“Müxtəlif partiya nümayəndələrinin bir yerə toplanıb bu problemin həlli yollarını müzakirə etməsi nəzəri cəhətdən mümkündür. Amma, təəssüf ki, ölkəmizdə siyasi partiyalar hazırda o vəziyyətdədir ki, praktiki baxımdan onların bir yerə toplanması, nələrisə müzakirə etməsi baş tutmur. Sanki hər bir partiya ətrafdan təcrid olunmuş şəkildə avtonom olaraq fəaliyyət göstərir...”
“Və hesab edirəm ki, cəmiyyətdə xalqın taleyi üçün hansısa təhlükə doğuran ciddi məsələlərin müzakirəsinə təşəbbüs parlamentdə təmsil olunan partiyalar tərəfindən olmalıdır. Çünki həmin partiya nümayəndələrinin artıq parlament üzvü kimi bir statusu var, ictimai rəyə təsir etmə imkanları var...”
“Vaxtilə biz Qarabağ Azadlıq Təşkilatı(QAT) kimi fəaliyyət göstərəndə Qarabağla və bəzən də digər ciddi məsələlərlə bağlı cəmiyyətin müxtəlif qütblərini bir araya toplamağa çox çalışırdıq. Və müəyyən nəticələr də olurdu; birgə konfranslar, dəyirmi masalar, hətta mitinqlər təşkil olunurdu. Bu gün də cəmiyyətin bu və ya digər vacib məsələləri ilə bağlı bir yerdə müzakirələrə, çıxışlara böyük ehtiyac var...”
Son vaxtlar Azərbaycanda intiharların sayı hədsiz dərəcədə artıb. Özü də əhalinin bütün təbəqələri arasında: uşaqlar, yeniyetmələr, məktəblilər, tələbələr, yaşlılar, fəhlələr, müəllimlər, həkimlər, hərbçilər, qazilər, polislər, hakimlər, məmurlar və s. 44 günlük Vətən savaşından bəri 100-ə yaxın qazi intihar edib. Bu günlərdə ardıcıl bir neçə müəllim intihar etdi... Sanki intihar getdikcə “dəbə” düşür və adiləşir. Təəssüf ki, cəmiyyət, müvafiq qurumlar xalqımızın genefondu üçün bu ağrılı, təhlükəli problemə ciddi reaksiya vermir. Hazırda, şükür Allaha, ərazi bütövlüyümüz təmin olunub, parlament seçkiləri keçirilib... Və bu gün ölkə vətəndaşlarını narahat edən əsasən sosial problemlərdir. İntiharların özü də artıq sosial problemə çevrilib və onların xeyli hissəsi məhz işsizlik, yoxsulluq, evsizlik, müalicə üçün pul əldə edə bilməmək və s. amillərdən qaynaqlanır. Bəlkə belə bir şəraitdə artıq üzərlərində elə bir ciddi vəzifə, yük olmayan siyasi partiyalar da bu məsələyə qarışaraq toplanıb bir müzakirə aparalar, parlamentə, Səhiyyə Nazirliyinə, TƏBİB-ə, Təhsil Nazirliyinə, digər müvafiq dövlət, hökumət qurumlarına intiharların profilaktikası üçün ciddi tədbirlər görülməsi, ölkədə psixoloji xidmətin gücləndirilməsindən ötrü və müraciət edələr?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı bunları söyləyib:
“Bəli, intiharların kəskin şəkildə artması cəmiyyəti ciddi şəkildə narahat edən məsələlərdəndir. Və belə halların artması səbəbləri də çoxdur. Burada psixoloji məqamlar da var, həmçinin sosial problemlərlə bağlı amil də xeyli rol oynayır. Yəni insanların gündəlik üzləşdiyi problemlərin intiharların artmasına təsiri böyükdür. Sosial şəbəkələrdə müəyyən ruhi-psixoloji cəhətdən çox zərərli təbliğatlar aparan qrupların da rolu xeylidir. Həmin qruplar həyatdan küskün, problemli insanları daha da bədbinləşdirir, onlara çıxış yolunun yalnız intiharda olduğunu diqtə edir. Və s. və i.a.
Bütün hallarda cəmiyyət intiharların qarşısını, nə qədər mümkündürsə, almaq üçün addımlar atmalıdır. Bilmirəm, bəlkə cəmiyyətdə dövlət səviyyəsində hansısa işlər görülür. Amma bu, real şəkildə görünmür və müşahidə olunmur. Sizin dediyiniz kimi, vətəndaş cəmiyyəti institutları və siyasi partiyalar bu məsələ ilə bağlı düşünməlidirlər. Müxtəlif partiya nümayəndələrinin bir yerə toplanıb bu problemin həlli yollarını müzakirə etməsi nəzəri cəhətdən mümkündür. Ancaq, təəssüf ki, ölkəmizdə siyasi partiyalar hazırda o vəziyyətdədir ki, praktiki baxımdan onların bir yerə toplanması, nələrisə müzakirə etməsi baş tutmur. Sanki hər bir partiya ətrafdan təcrid olunmuş şəkildə avtonom olaraq fəaliyyət göstərir...
Vaxtilə biz Qarabağ Azadlıq Təşkilatı(QAT) kimi fəaliyyət göstərəndə Qarabağla və bəzən də digər ciddi məsələlərlə bağlı cəmiyyətin müxtəlif qütblərini bir araya toplamağa çox çalışırdıq. Və müəyyən nəticələr də olurdu; birgə konfranslar, dəyirmi masalar, hətta mitinqlər təşkil olunurdu. Bu gün də cəmiyyətin bu və ya digər vacib məsələləri ilə bağlı bir yerdə müzakirələrə, çıxışlara böyük ehtiyac var. Birlikdə müzakirə aparıb hansısa bir optimal nəticəyə gəlmək, dövlət qurumları, dövlət başçısı, parlament və s. qarşısında təkliflərlə çıxış etmək vacibdir...
Partiyaların işi yalnız o deyil ki, vaxtaşırı hansısa seçkilərdə iştirak etsinlər. Cəmiyyətdə baş verən hansısa proseslərə partiyalar da vətəndaş institutları olaraq, ölkənin idarə olunmasında iştirak edən qurumlar olaraq partiyalar da məsuliyyət daşıyırlar. Və onlar da öz məsuliyyətlərini dərk edərək müəyyən addımlar atmalıdırlar. Və hesab edirəm ki, cəmiyyətdə xalqın taleyi üçün hansısa təhlükə doğuran ciddi məsələlərin müzakirəsinə təşəbbüs parlamentdə təmsil olunan partiyalar tərəfindən olmalıdır. Çünki həmin partiya nümayəndələrinin artıq parlament üzvü kimi bir statusu var, ictimai rəyə təsir etmə imkanları var. Parlamentdə ciddi tribunaları mövcuddur. Və əgər belə təşəbbüslər parlament partiyalarından gələrsə, digər partiyalar, o cümlədən bizim Azad Vətən Partiyası da bu məsələyə həvəslə qoşular...
Yenə də deyirəm ki, partiyamız QAT-ın bazasında yaradılıb və biz öz fəaliyyətimizə eyni zamanda həmin təşkilatın fəaliyyətinin davamı kimi baxırıq. Və o dövrdə bizim müxtəlif təşəbbüslərimiz həmişə ortada olub. Bəzən kimlərsə bizi başa düşmürdülər. Etiraz edənlər də vardı ki, niyə bizi məhz QAT bir araya yığır. Lakin əksəriyyət o təşəbbüslərin mahiyyətini düzgün başa düşürdü və həvəslə qatılırdı. Bir çox hallarda biz iqtidarlı-müxalifətli əksər siyasi qüvvələri bir araya gətirirdik. Sonuncu dəfə 2018-ci ildə QAT-ın təşəbbüsü ilə Qarabağın azad edilməsi ilə bağlı mitinq keçiriləndə hakim Yeni Azərbaycan Partiyası da o tədbirə müsbət yanaşdı. Həmin partiya rəhbərliyinin nümayəndələri mətbuatda çıxış edərək Qarabağ məsələsində iqtidarlı-müxalifətli bütün qüvvələrin birliyinin vacibliyi təşəbbüsünün doğru olduğunu vurğuladılar. Və nəticədə YAP-ın tanınmış üzvləri də QAT-ın təşkil etdiyi Qarabağ mitinqində içtirak etdilər...
Bu gün də cəmiyyətdə intiharların artması çox vacib, hər kəsi düşündürən bir məsələdir. Bu təhlükə, bu faciə istənilən ailənin qapısını döyə bilər. Odur ki, indi bu haqda hər kəs düşünməli, birgə tədbirlər görməlidir ki, sabah, Allah eləməsin, bu faciə kiminsə öz qapısını döyəndə başını tutmasın. Onu da deyim ki, intiharlar hazırda bütün dünya, planet üzrə artan, təhlükəli bir prosesə çevrilib. Və dediyim kimi, ilk növbədə psixoloji problemləriylə bağlıdır. Ona görə də öncə psixoloq xidmətinə diqqət və tələblər artırılmalıdır. Hazırda dünyanın inkişaf etmiş ölkələrində bu məsələ diqqətdə saxlanılır və istənilən müəssisə və idarədə psixoloqlar aparıcı mövqelərdədirlər və kadrların təyin olunmasında və işlərinin dəyərləndirilməsində onların böyük rolu olur. Eyni zamanda psixoloqlarla bağlı ayrı-ayrı strukturlar da yaradılıb ki, onların da öz ofisləri, lazımi resursları var ki, ayrı-ayrı vətəndaşlara, eləcə də psixoloq xidmətləri olan idarə və müəssisələrə əlavə psixoloji yardım gərək olanda onların da xidmətindən istifadə edilir. Amma hesab edirəm ki, biz də müvafiq qurumlar uzun illər psixoloji xidmətə laqeyd, barmaqarası yanaşdığından bu məsələ hələ də zəif təşkil olunub. Fəqət bu işə çox ciddi yanaşılmalı, dövlət səviyyəsində xüsusi proqram qəbul olunmalıdır və bütün Azərbaycan ərazisində idarələrdə, hərbi hissələrdə, təhsil müəssisələrində - hər yerdə, hər yerdə psixoloqların iştirakı, onların cəmiyyətdəki rolu təmin olunmalıdır. Bu, çox vacib məsələdir...”
Fikirlər