“TÜRKİYƏDƏ MÜXALİFƏT qələbənin qoxusunu hiss edir” – QƏRB NƏŞRİNDƏN İDDİA

24 iyun seçkiləri öncəsi şanslar və gözləntilər haqda bir daha

Türkiyədə 24 iyun seçkiləri yaxınlaşdıqca siyasi ehtiraslar da qızışır. Bu özünü həm namizədlərin qarşılıqlı ittihamlarında, həm də fərqli reytinq sorğularında, həm də dünyanın Türkiyəyə baxışında özünü göstərir.

Bilindiyi kimi, 24 iyunda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçiriləcək. İqtidar partiyası AKP seçkilərə MHP, Böyük Birlik Partiyası ilə birlikdə “Cumhur İttifaqı” adlı blokla gedir. Blokun prezident seçkilərindəki namizədi hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğandır. Müxalifət isə seçkilərə pərakəndə gedir. Ancaq müxalifətin əsas favoritləri bəllidir. Ana müxalifət CHP parlament seçkilərinə öz siyahısı ilə, prezident seçkilərinə isə Məhərrəm İncənin namizədliyi ilə gedir. Yeni yaradılmış İYİ Partiya isə öz siyahısı ilə parlament seçkilərinə, prezidentliyə isə partiya sədri, keçmiş daxili işlər naziri və vitse-spiker Meral Akşenerin namizədliyini irəli sürüb. Daha bir aktiv müxalifət partiyası Səadətdir. Seçkilərə öz siyahısı ilə gedən Səadət Partiyası prezidentliyə sədr Temel Karamollaoğlunun namizədliyini irəli sürüb. Son illərdə keçirilən seçkilərdə stabil 10-11 faiz səs alaraq parlamentdə təmsil olunan HDP isə deputat seçkilərin öz siyahısı ilə gedir, prezidentliyə isə hazırda həbsdə olan partiyanın sabiq həmsədri Səlahəddin Dəmirtaşın namizədliyini irəli sürüb.

İYİ Parti ile ilgili görsel sonucu

Maraqlıdır ki, prezident seçkilərində müxaliflərin heç biri hazırkı prezidentə qalib gələcəyini iddia etmir. Ancaq bütün müxaliflər ikinci tura ümid edir. Çünki ikinci tur olarsa, müxaliflər prezident Ərdoğana qarşı vahid namizədlə çıxış etməli olacaqlar. Bu zaman isə şanslar necə deyərlər bərabərləşir. Ən son olaraq İYİ Partiyanın açıqladığı seçki rəy sorğusunun nəticələrinə əsasən Akşener birinci turda 22 faiz səs qalacaq, seçkilər isə ikinci tuta qalacaq.

Yeri gəlmişkən, Qərb mediası Türkiyə seçkiləri yaxınlaşdıqca, bu mövzuya daha çox diqqət ayırır. Britaniyanın nüfuzlu “Economist” jurnalı 24 iyun seçkilərinə geniş təhlil yazısı həsr edib. BBC-nin təqdim etdiyi məqalədə qeyd olunur ki, Türkiyədə müxalifət Ərdoğan qarşısında qələbənin qoxusunu hiss edir. Eyni zamanda yazıda Akşenerin 20 faizdən çox səs alacağını yazıb.

Məhərrəm İncəni populyar dəliqanlı bir siyasətçi kimi xarakterizə edən jurnalın analitikləri sekulyar camiədən olmasına baxmayaraq İncənin mühafizəkar kəsimlə əlaqə qura bilən nadir siyasətçilərdən biri olaraq qeyd ediblər.

İYİ Parti ile ilgili görsel sonucu

Ancaq jurnalın əsas vurğusu son aylarda iqtisadi geriləmələr, lirənin dəyərdən düşməsinin Ərdoğana etimada mənfi təsir edəcəyi ilə bağlıdır. Eyni zamanda yazıda müxalifətin hazırkı namizədlərinin göstəricilərinin pozitiv olduğu, Akşenerin, İncənin çox aktiv və uğurlu bir kampaniya apardığı qeyd olunur. Xüsusən də dünyəvi CHP ilə islamçı Səadət Partiyasının müttəfiqlik əlaqələri qurmasının seçkilərə təsir edəcək mühüm amil kimi qeyd edilir.

Söz düşmüşkən, iki gün əvvəl beynəlxalq reytinq təşkilatları Türkiyənin ehtimal olunan iqtisadi artım faizini bu il üçün proqnozlaşdırılan 4 faizdən 2,5 faizə endirib. Buna əsas səbəb kimi ölkədəki yüksək inflyasiya, neft qiymətlərinin bahalaşması və türk lirəsinin ucuzlaşması göstərilir. Qeyd edək ki. Türkiyədə Mərkəzi Bankın proqnozlaşdırdığı 5 faizlik inflyasiya hazırda 10,85 faizi ötüb. Bu isə Türkiyədə milli valyutanın dəyərdən düşməsi tendensiyasının daha da dərinləşəcəyini göstərir.

türkiye merkezi bankası ile ilgili görsel sonucu

Türkiyə belə bir vəziyyətdə seçkilərə gedir. Hazırda seçkilərə 3 həftədən də çox zaman qalır və ictimai rəyin bu müddətdə hansı istiqamətdə dəyişəcəyini demək çətindir. Ancaq müxalifət ümidlidir. Seçicilərə dəyişiklik vəd edir. Hökumət isə 16 illik uğurlar, nailiyyətləri xatırladır. Əsas problem odur ki, hökumətin iddia etdiyi kimi, kənardan Türkiyə iqtisadiyyatına təsir göstərib seçkilər öncəsi hökuməti etibardan salmaq istəyidir. Milli valyuta sürətlə dəyərdən düşür, iqtisadi inkişaf tempi xeyli dərəcədə geriləyib və sair. Bütün bu hadisələrin kənardan idarə olunub-olunmadığını demək çətindir. Ancaq fakt odur ki, Türkiyə seçicisinin rəyində iqtisadi vəziyyətin necəliyi ciddi rol oynayır. Bu isə hökuməti narahat edir.

İndi Türkiyə seçicisi 16 ildir yol gəldiyi, iş üslubunu, baxışlarını, ən əsası birinci şəxsin timsalında dini və milli dəyərlərə münasibətini bildiyi bir komanda ilə müxalifətin vəd etdiyi gələcək arasında seçim etməlidir. Bu səbəbdən də son günlərdə ölkə iqtisadiyyatındakı təlatümlər AKP-nin mövqelərinə zərbə vurur. 24 iyuna qədər Türkiyədə iqtisadi sabitləşmə yaranmasa, seçicilər arasında parçalanma yarana bilər, daha əvvəl sabitlik, iqtisadi inkişaf naminə AKP-ni seçən elektorat fikrini dəyişə bilər. Ancaq bunun üçün həm də müxalifətin inandırıcı vədləri olmalıdır.  (“Yeni Müsavat”)

 
 






Fikirlər