“Abzas”çıların məhkəməsi başladı - Yenilənib
“Abzas Media” işi üzrə həbs edilənlərin məhkəmə prosesi başlayıb. “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclas tanışlıq xarakterlidir. İş üzrə 7 nəfər - “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, jurnalistlər - Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova və iqtisadçı Fərid Mehralızadə ittiham edilir. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənlərin vəkilləri müxtəlif vəsatətlərlə çıxış edirlər. Yeddi təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin yeddi maddəsi-206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1, 320.2 (sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə) ilə ittiham edilir. Abzasçılar təqsirli bilinəcəkləri halda 12 ilə kimi azadlıqdan məhrum edilə bilərlər. *** Vəsatətlərdən biri təqsirləndirilən şəxslərin şüşə qəfəsdən çıxarılaraq vəkillərinin yanında əyləşməsinə icazə verilməsi ilə bağlı olub. Hakimlər bu vəsatəti təmin edib. Sail Ağasəlim