ŞUŞA Bəyannaməsinin iki ili - mühüm tarix...

İki il ərzində iki ölkə arasında əməkdaşlıq özünü hansı yeni xətdə göstərə bildi?

2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanmasından iki il keçir. Tarixə Şuşa Bəyannaməsi kimi düşən sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada imzalayıblar və bununla iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsası qoyulub.

44 günlük Vətən müharibəsi dövründə Türkiyə dövləti və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi siyasi dəstək, səsləndirdiyi bəyanatlar Azərbaycanın mövqelərinin güclənməsi baxımından böyük əhəmiyyət daşıyırdı. Şübhəsiz, Azərbaycan özü öz hərbi gücü ilə öz torpaqlarını işğaldan azad etdi. Eyni zamanda Türkiyənin siyasi və mənəvi dəstəyi hadisələrin gedişatına kənar məkrli qüvvələrin müdaxiləsinin qarşısını aldı. Müharibədə qələbədən il yarım sonra imzalanan Şuşa Bəyannaməsi isə iki ölkə arasındaki birliyin daha yüksək səviyyəyə qalxması baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən mühüm sənəddir. Məhz bu baxımdan Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu.

Hazırda dövlətimiz tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işlərində də Türkiyə yaxından iştirak edir, hər zaman olduğu kimi, Azərbaycanla həmrəyliyini nümayiş etdirir. Türkiyə ilə Azərbaycanın apardığı siyasət bölgədə sabitlik və sülhün bərqərar olması, xalqların birgə və rahat yaşamasına xidmət edir.

Bəyannamə sayəsində Türkiyə və Azərbaycanın münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artırır. Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırırdı. Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev demişdi ki, bəyannamədə ən önəmli məsələlərdən biri müdafiə sahəsindəki əməkdaşlıq, müdafiə sənayesi və qarşılıqlı hərbi yardım məsələləri ilə bağlıdır. “Bu onu göstərir ki, biz həmişə bir yerdə olacağıq və bir-birimizin təhlükəsizliyini təmin edəcəyik,”- İlham Əliyev bildirmişdi.

Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu.

Şuşa Bəyannaməsinin məhz 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası vardı.

Bəs Şuşa Bəyannaməsinin qəbulundan ötən iki il ərzində iki ölkə arasında əməkdaşlıq özünü hansı yeni xətdə göstərə bildi?

Oqtay Qasımov: “Azərbaycan müxalifəti çörəklə imtahana çəkildi” – Müsahibə (I Hissə) » GundemXeber İnformasiya Portalı

Oqtay Qasımov 

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Şuşa Bəyannaməsi imzalandıqdan sonra Azərbaycanla Türkiyə arasında münasibətlərin inkişaf tempinə diqqət yetirdiyimizdə bu inkişafın yüksələn xətt üzrə inkişaf etdiyini görməkdəyik: "O dövrdən bu günə qədər həm Azərbaycanla Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq genişlənib. Ticarət dövriyyəsi ciddi şəkildə artaraq 5,8 milyard dollar həcminə çatıb ki, bunun gələcəkdə inkişaf etdirilərək 15 milyard dollar həcminə çatdırılması nəzərdə tutulur. Bundan başqa, Türkiyə ilə Azərbaycan arasında elmi-texniki əməkdaşlıq istiqamətləri ciddi şəkildə davam etməkdədir. Azərbaycanda “Teknofest” festivalı keçirildi. Bu festivalın Azərbaycanda keçirilməsi çox önəmli idi. İki ölkə arasında hərbi sənaye sahəsində əməkdaşlıq güclənməkdədir. Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf etdiyini görməkdəyik. Hər iki ölkənin silahlı qüvvələri sıx əməkdaşlıq içərisində fəaliyyət göstərir və bu müddət ərzində 20-dən artıq birgə təlim həyata keçirilib. Azərbaycan Ordusunun Türkiyə ordusu modelində qurulması istiqamətində ciddi addımlar atılmaqdadır. Bundan başqa, hər iki ölkə beynəlxalq səviyyədə xarici siyasət məsələlərində birgə koordinasiya olunmuş fəaliyyət içərisindədir. O cümlədən Güney Qafqazda sülhün və sabitliyin əldə olunması üçün birgə addımlar atılır. Bundan başqa, Şuşa Bəyannaməsinin imzalanması türk dövlətləri arasında inteqrasiya prosesinə ciddi şəkildə töhfə verib. Belə ki, Türk Dövlətləri Təşkilatı artıq bir ciddi quruma çevrilməkdədir. Bundan başqa, türk dövlətləri arasında münasibətlər intensiv şəkildə inkişaf etməkdədir. Azərbaycan və Türkiyə eyni zamanda Orta dəhlizin və Zəngəzur dəhlizi layihələrinin həyata keçirilməsində birgə fəaliyyət göstərirlər. Orta dəhliz artıq fəaliyyət göstərməkdədir.

Şuşa Bəyannaməsi bir çox sahələrdə Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin hüquqi zəminə otuzdurulmasıdır. Bu sənədin əsasında demək olar bütün sahələrdə müttəfiqlik münasibətlərinin yeni mərhələsi başlamış oldu".

 






Fikirlər