Rusiya təyyarəsi kimin əmri ilə vurulub? - Dəhşətli hadisədə “beşinci kolon” izi

Rusiya təyyarəsi kimin əmri ilə vurulub? - Dəhşətli hadisədə “beşinci kolon” izi

Rusiyanın İL-76 hərbi-nəqliyyat təyyarəsi bu gün Belqorod səmasında vurulub. Təyyarənin həqiqətən vurulması Ukrayna hərbiçilərinin əməliyyatıdır, yoxsa təyyarə nasazlığa görə qəzaya uğrayıb?
 
AzerTaym.az  bildirir ki, təhlükəsizlik eksperti İlham İsmayıl,
bu və digər suallarla moderator.az-ın suallarını cavablandırıb;
- Hadisə Belqorod vilayətinin ərazisində baş verib. Bu vilayət Ukrayna ilə həmsərhəddir və istər vilayətin digər şəhərlərindəki hərbi obyektlər, istərsə də vilayətin mərkəzi Belqorod şəhəri Rusiyanın başladığı müharibədən sonra dəfələrlə Ukrayna Ordusunun hədəfi olub. Ukrayna hava hücumundan müdafiə sistemləri əsasən Ukrayna ərazisində Rusiya aviasiyasını zərərsizləşdirsə də, bir neçə dəfə sərhədə yaxın Rusiya ərazilərində də hədəfləri vurublar. Nəzərə alsaq ki, təyyarə Moskva ətrafında Çkalovskidən havaya qalxıb və uzun bir məsafə qət edib. Enməyə yaxın məsafədə təyyarənin nasaz olması inandırıcı deyil. Videodan görünür ki, təyyarənin sol qanadı səmada alışır və yerə düşüb partalayır. Bu mənada təyyarənin Ukrayna tərəfindən vurulması daha çox inandırıcıdır. Hadisə baş verəndən sonra Ukrayna mətbuatında və teleqram kanallarında ilk informasiyalar da Ukrayna Ordusunun əməliyyatı kimi təqdim edildi. Sonradan bəzi informasiyalar silindi.
 
Təyyarədə dəyişmək üçün 63 Ukrayna hərbi əsirlərinin olduğu və Ukrayna tərəfinin bu barədə məlumatlı olduğu haqqında Rusiya Müdafiə Nazirliyi informasiya yayıb. Sizcə Ukrayna həqiqətənmi bu məlumatı bilib, amma yenə də təyyarəni vurub? 
 
- Rusiyanın bu xəbəri təbliğat xarakterlidir və Ukrayna hakimiyyətini, Ordusunu anti bəşəri mövqeyinə görə günahlandırmaq məqsədi daşıyır. Rusiya hələ bu istiqamətdə təbliğatını davam etdirəcək. Öz hərbi əsirlərinin təyyarədə olduğunu bilə-bilə Ukrayna tərəfinin təyyarəni vurması mümkün deyil. Bunun nəticələrinin Ukrayna tərəfini necə pis vəziyyətə salacağını bilmək üçün xüsusi ağıla malik omağa ehtiyac yoxdur. Ukrayna hərbiçiləri guya təyyarədə S-300 raketlərinin olduğu barədə məlumatlar yayıb. Hesab edirəm ki, bu bəraət xarakterli açıqlamadır. Ukrayna hərbiçiləri sadəcə Rusiyanın hərbi nəqliyyat təyyarəsini məhv etmək istəyiblər. 
 
Ola bilərmi ki, Ukrayna cəmiyyətində, eləcə də ordu daxilində narazılıq və gərginlik yaratmaq üçün qəsdən bu hadisə törədilsin?
 
- Bir versiya olaraq mümkündür, amma araşdırma tələb edir. Bu versiyaya əks arqumentlər çoxdur. Bu addımı atanlar Rusiyaya bağlı adamlardısa, Rusiya qiymətli bir hərbi nəqliyyat vasitəsinin bu məqsədlə məhv edilməsinə imkan verməz. Ukrayna daxili gərginlik yaratmaq istəyən qüvvələr yaxşı bilir ki, müharibə gedən ölkədə belə hadisələr cəmiyyətdə də, ordu da böyük gərginlik, qarşıdurma yarada bilməz. Eyni zamanda havada obyektin vurulması prosesi bir və ya iki nəfərin iradəsinin məhsulu deyil. Son atəş əmri verilənə qədər bütöv bir komanda bu prosesdə iştirak edir və çox zaman da səslər yazılır. Ona görə də burada “beşinci kalon” izi axtarmaq əbəsdir.






Fikirlər