaradan, daxili sabitliyi pozmaq istəyən terrorçularla mübarizə də müxalifətin gündəliyində deyil”. Seçkilərə 2 ay qalmış qüvvələr nisbəti, şanslar necə görünür? 28 mayda ikinci tur mümkündürmü? Türkiyədəki 14 may seçkilərindən dolayı belə fikir də var ki, Ermənistan ona qədər çalışacaq ki, Azərbaycanla heç bir sülh sazişi imzalamasın. Çünki düşünür ki, qərbpərəst müxalifətin namizədi Kılıçdaroğlu qalib gəlsə, danışıq masası arxasında Azərbaycanın əli zəifləyəcək. Ona görə ki, Türkiyə guya əvvəlki tək onu müdafiə etməyəcək. Lakin Rusiya Yaxın Şərq İnstitutunun rəhbəri Yevgeni Satanovski erməni mediasına açıqlamasında deyib ki, Kılıçdaroğlunun qələbə şansı yoxdur. O fikrini belə əsaslandırıb: “Müxalifətin vahid namizədlə bağlı bundan axmaq razılığı ola bilməzdi. Razılaşmaya görə, CHP lideri Kamal Kılıçdaroğlunun 5 vitse-prezidenti olacaq - müxalifətdə təmsil olunan partiyalardan hər biri bir vitse-prezident təklif edəcək. Bu artıq axmaq konstruksiyadır. Təsəvvür edin, ölkəyə 5 və ya 7 vitse-prezidenti olan şəxs rəhbərlik edir. Belə konstruksiya necədir? Vitse-prezident o şəxsdir ki, məsələn, prezident xəstələnərsə, onu əvəz edə bilər. Bütün bunlar seçicilərə göstərir ki, bu kiçik, boş və mənasız alverçilərə səs vermək olmaz. Faktiki olaraq onlar Ərdoğana nəinki prezident, həm də parlament seçkilərində qələbəni hədiyyə etdilər. Müxalifət Ərdoğanla bacarmır, onlar axmaq, acgöz, mənasızdır... Bu gün Türkiyədə yüksək cərgədə yalnız bir siyasətçi var - kənd başçıları ilə danışan, zəlzələdən zərər çəkmiş hər qəsəbəyə baş çəkən, vicdansız podratçıları mühakimə edən Ərdoğan”.
Əhəd Məmmədli: “Tayyib Ərdoğan siyasi qrossmeysterdir” AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli müxalifətin namizədini Ərdoğana rəqib görmür: “Ötən prezident seçkilərində də, indi də sorğularla alqı yaratmaq istəyirlər ki, guya Ərdoğan məğlub olacaq. Bu, Qərbin texnologiya metodudur. Bu hiyləyə qətiyyən aldanmaq olmaz. Ərdoğanın son açıqlamaları göstərir ki, o, seçki sürətini azaltmaq istəyir. Müxalifət isə əksinə, son iki ayda bütün Türkiyənin seçki ab-havası ilə yaşamasını istəyir. Rəisin bu cür yanaşmasını düzgün hesab edirəm. Dəfələrlə söylədiyim kimi, Tayyib Ərdoğan siyasi qrossmeysterdir. Müxalifətdəkilər onunla müqayisədə çox cılız, balaca görsənirlər. Onlar Ərdoğana rəqib deyillər. Əsas müxalifətin vahid namizədi Kılıçdaroğlu isə ümumiyyətlə Ərdoğana rəqib deyil. Bu seçkidə Ərdoğanın rəqibi hansısa altılı masa deyil, Qərb və onun on illərdir hər sahədə yerləşdiyi, bəslədiyi "beşinci kalon"u və kriptolarıdır. İlk dəfə olaraq Türk-İslam düşməni rusiyalı politoloq Satanovski ilə razıyam. Müxalifətin namizədi də, vəd etdikləri gələcək iqtidar konfiqurasiyası da çox uğursuzdur. Oyuncaq prezident, bir neçə vitse-prezident nə demək?! Düzdür, Kılıçdaroğlu hiyləgər siyasətçidir. O, seçildiyi təqdirdə verdiyi heç bir vədin üstündə duran deyil və prezidentliyini gücləndirən kimi tam idarəetməni əlinə almaq niyyətindədir. Bütün bunların olması üçün bay-bay Kamal ilk öncə gərək seçilməlidir, bu da olmayacaq. Birinci turdaca Ərdoğan və hakim Cümhur İttifaqı prezident seçkilərində qalib gələcək. İqtidar koalisiyası parlament seçkilərində də 50%+ götürəcək. Türkiyədəki xeyirli-uğurlu prezident seçkilərindən sonrada qardaş ölkə xarici siyasətdə də daha rahat hərəkət edə biləcək. Bu da Azərbaycanın istər Qarabağ, istərsə də Zəngəzur-Göyçə cəbhəsində əl-qolunu açacaq. Amma bu o demək deyil ki, seçkilərə qədər Türkiyə və Azərbaycan xarici siyasətdə sakit duracaqlar. Seçki marafonu aşırında da, xüsusən Türkiyə tərəfindən Suriya və İraq cəbhəsində lokal səviyyədə də olsa hərbi əməliyyatların, mühüm terrorçuların məhv edilməsinın davamını gözləyirəm".
Asif Nərimanlı: “Ermənistan sülh müqaviləsini Türkiyədəki seçkilərə qədər uzatmağa çalışır və...” Siyasi analitik Asif Nərimanlı qarşıdakı iki ayda çox şeylərin dəyişə biləcəyindən söz açdı: ""Altılı masa" namizədini müəyyənləşdirəndən sonra müxalifətin aktiv kampaniyaya başlaması Ərdoğanın geri düşdüyü təəssüratını yaradır, lakin qarşıdakı iki ayda bir neçə amilin proseslərə xüsusi təsir edə biləcəyi gözləniləndir. Birincisi, hakim partiya əsas diqqətini zəlzələ bölgəsinə ayırsa da, əsas həmlələrini edə bilər, xüsusilə iqtisadi sferada müəyyən addımların atılacağı gözləntisi var. İkincisi, müxalifət daxilində qarşıdurmaların yenidən yaşanacağı, xüsusilə HDP məsələsi seçicilərə təsir edə bilər. HDP ilə əlaqələrin qurulmasında CHP israrlıdır, lakin masada digərləri, əsasən də İYİ partiya bunu qəbul etmir. Bu amil fikir ayrılığını dərinləşdirə bilər. O cümlədən vahid namizəd olan Kamal Kılıçdaroğlunun HDP ilə təmasları artırması onun səs itirməsə belə, mövcud reytinqinin artmasının qarşısını ala bilər. Üçüncüsü, qarşılıqlı təbliğat hücumlarıdır. Müxalifət və iqtidar bir-birinin səhvləri üzərindən təbliğatı gücləndirir və bu da seçki gününə qədər, xüsusilə neytral seçiciyə təsir edə biləcək amildir. Fikrimcə, müxalifətin əlindəki kartlar açıqdır, sosial-iqtisadi vəziyyət, zəlzələ dağıntıları və s. İqtidar bu kartları zəiflətmək istiqamətində çalışacaq. Buna paralel olaraq, müxalifətin üzərinə getməyi də sürətləndirəcək. Qeyd etdiyim kimi, HDP məsələsi üzərindən kampaniyanı genişləndirə bilər. Ümumilikdə milli xətt təbliğat kampaniyasında əsas olacaq. Bu amillər seçkilərə qədər vəziyyəti dəyişdirə bilər". Siyasi analitik ikinci tur gözləntilərindən də danışdı: “Mövcud vəziyyətə baxdıqda seçkinin ikinci tura qalacağı gözləntisi daha çoxdur, lakin qarşıdakı iki ay hər şeyin birinci turda həll ediləcəyi vəziyyətini də yarada bilər. Türkiyədəki seçkilər təkcə bu ölkəyə yox, bizim regiona da təsir edəcək, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə. Qərbdə, İranda və Rusiyada olduğu kimi, Ermənistanda da Türkiyədəki seçkidən sonrakı dövrlə bağlı planlar var. Bu, post-Ərdoğan dövrünü əhatə edən ssenarilərdir. Ərdoğanın hakimiyyətdən getməsi bütün hallarda proseslərə təsirsiz ötüşməyəcək. Hər şeydən əvvəl Türkiyənin diqqəti daxilə yönələcək ki, bu da Ankaranın regional siyasətini arxa plana keçirə bilər. Bununla yanaşı, Türkiyədə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycana dəstəyin davam edəcəyi fikirləri irəli sürülsə də, reallıqda vəziyyət başqa cür ola bilər. Doğrudur, bu dəstək olacaq, amma necə olacağı sual altındadır. Birincisi, diqqətin daxilə yönəlməsi Türkiyənin regional oyunçu qabiliyyətini zəiflədə bilər və bu, Azərbaycanın əlinin zəifləməsi deməkdir. İkincisi, hazırkı müxalifətin, xüsusilə Kılıçdaroğlunun qərbyönmlü siyasi xətti Türkiyənin regional proseslərə müdaxilə imkanını zəiflədəcək. Yəni qarşımızda Rusiya və Qərb arasında tarazlayıcı güc olan Türkiyə yox, Qərbin siyasətini yürüdən Türkiyə ola bilər və bu, Türkiyənin Azərbaycan üçün qalxan rolunu zəiflədəcək. Azərbaycan Qərb-Rusiya qarşıdurmasının ortasında qalacaq. Bütün bunlar Ermənistanla sülh müqaviləsinə təsir edə bilər. O baxımdan, Ermənistan sülh müqaviləsini Türkiyədəki seçkilərə qədər uzatmağa çalışır və post-Ərdoğon dövrünə hazırlaşır. Fikrimcə, proseslərin bu istiqamətdə inkişafını rəsmi Bakı da anlayır, məhz mümkün risklərə qarşı öncədən addımların atılması gözləntisi var. 14 maya qədər Azərbaycanın üçtərəfli razılaşmaların icrası istiqamətində praktiki addımlar atacağını düşünürəm. Bu, Qarabağdakı erməni silahlı dəstələrinin çıxarılması, yaxud zərərsizləşdirilməsi, Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulması, sərhədin delimitasiyasında əlimizi gücləndirəcək mövqelərə nəzarətin bərpa edilməsi kimi məsələləri əhatə edə bilər”. Cavanşir ABBASLI,
“Yeni Müsavat”