Abid Şərifovun səhhəti pisləşdi - Ölkəyə qayıda bilmir
Komissiyanın iclasına Azərbaycan tərəfdən Baş nazirin müavini Abid Şərifov və Çin tərəfdən kommersiya nazirinin müavini Con Şan sədrlik ediblər.
İclasda iki ölkə arasında ticari-iqtisadi sahədə əməkdaşlığa dair məsələlər, o cümlədən nəqliyyat, energetika, kənd təsərrüfatı və digər istiqamətlər üzrə əlaqələrin inkişafına dair mövzular müzakirə olunub.
Məlumata görə, həmin görüşdən sonra Abid Şərifovun səhhətində kəskin problemlər yaranıb. Buna görə də digər nümayəndə heyəti Bakıya qayıtsa da o, nəzərdə tutulan zamanda Azərbaycana dönə bilməyib. Bildirilir ki, Abid Şərifov şəkər və qan təzyiqi xəstəliklərindən əziyyət çəkir. Görüşdən sonra onun vəziyyəti də məhz bu xəstəliklər səbəbindən pisləşib və o, Pekində dərhal xəstəxanaya yatırılıb.
Məlumatı dəqiqləşdirmək üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli ilə əlaqə saxladıq. Akif Əli bildirdi ki, Abid Şərifovun səhhəti ilə bağlı yayılan məlumatdan xəbərsizdir: “Bu barədə məndə məlumat yoxdur”.
Akif Əli məlumatı dəqiqləşdirməyimiz üçün bizə Abid Şərifovun köməkçisinin nömrəsini verdi. Köməkçi isə sualımıza cavab olaraq bildirib ki, bu barədə məlumat almaq üçün mətbuat xidməti ilə əlaqə saxlamaq lazımdır.
A.Şərifovun şəxsi telefonuna isə zəng çatmayıb.
Musavat.com