“PUTİN GERİ ÇƏKİLSƏ, ONU ÖLDÜRƏCƏKLƏR” - İlon Maskdan sensasiyalı açıqlamalar

“Müharibənin davam etdirilməsi Ukraynaya kömək etmir"

Artıq xeyli müddətdir Kremlin “əlinə oynamaqda” şübhəli bilinən tanınmış milyarder İlon Mask ABŞ senatorlarını Ukraynaya hərbi yardımı dəstəkləməməyə çağırıb. Sanki Kremlin tezisləri əsasında “işləyən” milyarder iddia edib ki, Ukraynada Vladimir Putinə qalib gəlmək mümkün deyil...

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Mask ABŞ-nin respublikaçı senatorlarına deyib ki, Vladimir Putinin Ukraynadakı müharibəni uduzmasına “heç bir şans yoxdur”.

O, bu sözləri özünün satın aldığı “Tvitter”(X) platformasında Ukraynaya yardım qanun layihəsinin əleyhdarlarının keçirdiyi müzakirələr zamanı deyib: "Bu xərclər Ukraynaya kömək etmir. Müharibənin davam etdirilməsi Ukraynaya kömək etmir".

Bundan başqa, qalmaqallı milyarder Putinə haqq qazandırmaq qərarına gəlib və deyib ki, Rusiya Prezidentinə müharibəni sona qədər aparması üçün təzyiqlər edilir. O, iddia edib ki, müharibəni dayandırsa, Putini öldürə bilərlər: "Əgər o, geri çəkilsə, onu öldürəcəklər".

Lakin Mask Putini kimin öldürəcəyini konkret söyləməyib.

Mask həmçinin “Putinin adamı” olması ilə bağlı ittihamları rədd edərək, bunu “absurd” adlandırıb. O, öz şirkətlərinin "Rusiyanı sarsıtmaq üçün hər kəsdən daha çox iş gördüyünü" söyləyib. “SpaceX”-in Rusiyanın işğalının ilk dövründə Ukraynaya “Starlink” İnternet xidməti təqdim etdiyini xatırladıb. O, həmçinin “SpaceX”-in Rusiyanın kosmik biznesini əlindən aldığını bildirib.

Mask müharibənin hər iki tərəfindəki insan itkisini dayandırmaqda maraqlı olduğunu deyib və əlavə edib ki, o, Putini devirmək cəhdinin doğru qərar olmasına şübhə ilə yanaşır: "Rusiyada rejimin dəyişdirilməsini istəyənlər düşünməlidirlər ki, Putini aradan götürə biləcək şəxs kimdir və bu adam sülhpərvər olacaqmı?”

Mask öz bu suala “yox", - deyə cavab verib və iddia edib ki, hazırkı Kreml sahibi devrilsə, onun yerinə "Putindən də sərt birisi" gələcək.

Qeyd edək ki, Mask Ukraynadakı müharibəyə baxışlarına görə Donald Trampın və ABŞ-dəki respublikaçı konqresmenlərin əksəriyyətinin mövqeyinə yaxın mövqedən çıxış edir. Bunun daha çox Rusiyanın maraqlarına uyğun olduğunu nəzərə alan Kreml təbliğatçıları da tez-tez onun fikirlərini tirajlayırlar.

 






Fikirlər