ABŞ Qafqazda müstəmləkə sahibi oldu: Qərb Ermənistanın suverenliyini ləğv edir
Cənubi Qafqazda Ermənistan ABŞ və Qərbin "geopolitik alət"inə çevrilib. ABŞ və Qərb Ermənistandan özünün geopolitik maraqları çərçivəsində istədiyi kimi istifadə edir. Üstəlik, rəsmi İrəvan da bundan məmnun görünür. Qərbdən gələn bütün təlimatları və sifarişləri dərhal yerinə yetirməyə çalışır. Və bu baxımdan, rəsmi İrəvan Ermənistanı demək olar ki, Qərb siyasi dairələrinin ixtiyarına buraxıb. Təbii ki, bu, o deməkdir ki, Ermənistan hazırda tamamilə ABŞ və Qərbin tabeçiliyinə keçib. İndi bu süni şəkildə yaradılmış qondarma dövlət ABŞ və Qərb tərəfindən idarə olunur. Hətta Ermənistanın hərbi sektoru da ABŞ-ın tam nəzarətinə verilib. Hər halda, ABŞ generalının Ermənistan Müdafiə Nazirliyinə kurator təyin olunması Ağ Evin Cənubi Qafqazda yerləşmək planlarının icrasına yönəlmiş önəmli addımlardan biri sayılır. Və bundan sonra Ermənistan ordusunun fəaliyyətinin məhz ABŞ-dan verilən xüsusi qərarlar ilə tənzimlənəcəyi qətiyyən istisna deyil.
Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın Ermənistana hərbi-siyasi cəhətdən nəzarət etməsi Ağ Evə Rusiya ilə Cənubi Qafqaz uğrunda mübarizə üçün lazımdır. Ağ Ev rəsmi İrəvanı israrla Ermənistanın KTMT-dan çıxmasına və Rusiya ilə hərbi müttəfiqlik sazişinin pozulmasına yönəlik qərar verməyə sövq edir. ABŞ və Avropa Birliyinin siyasi təlqinlərində bu addımın atılacağı təqdirdə, Ermənistana hərbi təhlükəsizlik təminatının verilməsinin mümkün ola biləcəyi vurğulanır. Və bu, rəsmi İrəvanı ciddi şəkildə şirnikləndirsə də, Paşinyan hakimiyyəti bu addımın indiki situasiyada ciddi risklər vəd etdiyini də anlayır. Ancaq Paşinyan hakimiyyətinin ABŞ və Avropa Birliyindən gələn tələbi icra etməmək şansı yoxdur. Ona görə də, rəsmi İrəvan mümkün qədər daha təhlükəsiz variant axtarışına da məcbur qalıb. Çünki rəsmi İrəvan təktərəfli qaydada KTMT-dan çıxmaq barədə siyasi qərar verərsə, bu, Ermənistana çox baha başa gələ bilər. Hər halda, Kreml bunu rəsmi İrəvana heç vaxt bağışlamaz. Və Ermənistanın cəzalandırılması üçün Rusiyanın əlində olan hərbi-siyasi, hətta maliyyə-iqtisadi mexanizmlərdən istifadə edəcəyi qətiyyən şübhə doğurmur. Digər tərəfdən, Rusiya Ermənistanı hədəfə alacağı təqdirdə, ABŞ və Qərbin onu müdafiə edə biləcəyi də hazırda o qədər də inandırıcı görünmür. Çünki ABŞ və Avropa Birliyinin Ermənistana verdiyi təhlükəsizlik təminatı real tətbiq mexanizmlərinə bağlı deyil. Hər halda, ABŞ və Qərb Ermənistanda Ukrayna ssenarisini reallaşdıra bilməz. Üstəlik, ABŞ Cənubi Qafqazdan çox-çox uzaqdır regionda istinad nöqtələrinə sahib deyil. Avropa Birliyi isə ümumiyyətlə, Ermənistanı xilas edəcək hərbi resurslardan məhrumdur. Və bu, rəsmi İrəvanı ciddi tərəddüdlərlə qarşı-qarşıya buraxır.
Məsələ ondadır ki, Ermənistanın heç vaxt NATO-ya üzv ola bilməyəcəyini hətta erməni toplumu belə, anlayır. NATO üzvünə çevrilmə şansı olmadan KTMT-nın tərk olunması Ermənistanın xəritədən silinməsinə qədər inkişaf edəcək təhlükənin başlanğıcı deməkdir. Yəni, KTMT-nı tərk etdikdən sonra Ermənistanı yalnız dərhal NATO-ya üzvlük qoruya bilər. Halbuki, rəsmi İrəvan da bilir ki, nə NATO-da, nə də Avropa Birliyində heç kim Ermənistanı ümumiyyətlə, gözləmir. Və bu, Ermənistanın fəlakətə sürükləmək cəhdindən başqa bir şey deyil. Bütün bunlara baxmayaraq, rəsmi İrəvan ABŞ və Qərbin Ermənistan üçün böyük təhlükə vəd edən təlimatını mütləq icra etməyə məcburdur. Ona görə də, rəsmi İrəvan Rusiyanı və digər hərbi tərəfdaşlarını Ermənistanı KTMT-dan qovmaq məcburiyyətində buraxmağa çalışır. Rəsmi İrəvan sürəkli siyasi təxribatlar törətməklə, Kremli buna məcbur edə bilərsə, onda, Ermənistanın KTMT-dan çıxarılmasına görə məhz Rusiyanı ittiham etmək imkanı qazana bilər. Halbuki, indiyə qədər Paşinyan hakimiyyətinin bütün təxribatlarına səbrli yanaşan Kremlin ən önəmli məqamda səhv buraxaraq, rəsmi İrəvana belə şans tanıyacağı da qətiyyən inandırıcı görünmür. Böyük ehtimalla Kreml son ana qədər rəsmi İrəvanı gərginlikdə saxlamağa daha taleyüklü səhvlər etməyə yönəltməyə çalışacaq. Bu isə son nəticədə Rusiyanın Ermənistana qarşı müəyyən radikal addımlar atmasına imkanlar aça bilər. Və bu baxımdan, hazırda bu istiqamətdə tərəflər arasında siyasi-psixoloji savaş getdiyini də düşünmək olar.
Göründüyü kimi, ABŞ və Qərbi Ermənistanın gələcək taleyi ümumiyyətlə, düşündürmür. Əksinə, Ermənistan Qərb siyasi dairələri üçün Cənubi Qafqazda Rusiya ilə qarşıdurmada istifadə edilən müvəqqəti "geopolitik material"dır. Qərbin hədəflərində istifadə edildikdən sonra Ermənistan heç kimə lazım olmayacaq. Bu baxımdan, rəsmi İrəvanın Rusiyadan qopmaq şansı olmadığı halda, Qərbin maraqlarına xidmət etməyə çalışması Ermənistan təhlükəsizliyini təhdid edən əsas faktordur. Bütün bunlar onu göstərir ki, Ermənistan adlı dövlət əslində, formal mövcuddur. Əsl reallıqda isə bu dövlət tədricən müstəqilliyini və suverenliyini itirmək istiqamətində hərəkət edir. Son situasiya belə təsəvvür yaradır ki, rəsmi İrəvan Ermənistanı ABŞ və Avropa Birliyinin tabeliyinə verib. Ermənistanı ABŞ və Avropa Birliyi idarə edir. Hətta Ermənistanın artıq ABŞ və Avropa Birliyinin müstəmləkəsinə çevrilməyə başladığı inkaredilməz reallıqdır. Bu baxımdan, birmənalı şəkildə hesab etmək olar ki, rəsmi İrəvan hazırda Ermənistan dövlətçiliyini bitirməklə məşhur olmaqdadır. Və hətta Ermənistanın indi geriyə dönüşü olmayan yola girdiyini düşünmək üçün olduqca ciddi əsaslar mövcuddur. /musavat.comRəsmi İrəvan da tam dəqiqliyi ilə anlayır ki, nə NATO-da, nə də Avropa Birliyində heç kim Ermənistanı ümumiyyətlə, gözləmir... Ona görə də, Ermənistanın hazırda məhz geriyə dönüşü olmayan yola girdiyini düşünmək üçün olduqca ciddi əsaslar mövcuddur...