2024-CÜ İLİN YAYI NECƏ YADDA QALACAQ?! - İdeal variant odur ki...
Müharibənin dörd geosiyasi nəticəsindən üçü hələ də reallaşmayıb 44 günlük müharibədən sonra beş illik keçid müddəti yarandı ki, bundan sonra regionda keyfiyyətcə yeni bir dövr başlamalı idi. Əsas məsələ Qarabağdakı Rusiya sülhmərmalılarının taleyinin müəyyənləşməsi idi. Bütün proseslər bir növ bu amilə bağlı idi. Ancaq keçid müddətinin yalnız üç il yarımı arxada qaldıqdan sonra sülhmərmalılar Qarabağı tərk etdilər! Azərbaycan respublikanın bütün ərazisində suverenliyini bərpa etdi. Hazırda Ermənistan-Azərbaycan gündəmində müzakirə olunan mövzular, ümumiyyətlə, kənar oyunçularla müzakirəsi nəzərdə tutulmayan mövzulardır. Bununla yanaşı, 44 günlük müharibənin dörd geosiyasi nəticəsindən üçü hələ də reallaşmayıb. Azərbaycanla Ermənistan arasında sülh, Ermənistan-Türkiyə normallaşması və regional kommunikasiyaların açılması hələ baş tutmayıb. Lakin bu məsələlər hərtərəfli işlənib və onların həyata keçməsi üçün nə etmək lazım olduğunu tərəflər bilirlər. Hər üç mövzu bir-biri ilə əlaqəli və bir-birindən asılıdır. Xarici aktorlar nə qədər ardıcıllığı dəyişməyə çalışsalar da, bu gün üçün bütövlükdə prosesin başlanğıcını Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi təşkil edir. Ermənistan hər üç mövzuda təmsil olunur və bütün bu mövzular üzrə də İrəvandan çox şey asılıdır. Prinsipcə, bu gün bütün proseslər Azərbaycan-Ermənistan-Türkiyə üçbucağında cərəyan edir. Xarici aktorlar hər üç istiqamətdə də irəliləyişin olmamasından istifadə edərək vəziyyəti dəyişməyə, regionda möhkəmlənməyə və müharibənin nəticələrinin icrasını gecikdirməyə, yaxud da özlərinə sərfəli şəkildə tənzimləməyə çalışırlar. Təəssüf ki, Ermənistan bu işdə onların hamısına mükün qədər kömək edir: İlk iki ildə Rusiya və İran, indi isə Fransa, ABŞ, Aİ bu istiqamətdə addımlar atırlar. Üçtərəfli oyun: Azərbaycan - Türkiyə - Ermənistan 2024-cü ilin yayı məhz bu formatla yadda qalacaq. Əvvəlki illərdə Rusiya, Aİ, ABŞ öz güclərini sınadılar, amma nəticə əldə edə bilmədilər. Bu təşəbbüslərdə Ermənistan primitiv opportunist kimi çıxış etdi və əvəzini ödədi. Türkiyə bütün digər aktorlardan fərqli olaraq, ötən əsrin 90-cı illərinin əvvəllərində münaqişə zamanı birbaşa hərəkətə keçdi. Ermənistanla sərhədləri bağladı, diplomatik əlaqələri kəsdi və İrəvanla normallaşma üçün şərt qoydu. Bu mövqe Türkiyəni onilliklər ərzində Azərbaycan və Ermənistan arasında vasitəçi olmaq imkanından məhrum etdi. Lakin Bakının ədalətli mövqeyini ardıcıl olaraq dəstəkləmək sonda Türkiyəni daha güclü etdi. Beləliklə, bütün bunlar proseslərə necə təsir edə bilər?! Ermənistan-Türkiyə normallaşmasının əsas şərti Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlıdır! Bu gün Azərbaycanla Ermənistan arasında danışıqların bir neçə istiqaməti var və hansı istiqamətdə irəliləyiş əldə edilirsə, o zaman Ermənistan-Türkiyə normallaşmasında da bu, sinxron şəkildə baş verəcək. Sülh müqaviləsi/diplomatik münasibətlərin qurulması. Bakı-İrəvan formatında buna nail olduqdan sonra Ankara-İrəvan formatında da analoji uğur əldə ediləcək. Azərbaycanla Ermənistan arasında kommunikasiyalar açılarsa, Ermənistanla Türkiyə arasında da bu qaydada kommunikasiya bərpa olunacaq. Sinxronluq və ardıcıllıq ən vacib elementlərdir. Çünki Ermənistanın Türkiyə ilə açıq kommnikasiyanı əldə etdikdən sonra Azərbaycanla əlaqələri açmağa yanaşmasını dəyişməyəcəyinə inam yoxdur. Bugünlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın 2020-ci il müharibəsinin nəticələrini necə şərh etməsi bunu bir daha sübut edir. İdeal variantda Azərbaycanla Ermənistan arasında kommunikasiyalar yalnız Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra açıla bilər, çünki indiki şəraitdə yalnız açılışla bağlı qərar kifayət deyil. Proseslər Türkiyənin daha da aktivləşməsinə gətirib çıxarıbsa, bundan istifadə etmək lazımdır. Əks halda, Ermənistan tərəfinin məsuliyyətsiz bəyanatları və üçüncü dövlətlərin destruktiv müdaxilələri növbəti dəfə danışıqlarda böhrana səbəb ola bilər. Elə etməliyik ki, 2024-cü ilin yayı Azərbaycan və Türkiyənin regionda mövqelərinin möhkəmlənməsi ilə yadda qalsın! (Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi)